İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada kişilərə qarşı aqressiya artıb - səbəblər

958 16.04.2022 09:10 KİVDF layihələri A A

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var...

Bu bir faktdır ki, dünyada artıq kişilərə qarşı da aqressiya artan tendensiyada davam edir. BMT-nin son illər apardığı araşdırmalara görə,  ailədaxili, məişət zorakılığı zamanı qurban rolunda kişilərin sayı çoxalmağa başlayıb.

Öncə məişət zorakılığının mahiyyətinə aydınlıq gətirək.

Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəlki birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılıqdır, bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumun, qanuni nikahda olmadığı (vətəndaş nikahında birgə yaşadığı) və ya əvvəllər birgə yaşadığı şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Bunlar: ər-arvad, uşaqlar, nənə-baba, bacı-qardaş, keçmiş ər-arvad, nişanlı, sevgili, vətəndaş nikahında yaşayanlar və başqa yaxın adamlar ola bilərlər.

Məişət zorakılığını bir neçə forması var. Bura fiziki, psixi, iqtisadi və cinsi zorakılıq daxildir. Zərərçəkənlər bəzən bunlardan yalnız birinə, bir çox hallarda isə bir neçəsinə və ya bütün formalarına məruz qalırlar.

Beləliklə, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib.

Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloq Nidirutu Njoka işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirib. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi oriyentasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. İldə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri isə sığınacağın uzunmüddətli qonağına çevrilir.

Türkiye''nin 2. erkek sığınma evi İzmir''e - Yeni Şafak

Azərbaycana gəldikdə isə, ölkəmizdə də məişət qurbanı olan kişilərin sayında artım müşahidə olunur. Belə ki, ötən ilin 9 aylıq statistikasına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 369 məişət zorakılığına məruz qalan 369 nəfər müraciət edib ki, onlardan da 81 nəfəri kişi olub. Onu da xatırladaq ki, bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda kişi hüquqları komitəsi, ayrıca kişi sığınacaqları yoxdur.

Bəs Azərbaycanda kişilər hansı hallarda məişət zorakılığına məruz qalır?

Bütün statistikalar onu göstərir ki, ölkəmizdə fiziki zorakılığı əsasən kişilər törədir. Qadınlar tərəfindən törədilən fiziki zorakılıq faktları olsa da, bu çox az qisim təşkil edir. Araşdıranda məlum olur ki, daha çox qoca və xəstə kişilər qadınlar tərəfindən fiziki zorakılığa məruz qalır. Gənc ailələrdə demək olar ki, bu cür faktlar çox təsadüfi hallarda baş verir. Gənc ailələrdə qadınlar daha çox məişət zəminində özlərini müdafiə etmək üçün, bəzən isə qısqanclıq ucbatından qarşı cinsə zorakılıq nümayiş etdirir.

Ekspertlər də qeyd edir ki, ölkəmizdə kişilər qadınlar tərəfindən əsasən psixoloji zorakılığa məruz qalır. Lakin ara-sıra sayılı sayda da olsa kişilərin qadın tərəfindən zorakılığa məruz qaldığı da ortaya çıxır. Çox zaman qeyd olunur ki, əslində əvvəllər də bir sıra kişilər qadın zorakılığına məruz qalıb, lakin Azərbaycan mentalitetindən irəli gələrək, onlar şikayət etməkdən və yaxud bu haqda danışmaqdan çəkiniblər.

Digər səbəb kimi isə göstərilir ki, ümumiyyətlə, həm dünya, həm də Azərbaycan ailələrində müxtəlif sosial, iqtisadi səbəblər ucbatından gərginlik artmaqdadır. Nəticədə qadınlarla yanaşı, kişilər də bəzən fiziki təzyiq görürlər...

Xalidə Gəray
Yeni Müsavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR