İnsanlara hürriyət, millətlərə istiqlal!

Bye-bye, Bay Kemal

2775 29.05.2023 12:53 Yazarlar A A

 

Türk xalqı öz seçimini etdi- Ərdoğan Türkiyə lideri olaraq xalqla birlikdə yola davam edəcək. Bu o deməkdir ki, Türk-İslam arealının yenidən qurulması, Türkiyənin böyüdülməsi prosesi də davam edəcək. Bundan isə təkcə Türkiyə deyil, Türkün yanında olan hər kəs yalnız fayda görəcək. Yəni dünənki seçki ilə məğlub olan təkcə Kılıçdaroğlu yox, onun yanında yer alan Qərb, ermənipərəst qüvvələr, Azərbaycanı, Turanı tanımayanlar, buna qarşı gizli və ya aşkar çıxanlar oldu...  

Ona görə də bu yarışı Ak Parti və CHP arasında olan yarış deyil, iki şəxsin arasındakı seçim kimi qeyd etmək lazımdır. Zatən CHP kimi bir partiyanın bundan sonra Kılıçdaroğlunu dəstəkləyəcəyi real görünmür. Heç buna qədər də tam dəstəklədiyini söyləmək olmaz. Bu seçimdə dəyərli Türkiyə xalqı, qardaşlarımız hamımız üçün doğru olanı etdilər- bizim-Türkün ideologiyasını yaşadan, böyüməsinə xidmət edən Ərdoğanı lider kimi seçdilər. Ərdoğan Kılıçdaroğluna ilk dəfə deyildi qalib gəlirdi. Bu, sayca 16-cı qələbədir. Deməli, çoxluq Kılıçdaroğlunu bütün siyasi oyunlarına rəğmən yaxşı tanıyıb.

1685288056_230525-turkey-erdogan-mn-1215-1a99f5.jpg (563 KB)

Seçim xalqın, seçki demokratik oldu. Türkiyədə seçkilərin demokratiyaya uyğun formada, nümunəvi şəkildə keçirilməsini elə Kılıçdaroğlunun yanında saf alan Qərb də etiraf etdi.

Amerikanın “Washington Post” qəzeti seçkini Türkiyənin ən uğurlu siyasətçisi və iyirmi ildir liderlik edən Ərdoğanın ən çətin sınağı olduğunu vurğuladı.

“Wall Street Journa”l isə Türkiyənin perspektivli qlobal güc və NATO üzvü olduğuna diqqət çəkərək, seçkilərin geniş geosiyasi nəticələrinin ola biləcəyini yazdı.

“CNBC” nəşri seçki prosesində qeyri-rəsmi nəticələrə görə siyasi üstünlüyün prezident Ərdoğana aid olduğunu vurğulayıb və Türkiyə liderinin performansına diqqət çəkdi: “Ərdoğan tərəfdarlarına müraciət edərkən özünə arxayın və mübariz görünürdü”.

“Welt” qəzeti hələ 14 mayda seçkinin ikinci tura keçəcəyinə baxmayaraq, Ərdoğanın öndə olduğunu qeyd etdi: "O, yaxşı çıxış etdi..."

Yunanıstanın ən böyük qəzeti olan “Kathimerini” Rəcəb Tayyib Ərdoğanın ilkin nəticələrlə müqayisədə üstünlüyə malik olduğunu ifadə etdi, Kılıçdaroğlunun rəy sorğularına cavab verə bilməyəcəyinə diqqət çəkdi.

Bu kimi nümunələr yüzlərlədir ki, orada seçkinin demokratik keçirilməsi şübhə altına alınmır.

Bay Kemalın mahiyyətini ortaya qoyan layihə...

Bay Kemalı bitirən çıxışlarından biri də məlum layihə ilə bağlı oldu. Bu layihə həm də onun kimlərin adamı olduğunu, niyyətini ortaya qoydu.

klıçdar oqlu.jpg (60 KB)

Kılıçdaroğlunun  "Türkün yolu" adlandırdığı, əslində isə Türkə aidyyəti olmayan layihə Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutu dəyişir, Mərkəzi Asiyaya İran üzərindən çıxan marşrutu həyata keçirəcəkdi. Bununla təkcə Zəngəzur dəhlizinin reallaşma perspektivi məhv olmur, həm də indiyə qədər Gürcüstan üzərindən həyata keçirdiyi layihələrlə Orta Dəhlizin əsas xabına çevrilmə potensialını ilk sıralara çıxaran Azərbaycan ümumiyyətlə prosesdən kənarda saxlanılırdı.

Layihə yalnız Kılıçdaroğluna və onun dəstəkçilərinə çevrilən Fransa, Ermənistan və İran üçün əhəmiyyət daşıyırdı.  

Bu barədə politoloq Asif Nərimanlının təhlilində detallar yer alıb. Politoloq layihənin mahiyyətini açan zaman bundan qazanan üç ölkənin adını çəkərək belə deyib:

“Fransa Avropanın lideri kimi geosiyasi güc mərkəzi olmağa çalışır və bunun üçün Çinə ehtiyacı var, lakin Orta dəhlizdə Ankara və Bakı faktoru və bu amilin arxasındakı güc mərkəzləri onun yolunu kəsir.

- Ermənistan Zəngəzur dəhlizinə, ümumiyyətlə, Azərbaycanın güclənə biləcəyi istənilən layihəyə qarşıdır, həmçinin İrəvan İranın “Fars körfəzi-Qara dəniz” layihəsinə ümid edir;

- İran “Bir kəmər, bir yol” layihəsində özünün yerləşdiyi Cənub dəhlizinin aktuallığına çalışır və heç bir halda Azərbaycanın önə çıxmasında maraqlı deyil;

Bu ölkələrlə yanaşı, ABŞ-da və Avropada erməni və fars diasporu/lobbisi Azərbaycanın “ofsayt”da saxlanılması istiqamətində çalışır”.

Yəni indi uduzan yalnız Kılıçdaroğlu olmadı. Anti-Ərdoğan, anti-Türk güclər və bütün bunların fonunda yeni güc əldə etmək istəyənlərin pis arzuları ürəklərində qaldı. Kılıçdaroğlunu dəstəkləyənlər sırasında PKK liderləri də vardı ki, bunu da gözardı etmək olmaz.

Seçki əsnasında PKK liderləri açık-aşkar Kılıçdaroğluna dəstəklərini ifadə etdilər.

Terrorçuların lideri Murat Karayılan müxalifət lideri Kılıçdaroğluna dəstəyini ifadə edərək bildirdi ki, prezident Ərdoğanın getməsi üçün nə lazımdırsa, edilməlidir.

maxresdefault (1).jpg (165 KB)

Terror təşkilatının liderləri Fatoş Göksunqur və Yüksel Qoç da açıq şəkildə Kamal Kılıçdaroğluna ikinci turda səs verməyə çağıraraq “Ərdoğan getməlidir, ikinci turda hamı səfərbər olunmalı və Ərdoğanı devirməliyik" ifadəsini səsləndirdilər.

Əli türkün qanına bulanan bu adamların Kılıçdaroğlunu dəstəkləməsindən görəsən Bay Kemalın özü utandımı? Heç də utanan kimi görünmürdü. Çünki  7 partiyalı koalisiya masasının namizədi olan Kamal Kılıçdaroğlu seçkinin ilk turunda vətənpərvərlərə arxa çevirmək bahasına HDP ilə əməkdaşlıq edərək PKK-nın açıq dəstəyini aldı. O yalnız seçkinin nəticəsindən sonra artan təpkilər fonunda taktikasını müəyyən qədər dəyişdi ki, bunun da bir faydası olmadı. Artıq hər şey məlum idi.  Kılıçdaroğlunu dəstəkləyən xarici qüvvələr heç şübhəsiz ki, Türkiyənin regionda böyük gücə çevrilməsini istəməyənlər, burada “darbe girişimi” planını cızanlar, Ərdoğanın simasında böyük Türk dövlətini yıxmaq istəyənlər idi. Turana gedən yolu “Türkün yolu” adı ilə başqa yönə sapdırmaq istəyənlər Türkiyədə  “ərəb baharı” yaşatmağa, bu dövlətin İraqa, Suriyaya çevrilməsinə çalışırdılar.

Lakin bütün bunlar baş tutmadı.

Şübhəsiz ki, bu seçki ilə Kılıçdaroğlu həm CHP kimi tarixi bir partiyanın, həm də Türkiyə siyasətinin səhnələrindən silinəcək. Seçki Bay Kemalın bütün iç üzünü, kimlərlə əlaqədə olduğunu aşkara çıxardı.

Türkiyə xalqı Bay Kemala zamanında bye-bye, Bay Kemal deyərək həm Türkiyəni qurtardı, həm də Türk-İslam dünyasının inkişafına mane olmaq istəyənlərə cavabını verdi.  Qərbin əlində alət olmaq və yarı-köləlik statusundan Türkiyə və Türk dünyası xilas oldu. 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR