İnsanlara hürriyət, millətlərə istiqlal!

Canilərin can hövlü

1047 17.10.2023 13:51 Yazarlar A A

 

İndinin caniləri höcətdirlər, heç nəyi boyunlarına almırlar. Ortaya video, şəkil qoyurlar, sakitcə deyir, mən deyiləm, montajdır.

Məsələn, 1992-ci ildə kilsədə ermənilərə qarşı təkbaşına döyüşən, 4-5 gündən sonra əsir götürülən Natiq Qasımovun dindirməsi zamanı italiyalı fotoqraf tərəfindən çəkilən şəkillərdə Vitali Balasanyanın başdan oturduğu görünür. Bu barədə çəkilən sənədli filmdə jurnalist ona həmin şəkili göstərib soruşur ki, bu şəxsi tanıyırsızmı. Balasanyan şəkilə baxır, baxır, deyir, yox, tanımıram, tanış gəlmir.

Adam özünü qızıl-qırmızıca danır – utanmadan, fenomenal həyasızlıqla. Çünki o, hərbi cinayət törətdiyinin fərqindədir, hesab edir ki, salamatı “bu, mən deyiləm” deməkdir.

1991-ci ildə Meşəli camaatını qırmış, evindən qovmuş quldur çetesenin yaxalanan üzvü Xaçatryan da deyir ki, Allah haqqı, mən orda olmamışam. Zərərçəkənlər, işgəncə görənlər adamın üzünə durur, o da ağlaya-ağlaya deyir ki, mən deyiləm. O, bunu can hövlü ilə deyir, cəzasının ağır olacağından qorxur.

O illərdə Qarabağda yaşayan və müharibədə iştirak edən istənilən ermənini tutsaq, hesab sorsaq, deyəcək, döyüşlərdə iştirak etməyib, eləcə mətbəxdə kartof soyub, əl-ayaq işlərinə baxıb.

“Bəs bu qədər mülki insanımızı kim öldürüb” deyə soruşsan, məsum-məsum çiyinlərini çəkəcəklər.

Halbuki 3 il əvvəl qədər özlərinə “qəhrəman zinvorlar” deyir, orden-medal tələb edir, hansı döyüşdə nə qədər azərbaycanlı öldürdüklərini, nə qədər yaralıya rəhm etmədiklərini, əsirləri necə güllələdiklərini fəxrlə danışırdılar. İndi məsumdurlar, “orda olmayıblar”.

Canilərin xisləti budur, bilirlər ki, cinayətlərini boyunlarına alsalar, onlara cəza kəsəndə tərəddüd etməyəcəklər, üstəlik, cinayətləri o qədər ağırdır ki, rəhm edən də olmayacaq. Amma cinayəti boyunlarına almadıqca, Qırmızı Xaç bir tərəfdən, Avropanın hüquqi təşkilatları o tərəfdən ağız-ağıza verərək onlara azadlıq, bəraət tələb edəcəklər.

Köhnə vaxtlarda bir rəis işləmiş dostumuz vardı, hərdən onunla cinayətkarlıqla, canilərlə bağlı söhbət edirdik. Bir dəfə soruşdum ki, cinayətini heç cür boyununa almaq istəməyən “bərk” canilərlə nə edirsiniz. Rəis bığaltı gülümsündü, dedi ki, canilərin “bərk” olmaq lüksü yoxdur, cinayət törədibsə, mütləq boynuna alır.

Dübarə soruşdum ki, yəni profilaktik tədbirlər görürsünüz, boyunlarına alırlar, yoxsa necə. Rəis dedi ki, hə, inandırırıq ki, boyunlarına alsalar, cinayət ortaqlarını birbəbir sadalasalar, daha yaxşı olar, onlar da sağ olsunlar, anlaylş göstərirlər.

Sual: “Bu zaman qanun pozuntusu-filan olmurmu?” Cavab: “Qanun pozuntusu deyəndə, ən ağır pozuntu qətl törətmiş cinayətkarın cəzasız şəkildə, azadlıqda qalmasıdır, yoxsa kiminsə yaxasından yapışıb divara qısnanılması, qorxudulması elə bir şey deyil”.

Rəis belə düşünürdü və deyirdi ki, vallah, biz bəzi filmlərdəki kimi canilərin nazıyla oynasaq, “bir az yumşaq olaq, xətrinə dəyməyək” deyə düşünsək, heç bir cani nə törətdiyi cinayət boynuna almaz, nə də cinayət ortağının adını çəkməz.

Cinayətinin danan canilər haqqında bir lətifə də var. Müstəntiq qatildən soruşur ki, necə oldu o adamı bıçaqladın. Cani at kimi üzə durur: “Mən onu bıçaqlamamışam, özü bıçağın üstünə yıxıldı”. Müstəntiq deyir: “Yəni adam düz 17 dəfə bıçağın üstünə yıxıldı, yerdən qalxdı, təkrar-təkrar bıçağı dik qoydu və özünü onun üstünə çırpdı?” Qatil sifətinin ifadəsini dəyişmədən deyir: “Bəli, dediyiniz kimi oldu”.

Xaçaturyan da o canilərdəndir. Hələ o birilər də elə deyəcəklər. Sanki 30 il boyunca Qarabağda üstümüzə güllə yağdıran bunlar olmayıb.

Bəs biz bunlara inanırıqmı? Xeyr. Rəhm damarımız yoğunlayırmı? Xeyr. Canilərin axıtdığı göz yaşları bir işə yarayırmı? Xeyr.

Bu yaramazlar elə cinayətlər törədiblər ki, kiminsə onlara ürəyi yanmayacaq. Avropalılarn nə vecinə, onlara heç nə olmayıb. Onların özləri zərər çəkmədikcə humanist ola bilərlər. Amma bu qatillər onların 5 yaşlı qızını yandırıb öldürsəydilər, belə humanist olmazdılar, qatillərə ölüm cəzası, ömürlük həbs tələb edərdilər.

P.S. İndi kimsə deyəcək ki, məhkəmənin hökmü olmadan kiməsə cani demək olmaz... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR