İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir həftə sonrakı Türkiyəmiz – Fəlakət komandası iqtidar olsa, Azərbaycanı nə gözləyir?

15133 07.05.2023 15:27 Yazarlar A A

Qardaş məmləkətdə kritik seçkilərə bir həftə qaldı. Əsas rəqabətin kimlərin arasında getdiyi çoxdan bəlli. Amma belə görünür, bu, sadəcə, şəxslərin yox, ideyaların, hətta Türkiyənin gələcəyini diametral fərqli təsəvvür edənlərin mübarizəsidir.

Bu xüsusda bizi ən çox düşündürən təbii ki, 14 maydan sonra Türkiyənin xarici siyasət kursuna ciddi dəyişiklik edilib edilməyəcəyidir. Hər necə olmasa, Ərdoğanun 1 nömrəli rəqibinin – CHP başqanı Kamal Kılıçdaroğlunun Qərbə, onun aparıcı dövləti ABŞ-a bağlılıq dərəcəsi məlum. Qərbin, o sırada ABŞ-ın (Co Baydenin), Avropa Birliyinin, Fransanın qardaş dövlətə, Azərbaycana, Türkə, Ermənistana, saxta “soyqırımı” məsələsinə münasibəti də həmçinin çoxdan bəlli...

Yeri gəlmişkən, dünən cənab Kılıçdaroğlu seçki öncəsi “böyük layihəsi”ni təqdim edib. Ancaq onun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda məlumatı və təqdim etdiyi xəritə şok edicidir (Axar.az). Niyə? Çünki Kamal Kılıçdaroğlunun hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir! 5500 km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək Çinə birləşir.

WhatsApp Image 2023-05-07 at 18.54.50.jpeg (48 KB)

Başqa sözlə, Kılıçdaroğlu “İpək Yolu” layihəsindən Azərbaycanı kənarlaşdırıb və bunu açıqca elan da edir. O halda Zəngəzur dəhlizindən ümumiyyətlə, söz etməyə dəymir. Ona görə ki, Zəngəzur dəhlizi bu layihənin bir hissəsi kimi nəzərdən keçirilir.

Kamal Kılıçdaroğlunun müşaviri və CHP-nin əsas simalarından biri, Türkiyənin Bakıdakı keçmiş səfiri Əhməd Ünal Çeviköz isə deyir ki, müxalifət seçkilərdə qalib gələrsə, İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırılacaq və alyansın Vilnüs (yay) sammitinədək üzvlüyə razılıq veriləcək. Halbuki AKP hökuməti İsveçlə yazılı şərt kəsib: üzvlükdən qabaq PKK terrorçuları Türkiyəyə təhvil verilməlidir.

Bəs Ərdoğan komandası nə deyir, nələr vəd edir? Yalnız bircə “isti” nümunə.

“Hazırkı Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi”.

Sitat Türkiyə XİN başçısı Mövlud Çavuşoğluna məxsusdur. Türkiyə baş diplomatına görə, həmin vaxt rəsmi Ankara Azərbaycanı erməni işğalından qorumayıb. Eyni zamanda, o, türk dünyasının gücləndirilməsi gərəkdiyini vurğulayıb: “Biz güclərimizi birləşdirməliyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi türk dünyasının özünə inamını bərpa etdi. İndi hamı (Türk Dövlətləri Təşkilatı üzvləri) inanır ki, lazım gəlsə, Türkiyə onların da yanında olacaq”.

Narahatlıq da elə budur ki, Kılıçdaroğlu komandasının iqtidara gəlişi ilə köhnə dövrün idarəçilik zehniyyəti qayıda, “bir millət – iki dövlət” strategiyasına xələl gətirilə bilər...

Yada salaq ki, sabiq prezident Əbülfəz Elçibəy dönəmində iki qardaş ölkə münasibətlərinin tarixinə “ləkə” kimi düşmüş belə bir utancverici olay yaşanıb: o vaxt Elçibəy Qarabağda mühasirədə olan azərbaycanlı mülki əhalinin qansız-qadasız evakuasiyası üçün Türkiyə hökumətindən helikopter istəsə də, buna inkar cavabı alıb. Bu harasıdır, münaqişə dövründə Türkiyənin kosmopolit iqtidarı işğalçı Ermənistana ərzaq (buğda) yardımı da edib.

İndi daha şübhə qalmır ki, Bay Kamal qalib gələrsə, yeni komanda nəinki İsveçin qeyd-şərtsiz NATO üzvlüyünə razılıq verəcək, habelə “Nemezis” abidəsinə görə az öncə Ərdoğan hökumətinin Ermənistan üçün bağladığı hava məkanını, ümumiyyətlə, Azərbaycanla sülh müqaviləsi oldu-olmadı, Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq.

Yaxud kim zəmanət verə bilər ki, Ərdoğanın İsveçlə Türkiyə adına imzaladığı NATO anlaşmasını saya salmayan müxalifət, iqtidar olarsa onun imzası duran Şuşa Bəyannaməsini ciddiyə alacaq? Bəlkə hələ saxta soyqırımına görə haylardan üzr də istədilər.

Niyə də olmasın? Bu həmin Ünal Çeviközdür ki, 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyə görə təəssüf hissi ifadə eləmişdi. Yəni işğalçı üzərində qələbəmizə üzülmüşdü. Belə bir şəxs danışman (müşavir) qismində başqanı Kılıçdaroğluna illərdir qiymətli “məsləhətlər” verir və Allah qoymasa, verəcək.

Əlbəttə, bizdən olsaydı, nə var idi ki. Amma son qərar Türkiyə xalqınındır. Xalq isə adətən səhv eləmir...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR