İnsanlara hürriyət, millətlərə istiqlal!

“Crocus City Hall” dakı terror aktına görə Kurbonov qardaşları saxlanılıb

696 29.04.2024 15:57 Siyasət A A

 

“Crocus City Hall”da baş vermiş terror aktı üzrə 12-ci müttəhim Cumoxon Kurbonov qardaşı ilə birlikdə saxlanılıb. Məhkəmənin rəyinə görə, o, mütəşəkkil dəstənin digər üzvlərini rabitə vasitələri ilə təmin edib və onlar üçün ödəniş edib.

“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən biri, Tacikistan vətəndaşı Cumoxon Kurbonov 2023-cü ilin yayından Rusiyada yaşayır.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” onun yaşadığı hostelin əməkdaşına istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Kurbonov Rusiya sərhədini 2023-cü il iyulun 3-də keçib. Bundan sonra  yataqxanada məskunlaşıb və işə düzəlib. Yataqxana əməkdaşı onu da qeyd edib ki, Kurbonovla yanaşı onun qardaşı da saxlanılıb. O, əlavə edib ki, həbs olunan şəxsin qardaşı yataqxanaya qayıtmayıb və onun harada olduğunu bilmirlər. “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə 12-ci müttəhim Cumoxon Kurbonov 2003-cü ildə Tacikistanın Parkxor şəhərində anadan olub. Aprelin 26-da iş üzrə həbs olunduğu məlum olub. Məhkəmə müəyyən edib ki, o, terror aktının hazırlanması üçün vəsait ayırıb, həmçinin mütəşəkkil dəstə üzvlərini rabitə vasitələri və onların ödənişi ilə təmin edib.

Rusiya Cinayət Məcəlləsinin 205-ci (Qəsdən şəxsin ölümünə səbəb olan terror aktı törətmə) maddəsi ilə ittiham olunub. İttihamlar təsdiqlənərsə, 20 ilədək azadlıqdan məhrum edilə bilər.

Yada salaq ki, “Rosfinmonitorinq”in rəhbəri Yuri Çixançin bundan əvvəl Moskva “Crocus City Hall” konsert zalında terror aktının təşkilində bir sıra ölkələrin vətəndaşlarının iştirak etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücum çoxsaylı maliyyə təşkilatları vasitəsilə maliyyələşdirilib. Hücumda iştirak edənlərə kriptovalyuta şəklində də vəsait köçürülüb.

“İstintaq tədbirləri hələ başa çatmayıb, lakin ilkin nəticələr göstərir ki, terror aktının təşkilində bir sıra ölkələrin vətəndaşları iştirak edib”, - Çixançin bildirib.

“Rosfinmonitorinq”in rəhbəri qeyd edib ki, bir çox ölkələr “Krokus”da törədilən terror aktının araşdırılmasında Rusiyaya kömək etməyə hazır olduqlarını bildiriblər, çünki onlar terrorizmin bir fenomen kimi inkişafının qarşısını almaqda maraqlıdırlar.

Çixançin həmçinin iddia edib ki, hücum diqqətlə planlaşdırılıb və onun həyata keçirilməsində beynəlxalq şəbəkə iştirak edib. Cinayəti törədən şəxslər maliyyə vəsaiti, silah, nəqliyyat, sursatla təmin edilib, cinayət yerindən getmək marşrutları müəyyən edilib, onların hərəkətləri kuratorlar tərəfindən diqqətlə əlaqələndirilib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışı başlamazdan əvvəl silahlı şəxslər tamaşaçılara atəş açıb, daha sonra zalı yandırıblar. Rusiya Fövqəladə Hallar Nazirliyinin martın 30-na olan məlumatına görə, terror aktı nəticəsində 15-i uşaq olmaqla 695 nəfər xəsarət alıb. Beşi uşaq olmaqla 144 nəfər ölüb. Krokusda törədilən terror aktına görə məsuliyyəti İŞİD-in qolu olan Vilayəti Xorasan öz üzərinə götürüb. Prezident Vladimir Putin terror aktının arxasında “ölkəmizlə 2014-cü ildən müharibə aparanlarla” əlaqəsi olan “radikal islamçılar”ın dayandığı qənaətində olduğunu açıqlayıb. FSB direktoru Aleksandr Bortnikov, baş prokuror İqor Krasnov və müdafiə naziri Sergey Şoyqu da mümkün “Ukrayna izi”ndən danışıblar. Ukrayna “Krokus”da törədilən terror aktında iştirak etmədiyini bəyan edib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR