İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir savaşın axarı – Putin və Zelenskidən hansı qalib gəlsə, “Pirr qələbəsi” olacaq

2355 29.12.2023 13:40 Analitika A A

Politologiyada astarı üzündən baha başa gələn hərbi qələbələrə “Pirr qələbəsi” deyirlər və bu, bir tarixi döyüşün yekunları ilə bağlı işlənən istilahdır.

Hazırda Rusiya və Ukrayna arasında gedən və 1 il 10 aydır ki, davam edən qanlı müharibədə yaranmış vəziyyət həmin həmin ifadəni yada salır.

Məsələ ondadır ki, bu savaşda Ukrayna da qalib gəlsə, onun zəfəri “Pirr qələbəsi” olacaq, Rusiya Ukraynanı işğal edə bilsə də.

Ona görə ki, hər iki ölkənin məruz qaldığı dağıntılar, verdiyi itkilər həddindən artıq çoxdur.

Söhbət heç də hərbi texnika itkisindən getmir. Hərçənd bu da az deyil. 1 ildə Qara dənizdə Rusiyanın iki böyük hərbi gəmisi batırılıb, yüzlərlə qırıcı təyyarəsi vurulub, minlərlə tankı, topu, dronu sıradan çıxarılıb. Aşağı-yuxarı Ukrayna da eyni miqyas və miqdarda itki verib.

Bundan daha dəhşətlisi isə iki qardaş xalqın bir-birinin gənc insan resursuna sarsılmaz zərbələr vurmasıdır. Onsuz da 1-dən artıq oğul övladı olmayan on minlərlə ailə gözüyaşlı qalıb. İki o qədər gənc şikəst olub, əmək qabiliyyətini itirib.

Döyüşən tərəflər vaxtaşırı bir-birinin insan itkisini açıqlayırlar və düşmənin 200 mindən artıq tələf edilən hərbi qüvvəsindən danışırlar. Qorxunc rəqəmlərdir. Bu, adi statistika kimi görünə bilər, ancaq əhalisi artmayan ölkələr üçün böyük faciədir.

Daha pisi odur ki, RF prezidenti Vladimir Putin bu müharibənin hələ 5 il də davam edə biləcəyinin anonsunu verib. Bu, ilk növbədə Qərbə mesajdır. Putin bildirmək istəyir ki, onlar Ukraynaya nə qədər yardım etsələr də, Rusiya onun müqavimətini qırana qədər döyüşəcək.

Eyni zamanda bu, o deməkdir ki, qoy kollektiv Qərb yaxın 5 ildə Rusiyanın müharibə aparmaq üçün resursu qalmayacağına və müharibənin bu minvalla bitəcəyinə ümid etməsin.

Bu anonsun səslənməsinin əsas səbəbi odur ki, son zamanlar Avropada və ABŞ-da Ukraynaya dəstəyi dayandırmağın zəruriliyindən danışanlar çoxalıb. Putin bu bəyanatı ilə onların əlini gücləndirmək, dillərini uzatmaq istəyir ki, daha çox və daha əminliklə danışsınlar, desinlər ki, baxın, Rusiya hələ 5 il də savaşmaq əzmindədir, biz Ukraynaya nahaq kömək edirik.

Bununla belə, RF prezidentinin “daha 5 il döyüşmək” ehtimalından danışması o demək deyil ki, Rusiyanın resursları 2028-ci ilə qədər bəs edər. Bu, daha çox əsas niyyətin dəyişməməsindən, hiddətin böyüklüyündən xəbər verir.

Budur, Marqarita Simonyanın rəhbərlik etdiyi “Rossia Today” və “Sputnik”dən maaş alan və özünü ABŞ-ın dəniz piyadaları qoşunlarının keçmiş kəşfiyyatçısı kimi təqdim edən Skott Ritter növbəti, azı 101-ci dəfə Rusiyanın xeyrinə danışaraq deyib ki, gələn il Ukrayna Xarkov, Odessa, Nikolayev və Dnepropetrosku Rusiyaya verməli olacaq.

Öz ölkəsində “üzdəniraq politoloq” hesab edilən, pedofilliyə görə həbsdə yatmış bu adamın verdiyi proqnozlar, əlbəttə ki, öz qeyri-ciddiliyi ilə diqqətəşayan bir şey deyil. Ancaq onun dedikləri həm də Rusiyanın niyyətlərinin ifadə edilməsidir. Yuxarıda dediyimiz kimi, bu şəxs Rusiya təbliğatının muzdlu əsgəridir.

Lap tutaq ki, Rusiya adları çəkilən və çəkilməyən yerləri, bütövlükdə Ukraynanı tutdu və onu öz vassalına çevirdi, nə olacaq? Onu hansı müddətə əlində saxlayacaq? 3 il, 5 il. Sonra Rusiyada başqa biri hakimiyyətə gələcək, 1-2 ildən sonra Ukraynaya qarşı aparılmış müharibəni Putinin hikkəsinin nəticəsi elan edəcək, RF qoşunları tutduqları yerdən çıxacaq və Ukrayna yenidən tam müstəqil dövlət olacaq.

Əslində 2 il öncə bu vaxtlar Ukraynanın Rusiya ilə müharibədən yayınmaq imkanları vardı və Zelenski iqtidarı bir qədər təmkinli, soyuqqanlı və uzaqgörən olsaydı, Qərblə, NATO ilə yaxınlaşmağı təxirə salsaydı, Rusiyaya meydan oxumasaydı, RF-nin başbilənlərinin hiddət və hikkəsi savaşa başlamaq həddinə qədər şişməzdi. Rusiyanın müharibəni 24 fevralda, “Kremlin uşağı” Viktor Yanukoviçin prezident postundan devrilməsinin növbəti ildönümündə başlatması təsadüfi deyildi, onun göstəricisi idi ki, Moskva “tarixi ədalət”i bərpa etmək istəyir.

Fəqət nə Rusiyanın gözlədiyi kimi oldu, nə də Ukraynanın umduğu kimi. Putin düşünürdü ki, Ukrayna onun qarşısında 3-5 günə, uzağı, 1-2 həftəyə diz çökəcək. Zelenski isə hesab edirdi ki, kollektiv Qərb Rusiyanı 2022-ci ilin payızına qədər çökdürəcək. İkisi də olmadı.

Nəticədə müharibə o yerə qədər böyüdü ki, son nəticənin nə olmasından asılı olmayaraq, tərəflərin ikisi də uduzmuş duruma düşüb.

Rusiya-Ukrayna müharibəsi bu baxımdan unikaldır. İndilikdə bu savaşın yeganə qalibi ABŞ-dır. Düzdür, o da milyardlarla vəsait xərcləyib və xərcləməkdədir, əvəzində bu dövlət əsas düşməni Rusiyanın hərbi qüvvəsini yarıbayarı azaldıb. İndi onun əsas düşməni başqa dövlətdir.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR