İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu sərvət sizdə hardandır?” – bir vaxtlar varlılardan belə soruşardılar

3368 24.06.2022 09:05 Yazarlar A A

Sovet dövləti süqut edənə qədər korrupsioner və rüşvətxorların, möhtəkir və maxinatorların bir patoloji qorxusu vardı, yatıb-durub düşünürdülər: “Birdən orqanlardan gəlib soruşsalar ki, bu var-dövlət sizdə hardandır, nə cavab verərik?”

Bunun dərdindən onlar malik olduqları sərvəti gizlədərdilər, pullu olduqlarını büruzə verməzdilər, bayır tərəfdən sadə görünən, başqalarınınkından seçilməyən evlərdə yaşayar, başqalarının adına sənədləşdirilmiş sovet maşınları sürər, özlərini zəngin göstərməyə çalışmazdılar.

Bəziləri sırf “orqan”lara cavab vermək üçün soraqlaşıb avtomobil udmuş lotereya biletini ikiqat bahasına alardılar ki, soruşan olsa, “lotereyada udmuşam” deyə bilsin. Elələri vardı, bahalı paltar geyməzdilər, 1000 manatlıq palto-plaş, kostyum geyənlər də “öz qiymətinə filan yerdən almışam” kimi alibi hazırlayardılar.

11-e1564712985870.jpg (108 KB)

         Sovet korrupsionerlərinin ifşasından bəhs edən "İstintaq" filmindən kadr

Keşmişi retuşlamaq şakərimiz nə qədər güclü olsa da, indiki talançılıq, oğurluq, dövlət pulunu mənimsəmə əməlləri bir az kiçik miqyasda sovet dövründə də vardı. İnstitut rektorları, prorektorları, dekanlar, kafedra müdirləri, bir sözlə, tələbə qəbuluna əli girənlər, rayonların icraiyyə komitələrində yuxarı post tutanlar, zavod-fabrik direktorları, tikinti trestlərinin müdirləri, iaşə, ticarət, xidmət sektorlarında məsul vəzifə daşıyanlar, kollektiv kənd təsərrüfatı müəssisələrinin (kolxoz, sovxoz, birlik) rəhbərləri və başqaları rüşvət almaq, sosialist əmlakına xor baxmaq hesabına varlı-hallı yaşayırdılar, amma başlarının üstündəki “Damokl qılıncı”ndan, “orqanlar”dan da qorxurdular.

Əslində “orqanlar” hər saat gəlib onların qapısını döymürdü və rəislər də aybaay hesablarını alaraq mərdiməzarlıq etmirdilər. Bununla belə, onlar “sovet varlıları”nın sabahına təminat da vermirdilər. Əgər lap yuxarıdan düyməyə basılsa, “əlli-ayaqlı getmək” perspektivi labüd idi.

Məhz ona görə o vaxtın varlı adamları daha təvazökar idilər, özlərini dilə-dişə salmaq istəmirdilər ki, soraqları lap yuxarılara getməsin.

images.jpg (10 KB)

Sovet dövrünün son illərində isə artıq “orqanlar gəlib soruşsalar” qorxusu götürüldü. Xalq Nəzarəti və DİN-in Sosialist Əmlakını Dağıdanlarla Mübarizə (SƏDM – rusca OBXSS) idarələri ləğv olundu, bir ildən sonra artıq dağıdılmayan sosialist əmlakı, eləcə də “sovet sosialist dövləti” qalmadı.

“Bacarana baş qurban” erası başlayınca şəhərləri milyonluq villalar, lüks avtomobillər bürüdü. Hamıya gün kimi aydın idi ki, bu varidatın, sərvətin 99 faizi qanunsuz yollarla, oğurluqla, talama ilə qazanılır. Fəqət “orqanlar” bu işə qarışmırdılar, qarışanda da yüklü miqdarda xəraclarını alıb susurdular.
İstənilən yüksək vəzifəli şəxsin villalarının qapısına dayanıb, bir neçə hektarlıq həyətində sıralanan lüks avtomobilləri göstərib, “bunlar sizdə hardandır, hansı vəsaitlə əldə etmisiniz” sualı verə bilərdilər və cavabı olmazdı. Ancaq sual və cavab verən yox idi.

1639386908_eldarrrrrrm.jpg (94 KB)

Yalnız keçmişdə SƏDM şefi olmuş Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) başçısı təyin olunandan sonra varlı adamların qapısı döyülməyə başlandı. O da hamısının yox, seçilmişlərin. Seçim “kim varlıdır, amma arxasızdır”, “kimin gücü (həm pul-para, həm də arxa-dayaq sarıdan) hara qədərdir” təsnifatı üzrə aparılırdı. Təhlükəsizlik xidmətinin təhlükəli generalları hansısa güclü nazirin milyonçu qardaşına, qaynına ilişmirdilər.

Daha önəmlisi, varlı adamların terrorizə edilməsi heç də dövlət əmlakını qorumaq, talançılığın, möhtəkirliyin qarşısını almaq məqsədi daşımırdı. Məqsəd çox sadəydi: varidatı qamarlamaq, qurbanın əlindəki hər şeyi almaq, hətta onları borca salmaq və durduq yerdən milyonçu olmaq.

10 il davam edən və şərti adını “yetim milyonçuların talanması” qoya biləcəyimiz proses 7 il bundan əvvəl bitsə də, o mütəşəkkil cinayətin mühakiməsi 7 ildir davam edir, bitmək bilmir.

66.jpg (85 KB)

Bununla paralel, yüksək vəzifəli şəxslərin gözqamaşdıran sərvət nümayişi davam edir: şahlara layiq malikanələr, lüks avtomobillər kolleksiyası, yüksək mənfəətli daşınmaz əmlaklar, əndazələri aşan bahalı həyat tərzi və sair və ilaxır.

Sovet dövründə olduğu kimi, indi də korrupsionerlərdən “bunlar sizdə hardandır” deyə soruşmalı olan orqanlar mövcuddur və hərdən “ilişənlər”dən soruşurlar. Amma bu, dəryada bir damladır.

Bu sahədə əməli fəaliyyət, gerçək prinsipiallıq, ciddi cəzalandırma olmayana qədər ölkə korrupsiya girdabında boğulacaq. İnsan şüurlu və tamahkar varlıqdır, onun öz insaf və vicdanına buraxaraq, nəzarətsiz qoymaq olmaz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR