İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizə sülh sənədi heç lazım deyil” deyənlərə...

4244 23.02.2024 22:57 Yazarlar A A

İlk yayın vaxtı 15:30 

Dünyanın dəngələri elə sürətlə dəyişir ki, əlverişli şərtlər sabah bizim əleyhimizə ola bilər

Azərbaycanın bəzi “beyin mərkəzi” təmsilçilərinin, politoloqların aylardır təkrar etdikləri bir tezis var: sülh Ermənistana daha çox lazımdır, “imzalamırlar cəhənnəmə ki...”, hətta “Azərbaycana sülh sazişi heç lazım deyil” deyənlər də var. Hirslənəndə mən də yazmışam.  Bu tezislərin arxasındakı niyyət təbii ki, ölkəmizə pislik arzulamaq deyil. Əsl niyyət sülh sazişini imzalamamaq üçün hər dəfə dondan-dona girən Ermənistan rəhbərliyinə etirazdır, xəbərdarlıqdır. Dövlətin ümumi mövqeyi də belədir ki, sülh sazişi ilə Azərbaycana təzyiq etməyə ehtiyac yoxdur, bu təzyiqlər əslində daha çox Ermənistan edilməlidir. Azərbaycanın sülh sazişi təkliflərinə İrəvanda həmişə bir “əmma” tapılır. Bu isə müharibədə uduzan və hazırda da hərbi baxımdan əlverişsiz mövqedə qalmaqda davam edən Ermənistana əlbəttə ki, yaxşı heç nə vəd etmir. Bu bəlli həqiqətdir. Amma Azərbaycanın bu üstün vəziyyətini  cəmiyyətin beyninə, həm də israrla “heç bizə sülh lazım deyil” kimi yeritmək zənnimcə, doğru yanaşma deyil. 

2024-cü ildə Ermənistanla sülh müqaviləsi imzalanmaya bilər, bunu da yazmışıq. İlham Əliyev prezident seçkisindən əvvəl “əgər razılığa gəlməsək, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq” dedi, andiçmə mərasimində isə  daha da konkretləşdirdi. “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərib. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” deyə, dövlət başçısı bildirdi. 

nnn.jpg (39 KB)

Ermənistanın baş naziri Paşinyanın da açıqlamalarından anlaşılır ki, erməni xalqının rifahı üçün sülhüm vacibliyini qanır, amma guya kənar qüvvələr buna imkan vermir. Əlbəttə ki, səbəbi kənarda axtarmaqla, heç bitməyən təxribatlarda hansısa maraqlı qüvvələri ittiham etməklə iş bitmir. Qərb əslində, ermənilərdən fərqli olaraq, daha praqmatik düşünür. Anlayırlar ki, Ermənistanın xilas yolu bu sülh sazişindən keçir. Yəni bizə canları yanmır, ermənilərə xilas yolu axtarırlar.  

Vaxtilə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyirdi ki, ətraf rayonları Azərbaycana qaytarmaq lazımdır, yoxsa Ermənistan gələcəkdə uduzacaq. Həmin dövrdə onu dinləmədilər, əksinə  hakimiyyətdən kənarlaşdırdılar. Zaman isə göstərdi ki, Ter-Petrosyan haqlı imiş... 

Biz Ermənistanla müqayisədə kiminsə torpağını zəbt etməmişik, kiməsə də bir qarış belə ərazi qaytarmaq, “pay vermək” kimi niyyətimiz də yoxdur.  Qarabağdakı tam qalibiyyət bizə əvəzsiz ruh yüksəkliyi də verib. Amma emosiyasız danışsaq, danışıqlar masasına Azərbaycanın da çox ehtiyacı var. 

İkinci Qarabağ müharibəsində qələbəmizi şərtləndirən əsas amil ordumuz və Ali Baş Komandanın sərrast diplomatik həmlələri oldu. Bəxtimiz həm də onda gətirdi ki, müharibədəki qələbəmizdən sonrakı beynəlxalq vəziyyət də ölkəmizin yararına oldu. “Məni nəyi nə zaman etmək lazım olduğunu bilirəm” deyən Prezident Əliyev bu fürsətləri bada vermədi, ən yüksək səviyyədə ölkəmizin xeyrinə yönəltdi. Amma gəlin görək, bu beynəlxalq şərtlər həmişə bizim lehimizə olaraq qalarmı? Biz təslimçi sülh sənədlərinə qol qoymadıq, 30 ildən sonra məhz dövlətin güclənməsi, müttəfiqinin Türkiyə kimi ölkənin olması qələbəmizə yardımçı oldu. Dünyanın dəngələri isə elə sürətlə dəyişir ki, əlverişli şərtlər sabah bizim əleyhimizə ola bilər. Bu halda ortada sülh müqaviləsi yoxdursa, işimiz çətin olar. Dövlət əlbəttə ki, özünü qoruyacaq, söhbət Ermənistanın yenidən hərbi təcavüz iştahasına düşmək ehtimalından getmir. Söhbət daha qlobal beynəlxalq şərtlərdən gedir ki, o halda sülh müqaviləsi bizi bir çox lazımsız gərginliklərdən, hətta savaşdan sığortalaya bilər. 

1636553906_1550640155_0001 (1).jpg (65 KB)

Tarixdə sülh sazişini pozan çox dövlətlər olub. Sülh sazişi imzalamışıq deyə gedək sərhədimizdə rahat yataq demək də deyil. Sülh sazişi bizə əlimizdə çox ciddi arqument kimi lazımdır. 

Rusiya  ilə Yaponiya arasında sülh müqaviləsi yoxdur, Birinci və İkinci  dünya müharibəsindən bəri münasibətlərində daima gərginlik olub, amma nə Tokio, nə Moskva ərazi iddiaları irəli sürüb. Rusiya dünyada təklənən kimi isə Yaponiya dilini çıxardı, Moskvaya boy göstərdi. Dedi ki, ərazi iddialarından vaz keçməyiblər. Münasibətlər yenidən gərginləşdi, diplomatik əlaqələr minimallaşdırıldı. 

Erməni toplumu ipıqırıqdır və 5 sülh müqaviləsi imzalasaq belə, ayıq-sayıqlığı əldən vermək olmaz.  Ermənistanla sülh sazişi bizə ona görə lazımdır ki, əlimizdə bu millətin xain olduğunu bəlgəsini, sənədini ortaya qoyaq. Bu sənəd bizə həm də o səbəbdən lazımdır ki, bölgə daha qan axmasın, Azərbaycan xalqı nəhayət ki, bir az rahatlaşsın, əsgər analarının gözü yolda, qulağı səsdə qalmasın. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR