İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dad baxımından dünyada Azərbaycan narına çatan məhsul yoxdur, ancaq...” -Fərhad Qaraşov

2728 25.05.2021 10:30 Müsahibə A A

“Nar ixracının az olmasının səbəbi fermerlərin keyfiyyət meyarlarına ciddi riayət etməməsidir”

Ölkənin strateji kənd təsərrüfatı məhsullarından biri olan nar ixracında son illər müəyyən artım əldə edilsə də, hələ narın ölkəmizə gətirdiyi valyuta pomidor və fındıqla müqayisədə xeyli aşağıdır. Eyni zamanda əksər ixrac məhsullarımız kimi narın da əsas ixracı Rusiya və MDB ölkələrinədir. Bu sahənin inkişafı üçün atılacaq addımlar, hədəfdə olan yeni bazarlar, yerli məhsulumuzun keyfiyyət göstəriciləri və markalaşma problemi ilə bağlı Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov “Yeni Müsavat” qəzetinə müsahibə verib.

- Fərhad bəy, son illər kənd təsərrüfatı sahəsində görülən işlər nəticəsində əksər aqrar məhsulların istehsalı, ixracı artıb. Bəs nar ixracında  artım varmı?

- Son 5 ili götürsək, nar istehsalında ilbəil artım qeydə alınıb. Həm ümumi istehsalda, həm də ixrac rəqəmində artım var. Bu il isə bizim gözlədiyimiz nəticədən də artıq ixracımız oldu. 19 min ton nar ixracı qarşılığında təqribən 24 milyon ABŞ dolları həcmində valyuta ölkəyə daxil oldu. Bu yüksəlişin əsas səbəbi isə pandemiya dövründə nara tələbatın artması oldu. Narın mikroelementlərlə zəngin olması, antioksidant təsirə malik olması dünyada belə bir tendensiya formalaşdırdı ki, nar meyvəsi və şirəsinə tələb artdı. Ötən ilə baxanda tələbdə artım var.

- Pandemiya nar ixracatçıları üçün hansısa logistik problem yaratdımı?

- Dövlət Gömrük Komitəsi və  Qida Təhlükəsizliyi Agentliyində idxalla bağlı hər hansı problemimiz olmayıb. Əksinə, digər məhsulların ixracı azaldığı və Gömrük Komitəsi və AQTA-nın işi müəyyən qədər yüngülləşdiyi üçün bizim hər hansı problemimiz olmayıb. Digər məhsulların ixracının azalmasının səbəbi isə xarici ölkələrin qapanmaya getməsi, müştərilərin sayının azalması oldu. Nara isə əksinə, tələbat artdı. Bu səbəbdən ixracla bağlı hər hansı problemimiz yoxdur.

- Azərbaycan narının əsas ixrac istiqamətləri hansılardır? 

- Əsasən Rusiya, Ukrayna və MDB ölkələridir. Bundan başqa, çox az miqdarda Şərqi Avropanın bəzi ölkələrinə ixracatımız olub. Ötən il Fransaya ixrac olub. Bu il isə Avstriyanın Vyana şəhərinə nümunələr göndərdik. Onlar bizim məhsullarımızdan çox razı qalıb. Sadəcə olaraq, həmin ölkələrdə tələb olunan sertifikatlaşma, qida təhlükəsizliyi ilə bağlı bəzi tələblərdir. Onlarla narın yetişdirilməsində istifadə etdiyimiz petisitlər, dərman və gübrələr nə qədər olacaq, bu məsələləri aydınlaşdırırıq.

Ümumilikdə isə ötən il ölkədə 182 min ton nar istehsal olunub, onun cəmi 19 min tonu, təqribən 10 faizi ixrac olunub. Bu  da çox aşağı rəqəmdir və ən azı bu rəqəm 30-un üzərinə qalxarsa, ölkəyə müəyyən qədər valyuta gətirmiş olarıq.

- İxracın az olmasının səbəbi  nədir?

- Səbəb fermerlərimizin narın yetişdirilməsində kəmiyyət və keyfiyyət meyarlarına ciddi riayət etməməsidir. Assosiasiyanın ciddi vəzifələrindən biri narçılara təlimlərin keçirilməsi ilə, innovativ üsulların tətbiq edilməsi ilə, ciddi şəkildə bazar araşdırılmasının aparılması ilə, hansı ölkələrə hədəflənmək, logistika ilə bağlı onlara dəstək olmaqdır.  Yəni istehsal prosesində və istehsaldan sonrakı zəncirdə hər bir şeyə ciddi riayət olunmalıdır. Bir-birinə çox bağlı şəkildə bu proseslər həyata keçirilməlidir. Fermerin 1-2 hektar nar bağı var, ancaq müəyyən dərman, gübrə ilə zərərvericilərə qarşı mübarizə aparır və gözləyir ki, hansısa ixracatçıya satsın və məhsul bu şəkildə də xaricə getsin. Ancaq düşünmür ki, bunun keyfiyyəti aşağıdır, yeni tinglər tapmır, yeni tinglərlə bağlı assosiasiyamıza təklif versinlər ki, bunun məhsuldarlığı daha çoxdur. Fermerlərimizdə bu mənada ciddi təşkilatlanma, maariflənmə problemləri var. Hazırda da onun üzərində çalışırıq.

- Azərbaycan məhsulları dadına görə dünya bazarında yer tuta bilsə də, markalaşdırmada, keyfiyyətli və cəlbedici qablaşdırmada problem yaşayır. Narla bağlı da belə problemlər varmı?

- Bəli, bu problem çox ciddidir. Ümumiyyətlə, nar meyvəsinin ixracı ilə bağlı 1-2 şirkət tapmaq olar ki, onların normal marketinqi olsun. Əlbəttə, emal sənayesində böyük şirkətlərimiz var, “Azgranata” var,  “Azərsun” var, “Aznar” var, “Gilan” var. Bunlar markalaşmış brendlərdir. Nardan istehsal olunan məhsullar, şirələr, kompotlar, narşərab və digər məhsullardır. Onların marketinqi güclüdür. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış  “AzPromo” da bu prosesə dəstək verir. İndi pandemiya ilə bağlı yaranmış vəziyyət səbəbindən xaricdə məhdud sayda sərgidə iştirak edirik. Ancaq dünyanın ən bahalı sərgilərində iştirak etmək üçün dövlətimiz bizə imkanlar yaradıb. “Made in Azerbaijan” brendi altında sərgidə iştirak edirik. Yetər ki, normal markalaşmış məhsulu aparıb orada nümayiş etdirib satasan. Keyfiyyətli mal üçün müştəri hər zaman var.

- Avropa bazarına çıxış eyni həcmdə məhsula görə ölkəyə daha çox valyuta gətirmək baxımından əlverişlidirmi? Yəni Rusiya və MDB məkanı ilə müqayisədə daha çox gəlir götürmək mümkündürmü?

- Məhsulların daha çox Avropa ölkələrinə ixrac edilməsi, məhsulu daha baha satmaq və ölkəmizə daha çox valyuta gətirmək baxımından önəmlidir və labüddür. Rusiya və MDB bazarında digər ölkələrdə də eyni məhsullar idxal edildiyindən rəqabət aparmaq daha çətindir. Türkiyə   bazarına nəzər salsaq, qardaş ölkənin məhsulları həm qiymət, həm də markalaşma baxımından, eləcə də ticari görünüş tərəfindən Azərbaycan bazarlarını üstələyir. Ancaq dad baxımından dünyada Azərbaycan məhsullarına çatan məhsul yoxdur. Yetər ki, biz nar məhsulumuzu Avropada tələb olunan qida standartlarına uyğun yetişdirə bilək. Təbii ki, fermer üçün bunun da fəsadları var. Çünki Avropanın tələb etdiyi sertifikatları almaq üçün baha qiymətə olan dərman və gübrələrdən istifadə edilməlidir. Bu dərmanlar insan sağlamlığına minimum zərəri olan vasitələrdir. Buna görə də hələ ki Avropa bazarlarında lazımi təmsil oluna bilmirik. Ötən il Polşaya, Fransaya, Latviyaya az miqdarda olsa da, ixracımız olub. Amerika bizim maraq dairəmizdə olsa da, hələ ki oraya məhsulumuzu ixrac edə bilmirik. Bu mənada fermerlər özlərini əziyyətə salmamaq üçün məhsullarını tez və rahat şəkildə, həmçinin ucuz qiymətə Rusiya və Ukrayna bazarına çıxarır. Əsas səbəb budur.

- Ölkədə hazırda nar bağlarının ümumi sahəsi nə qədərdir və bu rəqəmi nə qədər artırmaq mümkündür?

- Ölkəmizdə hazırda  22700 hektar nar bağı mövcuddur. Bura həyətyanı sahələr daxil deyil. Həyətyanı sahələrin statistikası yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin narçılıq haqqında dövlət proqramı  var. Bizim planlarımıza görə yaxın 5 ildə təqribən 5 min hektara qədər nar bağlarının artırılması nəzərdə tutulub. Bununla bağlı dövlətimiz tərəfindən subsidiyalaşma mexanizmi də bizim üçün əlverişli vəziyyətə gətirilib. Belə ki, intensiv bağların hər hektarına görə ilk 4 il üçün 800 manat, 4 ili keçdikdən sonra isə 240 manatdan subsidiya alırıq.  Bu ilin fevral ayından deqradasiya olunmuş torpaqlara birdəfəlik subsidiyanın verilməsi ilə bağlı, nar üçün 5 min manat verilir. Yetərincə böyük rəqəmdir. Amma istərdik ki, narın əkildiyi bağlara verilsin, burada deqradasiya sözü olmasın. Bu zaman nar bağlarının yenilənməsinə, sertifikatlaşmış, bol məhsul verən tinglərin əkilməsinə, yeni bağların salınmasına fermerlərimiz meyl edə bilərdi.

- Narçılıqda hansı risklər var? Sahibkarları, fermerləri bu işdən çəkindilər amillər nələrdir?

- Nar bitkisi bilirsiniz ki, ağac deyil, koldur. Nar zəhmət tələb edən, insan əməyi tələb edən meyvədir. İnsan əməyi hər mərhələsində var, budama, dib budaması, yay budaması, yaşıl budama və sair. Nar tingi əkiləndən sonra az-az bar verməyə başlayır, maksimum məhsuldarlığını isə 7-8-ci ilində əldə etmək olur. Yəni bir sahibkar olaraq, həmin sahəyə investisiya qoyuluşu həyata keçirirsənsə, çox ciddi bazar araşdırması, çox ciddi risk təhlilləri aparılmalıdır ki, bu da uzunmüddətli investisiya olduğu üçündür. Azərbaycan kimi yerdə suyun, işçi qüvvəsinin, torpaqların bu cür ucuz olması səbəbilə biz digər nar ixracatçıları ilə, Türkiyə, Misir, Mərakeş kimi ölkələrlə müqayisədə xeyli mənfəət əldə edə bilərik. Birincisi bizim nar meyvəsinin dadı əvəzolunmazdır, ikincisi isə xeyli resurslarımız, suyumuz, torpağımız ucuz işçi qüvvəmiz var. Niyə biz mənfəət əldə edə bilməyək. Burada iş qalır fermerlərin məsuliyyətinə, maarifləndirilməsinə, təşkilatlandırılmasına. Təbii ki, dövlətin nəzarət mexanizmi də şaxəli şəkildə olmalıdır. Subsidiyalaşma mexanizmi var, artırıla bilər, bundan başqa da assosiasiyalarla, vətəndaş cəmiyyəti institutları ilə davamlı işləməklə, xarici təcrübəni öyrənməklə bu sahənin inkişafına daha çox töhfə vermək olar.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR