İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yolavermə diplomatlığı...

1954 19.04.2024 11:00 Analitika A A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünən keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan münaqişəsi, özəlliklə də hər iki ölkədən olan qaçqınların geri qaytarılması məsələsi barədə dedikləri xüsusilə önəm veriləsi məsələ deyil.

Belə açıqlamalar M.Zaxarovanın, ümumiyyətlə, brifinq keçirən sözçülərin öncədən hazırlamış olduğu bəhs edəcəyi mövzuların içində olmur. Bunu maraqlı jurnalistlər sual-cavab bölməsində dilə gətirir, sözçüdən söz almağa çalışır, nəsə bir cavab alır, sonra ona cəlbedici başlıqlar qoyaraq informasiya düzəldirlər.

Erməni jurnalistlərin belə bir sağalmaz şakərləri var. Brifinqin mövzusu nə olur-olsun, onlar özlərinin “Vaqarşapat” təranəsinə oynayır, söhbəti mütləq Ermənistan dövlətinin və ya vaxtilə Azərbaycanda yaşamış erməni icmasının problemlərinin üzərinə gətirirlər.

Təkcə Mariya Zaxarova azı beş dəfə onların mövzuya dəxli olmayan suallarına sərt cavablar verib. Bəzən isə o, sadəcə, erməni jurnalistləri yola verir, diplomatik və ümumi cümləpərdazlıqla işini bitirir. Bu cür ifadələr, bir qayda olaraq, “beynəlxalq qanunlara görə filan cür olmalıdır, ümidvarıq ki, tərəflər mövqelərini yaxınlaşdırmaq üçün səylər göstərəcəklər” kimi çeynənmiş cümlələrdən ibarət olur.

Bəllidir ki, erməni reportyorlar bu dəfə də Mariya Zaxarovaya ötən ilin sentyabrında Qarabağı tərk etmiş ermənilərlə bağlı sual veriblər, o da Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb. Zatən, heç bir dövlət “yox, biz ermənilərin geri qayıtması ideyasını dəstəkləmirik” deməz, deyə bilməz.

Daha sonra o, yəqin ki, başqa bir suala cava olaraq, 1988-ci ildə, 1990-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması məsələsinə də toxunub və “bunun üçün böyük həcmdə işlər görülməlidir” deyib.

Vəssalam. Burada ciddiyə alınacaq bir mətləb yoxdur. Daha dəqiqi, Zaxarovanın dilə gətirdiyi sözlər Rusiyanın xarici siyasətinin prioritet məsələsi deyil. Yəni hazırda Rusiya rəhbərliyi öz başlıca dərd-sərini kənara qoyub, hansısa məkrli niyyətlə və əsassız can qorxusundan Qarabağı tərk etmiş erməni əhalinin geri qayıtması üzərində düşünmür. Bu məsələ Kreml üçün bəlkə heç onuncu yerdə də deyil.

O məsələ bitib. Özlərini nəinki Qafqazın, Yaxın Şərqin, postsovet məkanının, eləcə də dünyanın ən ağıllı 2-3 millətindən biri sayan ermənilər ötən ilin sentyabrında axmaq səhv buraxdılar və Azərbaycanın qarşısında duran ən böyük müşkülü özləri həll etdilər. Onlar öz separatizm, məkr, hiylə, üsyan yuvasını öz əlləri ilə dağıtdılar, bizə iş buraxmadılar.

Bəlkə də ermənilər “könüllü sentyabr köçü”nün yanlış olduğunu artıq anlayıblar, hələ başa düşmürlərsə, yaxın aylarda tamamilə kəsdirəcəklər ki, döyən, söyən, qovan, öldürən yox idisə, nahaq yerə təlaşa qapılıb Azərbaycandan çıxdılar.

Böyük ehtimalla burada əsas rolu can qorxusu oynayıb. Ermənilər son 35 ildə Azərbaycanın başına gətirdikləri faciələrin miqyasını, şiddətini bildiklərindən ağılları özlərinə gedib, elə biliblər ki, Azərbaycan ordusu Xankəndiyə girəndən sonra dəhşətli qisas aksiyaları başlanacaq və kütləvi qırğınlar, həbslər, işgəncələr olacaq. 100 faiz belə olmayacaqdı, rəsmi Bakı yerli ermənilərə təhlükəsizlik təminatı vermişdi.

Bir də ola bilər ki, Ermənistandakı “ağıllı başbilənlər” düşünüblər ki, kütləvi köçü “zorakı deportasiya” kimi qələmə verə, Azərbaycanı görünməmiş beynəlxalq təzyiq qarşısında qoya biləcəklər. Ancaq araya dəhhətli hadisələr girdi, “könüllü erməni köçü” kölgədə qaldı. Əsas da ona görə ki, köç zamanı heç bir insanlıq faciəsi yaşanmamışdı, bir adama bir şillə vurulmamışdı, ağır söz deyilməmişdi, əksinə, yol üstündə olanlara yemək-içmək paylanmışdı.

Bu cür epizodların xeylisi lentə alınıb, sənədə çevrilib, ona görə də ermənilər Azərbaycan hərbçilərinin onlarla pis rəftar etməkdə şərləyə bilməzlər.

Təkcə Rusiyada deyil, başqa ölkələrdə də XİN məsulları brifinq və ya başqa bir toplantı keçirəndə ermənilər mütləq siyasi xadimlərin qarşısında Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması, onlara status verilməsi məsələsini qaldırırlar. Onlar da ümumi sözlərlə yola verirlər.

36 il öncə Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlıların geri qayıtması məsələsi isə nəinki ermənilər, eləcə də ermənilərlə bağlı demaqoqluq edənlər üçün bir ovuc mum deməkdir, ağızlarının üstündən yaxşı yapışır, donquldana-donquldana qalırlar.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR