İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim tanımadığımız Gürcüstanda nə baş verir?

4687 08.03.2023 12:22 Yazarlar A A

 

Qanun layihəsinin əleyhinə olan Gürcüstan prezidentinin bu dar macalda ABŞ-da olması, üstəlik, gecəyarı Azadlıq heykəlinin fonunda xalqa müraciəti yaxşı hazırlanmış ssenariyə də  bənzəyir...

Gürcüstanda KİV və qeyri-hökumət təşkilatlarının (QHT) “xarici təsir agentləri” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin ilk oxunuşda qəbulundan sonra Tiflisdə baş verən hadisələr əslində, gözlənilənilən idi. Qanunun hələ komissiyada müzakirəsində deputatlar əlbəyaxa olmuşdular, yəni belə kütləvi etirazlara psixoloji olaraq hazırlıq da vardı. ilk oxunuşunda qəbulu üçün 76 səs lazım idi, məhz bu sayda deputat da layihəni dəstəkləyib. Hakim “Gürcü Arzusu”ndan yalnız dörd deputat “xarici agentlər” haqqında qanuna səs verməyib, bitərəf qalıb...

Bundan sonra baş verən ciddi qarşıdurma, polisin sərt müdaxiləsi, gözyaşardıcı və su şırnaqlarından istifadəyə  Gürcüstanın Daxili İşlər Nazirliyi haqq qazandırıb. İddia edilib ki, aksiya dinc xarakter daşımayıb və parlamentinin binasını zorakılıqla ələ keçirməyə cəhd edilib.  Gecə baş verən qarşıdurmadan sonra həbslər başladığı haqda da xəbərlər var.    

Screenshot 2023-03-08 123351.png (300 KB)

Qanun layihəsinin əleyhinə olan Gürcüstan prezidentinin bu dar macalda ABŞ-da olması, üstəlik, gecəyarı Azadlıq heykəlinin fonunda xalqa müraciəti bəlkə də yaxşı hazırlanmış ssenariyə də  bənzəyir, bu qarışıqlıqda əlbəttə ki, Amerikanın da barmağı var. ABŞ-ın Tiflisdəki  səfiri bir neçə gün əvvəl  bu qanunu “Rus qanuni” kimi qiymətləndirmişdi, Avropadan isə “qanunun qəbulu Gürcüstanın Avropa Birliyinə yolunu bağlayacağı” xəbərdarlığı gəlmişdi.   

    

Bəs bu “rus qanun”u nədir? Qanun layihəsində deyilir ki, KİV və qeyri-hökumət təşkilatları illik gəlirlərinin 20%-dən çoxunu xarici dövlətdən alıblarsa, “xarici təsir agenti” sayılırlar. Bu qədər net və sadə. Niyə “rus qanunu”?  2012-ci ildə Rusiya da analoji  qanunu  qəbul edib.  O zaman Putin demişdi, indi də hakim “Gürcü arzusu”da  deyir ki, belə qanun ilk dəfə Amerikada qəbul olunub, “biz onlardan nümunə götürmüşük” və sairə. Yalan deyirlərmi? Yox, düz deyirlər. Xarici Agentlərin Qeydiyyatı Aktı (Foreign Agents Registration Act, qısa olaraq FARA)  hələ 1938-ci ildə qəbul edilib və sonrakı illərdə  düzəlişlərlə qadağa dairəsi əhəmiyyətli dərəcədə azaldılıb. Rusiya ilə soyuqlaşan münasibətlər fonunda isə ABŞ bu qanunu yenidən gündəmə gətirdi. ABŞ Ədliyyə Nazirliyi  Amerikada “xarici agent” kimi qeydiyyatdan keçmək tələbini ilk olaraq  Marqarita Simonyanın rəhbərlik etdiyi telekanala(RT) qarşı qaldırdı. Söhbət erməni Marqaritanın telekanalında nə danışdığı, nə təbliğat apardığı deyil, bunlar məlum... Telekanal bağlanmaq məcburiyyətində qaldı, “Amerika söz azadlığına dözümsüzdür” deyib, Putin hakimiyyəti də ondan daha betər qanun qəbul etdi. Gürcüstan da indi eyni şeyi edir və yenə Amerika nümunəsindən danışır...

FARA əlbəttə ki, “Rus qanuni” deyil, QHT-lərlə deyil, kommersiya fəaliyyəti ilə məşğul olan strukturlarda - konsaltinq, lobbiçilik və ya media ilə məşğuldur.  Başqa sözlə, ABŞ-da xarici agentlərin reyestrinə ilk növbədə başqa dövlətin maraqları üçün lobbiçilik edən təşkilatlar və şəxslər daxil edilir. Rusiyada isə “xarici agent” statusu o qədər “əhatəli” və qeyri-müəyyən kateqoriyadır  ki,  dövlət hətta müstəqil rəylə mübarizə aparmaq üçün istifadə edir.  Məsələn, Rusiyadan arvadı ilə qoşulub qaçan yumorist Qalkin belə “xarici agent” elan edilib. ABŞ-da "xarici agentlər" birbaşa xarici hökumət və ya təşkilat tərəfindən idarə olunan və ya nəzarət edilən şəxslərdir. Rusiyada bu statusu üçün xarici qrant almaq kifayətdir...

Gürcüstanın bu qanunu niyə indi gündəmə gətirdiyinin səbəbləri də aydındır. Ukrayna müharibəsi Gürcüstan uğrunda gizli mübarizəni artırıb. Bu, bəlkə də üzdə görünmür. Amma bu mübarizə var.  Düşünmürəm ki, Gürcüstanın oliqarx patronu Bidzina İvanişvili bunu Kremlin, ya Putinin sifarişi ilə edir, yaxud Tiflisi öz tərəfinə çəkmək səylərindən əl çəkməyən Qərblə yollarını birdəfəlik ayırıb, Rusiyaya “birləşir”. Əlbəttə ki, İvanaşvili və Tiflisdəki adamları yaxşı başa düşür ki, Qərb Gürcüstanı da “qaynar nöqtəyə” çevirməyə cəhdlər edir,  “qapıdan qovsan da, bacadan girmək istəyir”. Gürcüstan hakimiyyəti bu illərdə bekar oturmayıb, müxalifətin özünü tükəndirməsi üçün hər şey edib. Saakaşvilini Avropanın tələblərinə baxmayaraq, hələ də həbsdə saxlamaq onu göstərdi ki, ölkədə Qərbyönümlü müxalifətin və təşkilatların gücü çox zəifdir. İndi son ipi də kəsirlər...

Gürcüstanda yaşayan dostlardan biri deyir ki,  hazırda müxalifətə “başına buyruq, intellekti çox aşağı olan, maliyyə və təşkilatı strukturu zəif olan “qırçılar”(“Qirçi” adlanan təşkilatı nəzərdə tutur) öncüllük edir”. Yəni belə anlaşılır ki, Gürcüstan üçün həlledici və tarixi mərhələdə ölkədə faktiki olaraq xalqı arxasınca apara biləcək müxalifət yoxdur. Yeni qəbul ediləcək qanun isə hələ də demokratiya adı altında “müqavimət təşkilatları” üçün mühüm olan maliyyədə məhrum ediləcək. Bu qanun dövlət qurumlarına şamil edilmir. Yəni dövlət təşkilatları xaricdən maliyyə-qrant almağa davam edəcək. Müxalifət iddia edir ki, son 10 ildə dövlət və digər büdcə təşkilatları xaricdən ümumilikdə 2,8 milyard lari qrant alıb.

Gürcülər özləri haqda deyirlər ki, onlarla bağlı heç bir siyasi texnologiya işləmir. Orta statistik gürcünün davranışını proqnozlaşdırmaq mümkün deyil. Bizim tanımadığımız Gürcüstan...   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR