İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünya ağası”nın hesabatı – hamı suçludur, ABŞ-dən başqa

895 25.04.2024 13:25 Dünya A A

Hər il olduğu kimi, bu il də ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabat açıqlayıb.

İllərdir belədir: bu dövlət dünyanın 200-dən artıq ölkəsinin nə dərəcədə “demokratik” və “insan haqlarına riayət edən” olduqlarına dair arayış, pasport verir.

Bu mandatı, belə bir kontor işlətməyi ona kim, necə, hansı qərar-qətnamə ilə verib, bəlli deyil.

ABŞ bu missiyası öz üzərinə özü götürüb və özünə borc bilir ki, hər il dünyanın başqa dövlətlərini xəlbirləsin, bəzilərini “azad”, bir çoxunu “qismən azad”, çoxunu isə “azad olmayan” elan etsin.

Heç olmasa, bunu edərkən ABŞ Dövlət Departamentinin hesabatçıları obyektiv olsalar, bəlkə də razılaşmaq olardı, ancaq bu cür hesabatlar bir çox hallarda real vəziyyəti düzgün əks etdirmir, ABŞ ilə mövqeyi üst-üstə düşməyən ölkələrə təzyiq aləti kimi istifadə olunur.

Ona görə də xüsusilə son illərdə ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan haqlarına dair hesabatı artıq ciddi qəbul olunmur. Hesab olunur ki, bu sənədin hazırlanmas zamanı amerikalı diplomatlar və kəşfiyyatçılar öz işlərini başdansovdu görürlər, həmin ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayır, dəqiqləşdirmədən hesabata daxil edirlər.

Hətta bəzən absurd durumlar yaranır: ABŞ özündə dini ekstremistləri həbs etdiyi halda başqa ölkədə eyni şeyi edənləri qınayır və ekstremistlərin həbsini insan haqları ozuntusu kimi qeydə alır.

Üstəlik, bu hesabatlarda ABŞ-nin əlaltısı olan tam despotik rejimli ölkələrlə ABŞ ilə münasibətləri gərgin olan demokratik dövlətlər arasında birincilərin xeyrinə fərq qoyulur. Hansı dövlətlər ABŞ-nin əzəli rəqibləri Rusiyaya, Çinə yaxındırlarsa, həmin ölkələrdə insan haqlarına dair vəziyyət avtomatik olaraq “dözülməz” olur.

Yaxşı, bəs ABŞ-nin öz ərazisində insan haqlarının pozulması hallarına dair faktları kim toplayacaq, kim hesabat tərtib edəcək? ABŞ başqa bir ölkəyə rüsxət verərmi ki, bu ölkədə baş verən analoji pozuntuların statistikasını aparsın, sonda isə hesabat tərtib etsin? Görünür, bu işlə BMT məşğul olmalıdır. Bu təşkilatda isə veto hüququ olan beş dövlətdən biri ABŞ-dir.

Gerçəklik budur ki, ABŞ-də insan haqları xüsusunda güllük-gülüstanlıq deyil. Hər il yüzlərlə qaradərili sürücü, piyada ağdərili patrulların qeyri-insani rəftarı nəticəsində ölür. Onları ya asfalta sıxıb boğub öldürürlər, ya da əllərini sükanın üzərinə qoyarkən bir az ləngididiklərinə görə güllələyirlər.

ABŞ həbsxanalarındakı dözülməz şərait, cəngəllik qanunlarının hökm sürməsi bütün dünyaya heç də Hollivud filmlərindən bəlli deyil. (Əslində o filmlərin çoxu real hadisələr əsasında ssenariləşdirilmiş olur). Bu ölkədə fəaliyyət göstərən media qurumları bu barədə vaxtaşırı materiallar dərc edirlər. Məlum olur ki, ABŞ-də cəmiyyətdən təcrid olunmuşların durumu heç də ən qəddar rejimli ölkələrdə olduğundan fərqlənmir. Hər halda müasir dövrün ən vəhşi işgəncə məkanı kimi tanınan Quantanamo və İraqdakı “Əbu-Qreyb” həbsxanalarının bədnam şöhrəti ABŞ-nin adı ilə bağlıdır.

İrqçliyin ən son yasaqlandığı ölkələrdən biri olmasına baxmayaraq, bu ölkədə rasizm təzahürləri hələ də davam edirsə, islamofobiya zaman-zaman şiddətlənirsə, miqrantların hüquqlarının pozulması kütləvi hal alırsa, ABŞ bütün bunları görməzliyə vuraraq başqa ölkələrdəki analoji problemləri təsnif etməli deyil, birinci öz içini düzəltməlidir.

Hazırda təkcə prezidentliyə namizədlərin – Bayden və Trampın özlərinin və tərəfdarlarının ritorikasına diqqət edək. İkisi də milyonlarla insanın yaşamaq, köç etmək hüququnu necə məhdudlaşdırmaqdan danışır. Tramp hakimiyyətə gələrsə, yüzminlərlə qaçqını ABŞ-dən deportasiya edəcəyi ilə hədələyir.

Bu, o ABŞ-dir ki, illər öncə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ABŞ vətəndaşı olan məşhur jurnalist yoxa çıxarıldı, amma Vaşinqton susdu. Qəzzada 30 minə yaxın mülki insanın ölümü, qırğının davam etməsi ABŞ dövlətini istiləndirmir.

ABŞ ordusunun İraqda, Əfqanıstanda və başqa ölkələrdə törətdikləri hərbi cinayətlər hamıya bəlli olsa da, nə doğru-dürüst statistikası aparılır, nə də buna görə ABŞ-ə irad bildirən, sanksiya tətbiq edən var. Amma o, bütün dövlətlərə sanksiya tətbiq edə bilər.

Bütün dünyada söz və mətbuat azadlığına riayət, jurnalistlərə sərbəst fəaliyyət imkanı tələb edən ABŞ budur 10 oldir ki, başqa ölkənin vətəndaşı olan Culian Assanjı məhz azad peşə fəaliyyətinə grə təqib edir və ekstradisiya etdirərək 10 qat ömürlük cəzaya məhkum etmək niyyətindədir. Nə var, nəvar, Assanj bu dövlətin başqa dövlətlərə qarşı gerçək münasibətini, sirlərini faş edib.

Bu, dünya ağalığının özüdür. ABŞ qeyri-rəsmi şəkildə özünə belə bir status ayarlayıb. Ona müqavimət göstərənlərin adını isə müxtəlif hesabatlara salır, cavabdeh, suçlu durumuna qoyur.

Bu ölkənin son yüzildəki tarixinə baxırsan, səhifələrdən qan sızır: Yaponiya, Koreya, Vyetnam, Çili, Panama, Qranada, İraq, Əfqanıstan, Suriya və s. Proses davam edir. ABŞ dünya dövlətlərinin daxilini qarışdırmaq şakərindən əl çəkmir.

Bu dövlətin getdikcə dünyada sevilməz, istənilməz duruma düşməsinin başlıca səbəbi də budur.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR