ABŞ Prezidenti Donald Trampın amerikalı hücumçu Folarin Baloqanın cəzasının ləğvi üçün FIFA rəhbərliyi ilə təmas qurması dünya futbolunda siyasi mübahisələri daha da alovlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə CNN-in siyasi şərhçisi Stiven Kollinson geniş təhlilində yazıb.
Müəllif qeyd edir ki, dünya çempionatı başlayandan bəri turnir ABŞ-da ilk dəfə idi ki, Trampın gündəlik siyasi gündəmindən kənarda qalırdı. Lakin Balogunun qırmızı vərəqəsinin ləğvi ilə vəziyyət tamamilə dəyişib. CNN yazır ki, Trampın FIFA prezidenti Canni İnfantino ilə telefon danışığından sonra Balogunun cəzasının gözlənilmədən dayandırılması turnirin idman müstəvisindən çıxaraq siyasi qalmaqala çevrilməsinə səbəb olub.
Məqalədə vurğulanır ki, FIFA əvvəlcə ABŞ millisinin bu qərardan apelyasiya vermək imkanının olmadığını açıqlamışdı. Lakin sonradan qurum İntizam Məcəlləsinin 27-ci maddəsinə istinad edərək futbolçunun bir oyunluq cəzasını şərti qaydada dayandırıb. Bunun nəticəsində Balogun Belçikaya qarşı oyunda meydana çıxa biləcək.
CNN qeyd edir ki, qərarın məhz Trampın müdaxiləsindən sonra dəyişməsi futbol ictimaiyyətində FIFA-nın müstəqilliyi ilə bağlı ciddi suallar yaradıb. Müəllif xatırladır ki, dünya çempionatları tarixində Dieqo Maradonanın "Tanrının əli" qolu və Zinəddin Zidanın baş zərbəsi kimi böyük qalmaqallar yaşansa da, dövlət başçısının konkret futbolçunun cəzasının dəyişdirilməsi üçün FIFA-ya təzyiq göstərməsi ilə bağlı indiyədək analoqa rast gəlinməyib.

Telekanal bildirir ki, Tramp və İnfantino arasında uzun müddətdir yaxın münasibətlər mövcuddur. FIFA prezidenti son illərdə dəfələrlə Trampın tədbirlərində iştirak edib, hətta ABŞ prezidentini FIFA Sülh Mükafatı ilə də təltif edib. Bu yaxınlıq isə Balogun qərarından sonra yenidən müzakirə mövzusuna çevrilib.
Məqalədə həmçinin, vurğulanır ki, Trampın bu addımı gələcək üçün də təhlükəli presedent yaradır. Çünki bundan sonra digər nüfuzlu dövlət rəhbərlərinin də FIFA üzərində siyasi təsir göstərməyə çalışa biləcəyi ehtimalı yaranır. CNN-in qənaətinə görə, Baloqan məsələsi artıq, sadəcə, hakim səhvi və ya intizam qərarı deyil. Bu hadisə dünya çempionatının obyektivliyi, FIFA-nın müstəqilliyi və idmana siyasi müdaxilə ilə bağlı qlobal müzakirələrin mərkəzinə çevrilib.
Musavat.com






