İnsanlara hürriyət, millətlərə istiqlal!

Builki Bilik Günü nə ilə fərqləndi?- Məktəblərdən REPORTAJ, FOTOLAR

947 15.09.2023 12:27 Reportaj A A

 

 

Sentyabrın 15-də Azərbaycanda bütün orta və ali məktəblərində dərslərə start verildi. Bu gün ölkədə 2023/2024-cü tədris ilinin ilk günüdür.

Statistik məlumata görə 2023-2024-cü tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu il respublikada məktəblərin I sinfində 135 min 418, IX sinfində 152 min 536, XI sinfində isə 103 min 72 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Yeni vahid məktəbli formasına riayət edən də var, etməyən də, çünki...

Məlum olduğu kimi bu ilki tədris ilindən respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilib. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub; tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi rəngli şalvar və ətəklər, ağ, mavi, “bej” rəngli köynəklər.

Bəs məktəblərdə Bilik Günü necə qeyd edildi? Şagirdlər yeni vahid məktəbli formasına nə qədər riayət edir?

“Yeni Müsavat”ın əməkdaşı kimi məsələni daha yaxından müşahidə etmək üçün paytaxtın bir neçə məktəbinə baş çəkdik. İlk olaraq yolumuzu paytaxtın 214-saylı məktəbindən saldıq. Adəti üzrə məktəbdə açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin direktoru şagirdləri salamlayaraq, onlara yeni dərs ilində uğurlar arzuladı.

626c5a29-6818-4736-8acb-a7174248578d.jpg (401 KB)

Şagirdlərə gəldikdə, hər zamankı kimi xüsusilə məktəbə ilk qədəm qoyan birinci sinif şagirdlərinin həyəcanlı, valideynlərinin isə çox böyük sevincli olduğu müşahidə olunurdu. Əllərində çiçək dəstələri, şarlar tutan birincilər arasında parta arxasında əyləşməyə tələsən də, qəmgin baxışlarla valideynlərinin yanından çəkilmək istəməyənlər də var idi.

Amma sinfə getməmək üçün ağlayan birincilərə rast gəlmədik. Bu çox güman ki, ondan irəli gəlir ki, artıq bir neçə ildir orta ümumtəhsil məktəblərinin nəzdində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Bu uşaq bağçalarından fərqli bir sistemi özündə əks etdirir. Belə ki, məktəbəqədər hazırlıq və uşaq bağçalarındakı məktəbəqədər qruplar tamamilə fərqlidir. Məktəbəqədər hazırlıq qruplarında uşaqlar  məktəbə həm fiziki, həm də psixoloji olaraq hazırlaşdırılır, onlarda ilkin bilik və bacarıqları formalaşdırılır. Nəticədə birinci sinfə qədəm qoyan şagird artıq sinifdə necə davranmaq lazım olduğunu bilir, dərs mühitindən, müəyyən saat ərzində valideynlərindən kənar qalmaqdan qorxmur.

Bu arada xatırladaq ki, bu il – 2023-cü ildə birinci sinfə gedənlərin sayında kəskin azalma müşahidə edilir. Belə ki, aparılan təhlillər göstərir ki, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159 644 nəfər, 2020-2021-ci dərs ilində 156 328 nəfər, 2021-2022-ci tədris ilində 153 822 nəfər, 2022-2023-cü ildə 152 minə yaxın, bu il isə 135  418 nəfər birinci sinfə qədəm qoyur. Mütəxəssislər qeyd edir ki, ümumi əhali artımında müsbət dinamika olsa da, ildən-ilə yeni doğulan körpələrin sayında kəskin azalmalar var ki, bu da birincilərin sayında özünü büruzə verir.

Müşahidələrimiz onu deməyə əsas verir ki, ibtidai və yuxarı siniflərə qədər, yəni təxminən 8-9-cu siniflərə qədər şagirdlər vahid məktəbli formasına riayət edirlər. Lakin yuxarı siniflər, xüsusən də 10-11-ci siniflərin əksəriyyəti köhnə məktəbli formasından istifadə edir. Bunun səbəbini öyrənməyə çalışdıq. 10-cu sinif, rus bölməsində təhsil alan şagird qız bizimlə söhbətdə bunları bildirdi:

“Mən keçən ilki ağ köynəyimi, qara ətəyimi geyinib, gəlmişəm. Çünki yeni formalar heç xoşuma gəlmir, tamamilə zövqsüzdür. İndi geyinib gəlmişik, gerisi necə olacaq, sonra biləcəyik”.

Ağ köynək, qara şalvar geyinən məktəbli oğlanlar isə bildirdilər ki, bazarda onların ölçülərinə uyğun məktəbli forması tapa bilməyiblər:

“10-11-ci sinif uşaqlarının əksəriyyətinin boyu hündürdür. Satışda olan məktəbli formaları əsasən 13-14 yaşında olanlar üçündür. Bütün Bakını gəzsək də, böyük ölçülü məktəbli forması tapa bilmədik. Həm də biz ağ köynək geyinmişik, ötən ilə qədər bu, məktəbli forması sayılırdı. Yəni burada qəbahət görmürük”.

“Köhnə məktəbli forması ilə məktəbə gələn şagirdlər dərslərə buraxılacaqmı?” sualımıza şagirdlərini sinfə yola salan müəllimlər bu cür cavab verdi:

“Biz bütün şagirdlərə və valideynlərə xəbərdarlıq etmişdik ki, yeni dərs ilində yeni məktəbli forması olacaq. Amma indi şagirdlərin bəziləri yeni vahid məktəbli formasına əməl etməyib. Təbii ki, buna baxmayaraq bütün şagirdlər dərsə girəcək. Sadəcə bir daha bildirəcəyik ki, hamı eyni formada olmalıdır”.

50cd3f7e-9e0a-47f4-a73a-f2716b241d14.jpg (311 KB)

“Bəlkə hansısa şagirdin ailəsinin yeni məktəbli forması almağa imkanı yoxdur?” sualımıza isə digər müəllim bu cür cavab verdi:

“Əslində, nazir də dedi ki, məcburiyyət yoxdur. Amma hər halda, heç olmasa yeni məktəbli formasına uyğun, açıq göy rəngli köynək geyinsələr, digərlərindən seçilməzlər. Əsas odur ki, dərslərini yaxşı oxusunlar, davamiyyətləri yaxşı, tərbiyədə nümunəvi olsunlar”.

Paytaxtın 62 saylı məktəb-liseyində də olduq. Müşahidə etdik ki, bu məktəbdə də yuxarı sinif şagirdlərinin bəziləri köhnə məktəbli forması ilə dərs gəlib. Məsələ ilə bağlı şagirdlərlə söhbətimizdə eyni fikirlər səsləndi – “yeni məktəbli formasını bəyənmirəm”, “mənim ölçümə məktəbli forması tapmadıq” və sairə. Şagirdlərlə sorğu-sualımızı görən valideynlərdən biri özü bizə yaxınlaşaraq bildirdi:

“İki övladım məktəblidir, birinə forma ala bildim, digərinə isə yox. Həm də dedilər ki, yuxarı siniflərə müəyyən güzəştlər olacaq, ona görə də yuxarı sinifdə oxuyan övladıma məktəbli forması almadım, ötən il aldıqlarımı geyinib. Yeni qərarlar verəndə, imkansız valideynləri də nəzərə almaq lazımdır”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə keçirilən brifinqdə bildirdi ki, imkanı olmayan ailələrə məktəbli forması veriləcək.

"Sosial durumu zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər. Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər",- deyə nazir vurğulayıb.

Nazirin bu açıqlaması haqda valideynlərə dedikdə, valideynlər məlumatdan xəbərsiz olduqlarını bildirdilər.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR