İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir başqa Novruz - Qarabağda tonqallar var

2089 19.03.2021 10:10 Gündəm A A

Ənənəvi şənliklər ləğv edilib, əvəzində isə...

Azərbaycan Novruz bayramını qeyd edir. Xalqımız adətən bu bayrama bir neçə gün əvvəldən hazırlaşar, maraqlı tədbirlər keçirilərdi.

Paytaxt Bakıda da hər il Novruz bayramı ərəfəsində şəhərin bəzəyərdilər, “İçərişəhər”dən, “Qız qalası”ndan başlayan tədbir Dənizkənarı bulvara qədər uzanardı. Tədbirlərdə ölkə rəhbərliyi, rəsmilər də iştirak edərdi.

Bu il isə Azərbaycan  28 ildən sonra ilk Bahar bayramını Qarabağla qeyd edir. Bəs bu bayramda törənlər olacaqmı?

Şuşada 29 il sonra ilk İlaxır çərşənbə tonqalı qalandı. 20 martda - Baharın gəldiyi gün Qarabağdakı hərbi kontingent və çalışanlar bayramı necə keçirəcək?

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.

29 ildən sonra Şuşada bayram tonqalı yandırıldı – VİDEO

Bu il Azərbaycanda Novruz bayramı martın 20, 21, 22, 23, 24-ü günlərinə təsadüf edir.

“Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib”, - rəsmi məlumatda deyilib.

Operativ Qərargahdan həmçinin bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.

Operativ Qərargah bu məqsədlə ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Operativ Qərargah bir daha vətəndaşları adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırıb.

Emin Həsənli

Qarabağdakı hərbi kontingentin bayramı necə keçirməsinə gəldikdə isə hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsgər və zabitlərimiz bayramı bayram tonqalları qalamaqla qeyd edir: “İşğaldan azad olunmuş torpaqlarda, o cümlədən Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda və digər yerlərdə hərbiçilərimiz tonqallar qalayır, bayramı qeyd edirlər. 28 ildən sonra torpaqlarımızda bayram tonqallarının qalanması çox möhtəşəm və gözəldir. Xalqımız illərlə bayramlarda arzulayırdı ki ”gün o gün olsun, bayramı işğaldan azad olunmuş torpaqlarımızda qeyd edək". İndi həmin gün gəlib çatıb, xalqımızın duaları, arzuları çin oldu. Allahın bu gününə çox şükür. Hər birimiz bu Novruzu çox fərqli, Qarabağla birgə qeyd edirik. Növbəti illərdə isə xalqımız həmin ərazilərdə hərbiçilərimizlə bərabər bu bayramları qeyd edəcək. Bildiyiniz kimi, hazırda ərazilərdə minalardan təmizləmə və paralel olaraq quruculuq işləri aparılır, yollar çəkilir, infrastruktur qurulur. Növbəti ildə məcburi köçkünlərimiz də mərhələli şəkildə öz torpaqlarına geri qayıdacaq və bayramları daha möhtəşəm, təntənəli şəkildə qeyd edəcək.

Bizə bu zəfəri yaşadan Ali Baş Komandanı, əsgər və zabitlərimizi, qazilərimizi bayram münasibətilə təbrik edir, şəhid analarımızın əlindən öpürəm!"

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR