İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Bakını Qafqazın geopolitik paytaxtına çevirir: Ermənistan isə regional anklav taleyinə məhkum olunur

2069 16.03.2024 18:38 Analitika A A

ABŞ və Qərbin Cənubi Qafqazda hər hansı geopolitik prioritetlər barədə düşünməkdən öncə ilk növbədə mütləq Azərbaycanla uzlaşma nöqtələri axtarması qaçılmazdır... Əks halda, Qərb də, onun prioritetləri də regiondan kənarda qalacaq, çünki rəsmi Bakı Cənubi Qafqazın yeni geopolitik sisteminin formalaşdırılması prosesini artıq yekunlaşdırıb...

ABŞ və Qərbin Cənubi Qafqaz prioritetlərinin tədricən dəyişməyə başlayacağı qətiyyən şübhə doğurmur. Üstəlik, gözlənilən dəyişikliklərin ilkin əlamətləri də artıq müşahidə edilməyə başlayıb. Xüsusilə də, rəsmi Bakının Cənubi Qafqazda hegemon geopolitik iradəyə malik olması Qərbdə Azərbaycanla münasibətlərin inkişaf tempinə və istiqamətlərinə daha həssas yanaşmaq məcburiyyəti yaradır. Və bu, yaxın gələcəkdə regional geopolitik proseslərin məzmunca yeni keyfiyyət qazanma ehtimalına inandırıcı görüntülər verir.

Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqazda Rusiya təsirini zəiflətmək niyyətini qətiyyən gizlətmir. Ancaq indiyə qədər Fransanın təktərəfli və qərəzli hərbi-siyasi manevrləri Qərbin ümumi maraqlarını ciddi risk altına salıb. Ona görə də, ABŞ və Qərb bu səhvləri, eləcə də, onların neqativ nəticələrini aradan qaldırmaq istiqamətində hərəkətə keçib. Və bu baxımdan, yaxın vaxtlarda Fransanın tədricən oyundan kənar vəziyyətə salına biləcəyi də qətiyyən istisna deyil.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Məsələ ondadır ki, ötən ilin sonlarına doğru Azərbaycanla münasibətləri korlamaq həddinə çatmış ABŞ indi tamamilə fərqli prioritetlərə yönəlib. Hər halda, əvvəlcə ABŞ-ın dövlət katibi Entoni Blinken rəsmi Bakı ilə siyasi-diplomatik dialoqun intensivliyini artırdı. Və nəticədə korlanmaq həddinə çatmış Azərbaycan-ABŞ münasibətlərini xilas etməyə nail oldu.

İndi isə ABŞ prezidenti Co Bayden də Azərbaycanla münasibətlərin yeni mərhələyə keçirilməsi istiqamətində pozitiv addımlar atmağa çalışır. Hər halda, Ağ Ev sahibinin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz Bayramı ilə bağlı təbrik müraciəti göndərərək, ABŞ-ın rəsmi Bakı ilə tərəfdaşlığa hazır olduğunu bəyan etməsi bütövlükdə Cənubi Qafqaz üçün də böyük əksəriyyət daşıyır. Və bu, ilk növbədə ABŞ-ın Fransanın bu regiondakı davranışlarını dəstəkləndiyini biruzə verir.

Təbii ki, Fransanın Cənubi Qafqaz planlarının iflasa uğraması artıq şübhə doğurmayan bir məsələdir. Çünki ABŞ və Qərb öz Cənubi Qafqaz siyasətini Fransanın geopolitik intriqalarının girovuna çevrilməsinə imkan vermək niyyətində olmadığını sezdirir. Ona görə də, hazırda müşahidə olunan yeni geopolitik manevrlər həm Fransada, həm də Ermənistanda məyusluq doğura biləcək məzmun daşıyır. Və bu regionun gələcək taleyində Fransanın iştirakının olmayacağını elə indidən təxmin etmək mümkündür.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Məsələ ondadır ki, yalnız Ermənistana və "erməni faktoru"na dayaqlanan rəsmi Parisin Cənubi Qafqazdakı rəqibləri Fransadan daha güclüdür. Birincisi Azərbaycan Fransanın Cənubi Qafqaz intriqalarına təkbaşına müqavimət göstərmək gücünə sahibdir. Üstəlik, rəsmi Bakı artıq Fransanı Cənubi Qafqazın qapıları ağzında saxlayaraq, sadəcə, Ermənistan ətrafında perspektivsiz vurnuxmaya məhkum etməyi bacarıb.

Digər tərəfdən, NATO üzrə müttəfiqi olsa da, Fransanın ən ciddi beynəlxalq rəqibi olan Türkiyə də Cənubi Qafqazı rəsmi Parisin öhdəsinə buraxmaq niyyətindən çox-çox uzaqdır. Rəsmi Ankaranın Cənubi Qafqazda və Orta Asiyada olduqca ciddi strateji hədəfləri mövcuddur. Üstəlik, Türkiyənin Cənubi Qafqazda Azərbaycan kimi regional lider statusuna sahib olan hərbi-siyasi müttəfiqi mövcuddur. Və bu önəmli faktor Türkiyəyə Fransa qarşısında daha qətiyyətli davranmaq imkanları açır.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin Cənubi Qafqazda geoiqtisadi iştirakı da mövcuddur. Belə ki, rəsmi Ankara Azərbaycanla ortaq iqtisadi-ticari layihələrin reallaşdırılması prosesini maksimum həddə qədər intensivləşdirib. İndi Türkiyə Azərbaycanın yalnız strateji müttəfiqi olmaqla qalmayıb, həm də geoiqtisadi tərəfdaşıdır. Bu, Cənubi Qafqazın gələcək geopolitik və geostrateji arxitekturasını müəyyən edən əsas faktorlardan biridir.

Məsələ ondadır ki, Türkiyənin Azərbaycanla yanaşı, Gürcüstan ilə da genişmiqyaslı iqtisadi-ticari tərəfdaşlığı mövcuddur. Həm Türkiyə, həm də Azərbaycan Gürcüstan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırıb. Üstəlik, sərmayə yatırımı regional xarakter daşıyır və bu üç ölkə arasında iqtisadi inteqrasiya prosesinin inkişaf tempini təmin edir. Xüsusilə də, bu üç ölkənin vahid regional infrastruktur layihələri ilə birləşməsi də Cənubi Qafqazın geopolitik əhəmiyyətini artırır. Və bu, regiondan kənar güclərin real təsirlərini aşa bilməyəcəyi geostrateji faktordur.

ff26b3af85b85d0f0e42676d2e66c189.jpg (174 KB)

Maraqlıdır ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış yeni Bakı Bəyannaməsi müəyyən mənada, Cənubi Qafqazda maraqları olan, ona görə də, bu regionu növbəti hərbi-siyasi xaosa sürükləməyə can atan kənar güclərin planlarına sarsıdıcı zərbə sayıla bilər. Çünki Bakı Bəyannaməsi bir daha sübut edir ki, Cənubi Qafqazda "erməni faktoru" artıq heç bir təsirə malik deyil. Üstəlik, Ermənistan da regional inkişaf layihələrindən kənarda qalıb. Və belə əhəmiyyətsiz region ölkəsi üzərindən Cənubi Qafqaza yerləşmək cəhdləri elə əvvəlcədən iflasa məhkumdur.

İndi reallıq ondan ibarətdir ki, Cənubi Qafqazın iqtisadiyyatı, eləcə də, infrastruktur layihələri məhz üç ölkənin - Azərbaycan, Türkiyə və Gürcüstan ortaqlığının tam nəzarəti altındadır. ABŞ və Qərb bu reallığı mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, ABŞ və Qərb bütün sahələr üzrə anklava çevrilmiş, Cənubi Qafqazın iqtisadiyyatından və infrastrukturundan tamamilə kənarda qalmış Ermənistana yerləşməklə, bu regionda öz maraqlarını təmin edə bilməz.

Bu səbəbdən də, Qərbin Cənubi Qafqazda hər hansı geopolitik prioritetlər barədə düşünməkdən öncə mütləq Azərbaycanla uzlaşma nöqtələri axtarması qaçılmazdır. Əks halda, Qərb də, onun prioritetləri də Cənubi Qafqazdan kənarda qalacaq. Çünki Cənubi Qafqazın geopolitik lideri və strateji idarə mərkəzi hazırda məhz Azərbaycan sayılır. Və rəsmi Bakı Azərbaycanın hərbi zəfərindən sonra Cənubi Qafqazın yeni geopolitik sisteminin formalaşdırılması prosesini artıq yekunlaşdırıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR