İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcəl həngi – Narışkindən Navalnının ölümünə dair “dəqiq təsbit”

2057 06.03.2024 12:00 Analitika A A

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Soloviev Live"ə müsahibəsində bildirib Aleksey Navalnı öz əcəli ilə ölüb.

Hazırda ABŞ və Avropada, eləcə də dünyanın əksər yerlərində, yumşaq desək, bu versiya ilə razılaşmırlar, hesab edirlər ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı öz əcəli ilə ölməyib.

Narışkini belə bir açıqlama verməyə vadar edən səbəb də dünyanın yerdə qalan hissəsinin Navalnının öz əcəli ilə ölməsinə inanmamasıdır.

Rusiyaya yaxın bəzi ölkələr özlərini Narışkinin versiyasına inanmış kimi göstərsələr də, onlar da əslində Navalnının nəyə görə vaxtsız öldüyünü tam dəqiqliyi ilə bilirlər.

Bunu Rusiyada da demək olar ki, yetkin insanların hamısı bilir. Hər kəs əsl həqiqətdən xəbərdardır, sadəcə, çox adam bilə-bilə susur, bir qism adam isə Narışkin kimi israrla “əcəl faktor”unu qabardır.

Ona qalsa, rusiyalı oliqarx, bir zamanlar Rusiya baş nazirinin 1-ci müavini olmuş, sonradan prezident Putinlə arası dəymiş, onun əlindən qaçıb Londona sığınmış Boris Berezovskinin də öz əcəli, daha dəqiqi, öz seçimi ilə öldüyü iddia olunurdu. Az qala buna hamı inanırdı, amma Londonun kriminal təhqiqatçıları inanmadılar və hələ də iddia edirlər ki, Berezovskiyə intihar etməsi üçün ciddi şəkildə kömək ediblər. Özü tərəddüd edir, müqavimət göstərirmiş, “qonaq”lar deyiblər, “Boris, tı ne prav”.

Keçmiş DTK zabiti Aleksandr Litvinenkonun da Londonda öz əcəli ilə öldüyü iddia olunurdu. Ancaq sonradan onun konkret hansı maddə ilə, hansı oteldə, kimlər tərəfindən zəhərləndiyinə dair çoxlu detallar açıqlandı və məlum oldu ki, Litvinenko öz əcəli ilə ölməyib. Litvinenko ilə birlikdə oteldə çay, qəhvə içən qonaqlar isə zəhərlənməmişdilər, buna görə də vətənlərinə qayıtdıqdan sonra dövlət mükafatı aldılar.

Zəhərlə qətl, qəza ilə edam elə şeydir ki, bunları təşkil etmək bir az çətindir, əvəzində ictimai fikri uzun müddət çaşdırmaq, məsuliyyətdən yayınmaq, ortaya “əcəl ilə ölüm”ə dair versiyalar atmaq olur.

Güllə ilə qətldə isə manevr etmək imkanı sıfıra bərabərdir. Bu zaman demək olmur ki, adam öz əcəli ilə ölüb. Məsələn, Rusiya müxalifətinin liderlərindən biri olan Boris Nemtsovun 2015-ci ilin fevralında Kremlin bir neçə yüz metrliyində güllələnərək öldürülməsi hadisəsində təbii ölümdən danışmaq mümkün deyildi. Adamı güllələmişdilər. O zaman hətta işi qədim kriminalistlərin qoyduğu məşhur sual (“bu qətl kimə sərfəliydi”) üzrə irəlilətmək də mümkün olmadı, çünki qətlin bir nəfərə çox sərf etdiyi qətldən öncə də məlum idi. Belə olanda ortaya çoxlu versiya atdılar, içindən birini seçdilər, bir neçə nəfər həbs olundu, amma onların Nemtsovu hansı motivlə öldürdükləri barədə ifadələri inandırıcı olmadı.

Navalnının öz əcəli ilə ölməsinə dair versiya isə ona görə dünyada heç kəsə inandırıcı gəlmir ki, onu 2020-ci ilin avqustunda Tomskda bir dəfə də əcəlinə yaxınlaşdırmış, “Noviçok” adlanan maddə ilə zəhərləmişdilər və rus həkimlər onu müayinə edərək Navalnının orqanizmində heç bir zəhərli maddə “aşkar etməmişdilər”. Ancaq onun qısa müddətdən sonra yerləşdirildiyi Almaniya klinikasının həkimləri Navalnının hansı qrupdan olan preparatla zəhərləndiyini aşkar emiş, adamı 5 ay müalicə edərək həyata qaytarmışdılar.

Əgər Navalnı 2020-ci ildə Tomskda ölsəydi, o zaman “öz əcəli ilə ölüb” versiyası indikindən daha inandırıcı olardı. İndiki isə az inandırıcıdır, hətta heç inandırıcı deyil. Elə çıxır ki, Navalnı hakimiyyətə gəlmək istədiyini bəyan etdiyi gündən onu əcəl girləyirmiş.

Rusiyanın son 100 illik tarixində siyasi qətllər çox olub, ona görə də bu gün federasiyada baş verən hadisələr dünyada təəccüb doğurmur, hamı anlayışla və təəssüflə qarşılayır.

Stalinin vaxtında isə daha çox siyasi edamlar olub. Stalin öz rəqiblərini, xoşuna gəlməyənləri daha çox qanuni şəkildə, leqal olaraq, məhkəmədən keçirərək qətlə yetirib, yəni edam etdirib. Düzdür, o vaxtlar da zəhərlə, təşkil edilmiş qəzayla, sui-qəsdçi gülləsi ilə öldürülənlər olub, amma “ellər atası” çox zaman çalışıb ki, hər şey “qanun çərçivəsində olsun”, ölməli adamlar “casus” olduqlarını boyunlarına alsınlar və son saniyəyə qədər əfv olunacaqlarına ümid bəsləyə-bəsləyə güllələnsinlər.

Əslində o kütləvi edamlar da əcəl məsələsi olub - onlar üçün əcəl zəngi sovet dövlətinin himni ilə birlikdə çalınıb.

Gərək Narışkin Navalnının ölümünə reaksiya verərkən alın yazısından da danışaydı, deyəydi, onun yazısı ora qədərmiş.

P.S. Yazının başlığına verilmiş “həng” sözünün mənaları çoxdur: qədr-qiymət, miqdar, zor, güc, qüvvət, ağıl, dərrakə, yarğan, musiqi, qəsd, niyyət. Göründüyü kimi, çoxu mövzuya düz gəlir, xüsusilə də sonuncu ikisi..

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR