Ukraynanın paytaxtı Kiyev ciddi enerji böhranı ilə üz-üzə qalıb. Davam edən elektrik kəsintiləri fonunda şəhərin böyük bir hissəsi həm elektrik enerjisiz, həm də istiliksiz qalıb. Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, mövcud vəziyyət minlərlə ailənin gündəlik həyatını iflic edib, sosial gərginliyi artırıb və ölkə daxilində yeni siyasi qarşıdurmaların yaranmasına səbəb olub.

Ukrayna hakimiyyəti enerji təchizatında yaranmış böhranın əsas səbəbi kimi Rusiya Silahlı Qüvvələrinin enerji infrastrukturuna endirdiyi raket zərbələrini və sərt qış şəraitini göstərir. Rəsmi Kiyevin məlumatına görə, ölkə üzrə demək olar ki, bütün əsas elektrik stansiyaları hücumlara məruz qalıb.
Enerji böhranı fonunda Ukraynada daxili siyasi qalmaqal da kəskinləşib. Prezident Vladimir Zelenski açıq bəyanatla çıxış edərək Kiyev şəhər rəhbərliyini böhranın qarşısının alınması üçün lazımi tədbirləri vaxtında görməməkdə ittiham edib. Onun sözlərinə görə, şəhər səviyyəsində görülməyən işlər artıq hökumət tərəfindən nəzarətə götürüləcək və paytaxt üçün xüsusi daimi qərargah yaradılıb.
Kiyev meri Vitali Kliçko isə prezidentin açıqlamalarına sərt reaksiya verib. O, Zelenskini paytaxtın fəaliyyətini təmin edən minlərlə mühəndis, energetik və kommunal işçinin əməyini görməzdən gəlməkdə ittiham edib. Kliçkonun fikrincə, dövlət başçısı ölkədə baş verən real proseslərlə bağlı həqiqətləri ictimaiyyətdən gizlətməyə çalışır.
Böhran əhalinin sosial vəziyyətinə də ciddi təsir göstərir. “The New York Times” qəzetinin yazdığına görə, Ukraynada müharibənin dayandırılması naminə kompromisə getməyə hazır olan vətəndaşların sayı artır. Xüsusilə cəbhədə xidmət edən hərbçilərin ailə üzvləri arasında bu əhval-ruhiyyənin daha güclü olduğu bildirilir.
Adi vətəndaşlar hazırkı ağır vəziyyətin təkcə müharibənin nəticəsi olmadığını, eyni zamanda Ukrayna hakimiyyətində uzun illər formalaşmış korrupsiya problemləri ilə bağlı olduğunu düşünürlər. Sosial şəbəkələrdə və şəhər ictimai qruplarında məmurlar enerji obyektlərinin qorunmaması və lazımi səviyyədə saxlanılmaması ilə bağlı ittiham olunur.
Kiyev sakinləri soyuq şəraitdə qalmaqdan xilas olmaq üçün qeyri-adi üsullara əl atmağa başlayıblar. Şəhərdə texniki kərpiclərin açıq odda qızdırılaraq evlərə aparılması halları artıb. Bu üsul müvəqqəti həll kimi dəyərləndirilsə də, təhlükəsizlik riskləri yaratdığı bildirilir.
Baş nazir Denis Şmıxal da vəziyyətin ağırlığını etiraf edərək bildirib ki, Rusiyanın hücumlarından zərər görməyən demək olar ki, heç bir elektrik stansiyası qalmayıb. Onun sözlərinə görə, hazırda enerji itkiləri əsasən Qərbdən gətirilən dizel generatorları hesabına kompensasiya edilir. Lakin mövcud imkanlar tələbatı tam qarşılamır.
Rəsmi məlumatlara əsasən, Ukraynanın mövcud yanacaq ehtiyatları maksimum 20 gün kifayət edə bilər. Ekspertlər bu müddətin uzadılmaması halında enerji sisteminin tam çökmə riski ilə üzləşə biləcəyini bildirirlər.

Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarovun sözlərinə görə, Ukraynanın müxtəlif bölgələrində hökumətin fəaliyyətsizliyinə qarşı artıq təcrid olunmuş etiraz aksiyaları müşahidə olunur. Onun fikrincə, enerji böhranı dərinləşdikcə bu narazılıqların genişmiqyaslı sosial etirazlara çevrilməsi istisna olunmur.
Mövcud vəziyyət göstərir ki, Kiyevdə enerji böhranı təkcə texniki problem deyil, eyni zamanda Ukraynanın daxili siyasi sabitliyi və ictimai münasibətləri üçün ciddi sınağa çevrilib.
Musavat.com










