İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Paşinyanı "qapalı toplantı"ya məcbur etdi: İrəvan Bakının son mesajlarından qorxuya düşüb

2392 20.01.2024 18:25 Analitika A A

Paşinyan hakimiyyəti sülh sazişinin imzalanmasının təhlükə qarşısında qala biləcəyindən ciddi şəkildə narahat olmağa başlayıb və rəsmi Bakının müəyyən etdiyi siyasi gündəmə məhkum qalıb... Ona görə də, rəsmi İrəvan Prezident İlham Əliyevin son xəbərdarlıq mesajlarından hansı nəticələrin çıxarılmasının vacib olduğunu daha dəqiq şəkildə müəyyən etməyə çalışır...

Cənubi Qafqaz uğrunda mübarizə intensiv və amansız xarakter almağa başlayıb. Dünya nəhəngləri bu regionda bir-birini oyundan kənar vəziyyətə salmaq üçün bütün imkanlardan istifadə edirlər. Halbuki, indiki situasiyada Cənubi Qafqaz qarşıdurmasında qalibin kimliyinin müəyyən edilməsi heç də yalnız dünya nəhənglərindən asılı deyil. Və bu, region uğrunda mübarizənin istiqamətlərinə birbaşa təsir göstərən əsas faktorlardan biri hesab olunur.

Məsələ ondadır ki, Cənubi Qafqazda  regional lider dövlət rolunda məhz Azərbaycan çıxış edir. Hazırda rəsmi Bakı bu regionda şəriksiz geopolitik iradə sahibidir. Yəni, Azərbaycanın müqavimət göstərdiyi və blokladığı regiondan kənar heç bir dövlət Cənubi Qafqazda öz maraqlarını reallaşdıra bilməz. Və Fransanın Cənubi Qafqazdakı sülh prosesindən kənarlaşdırması bu reallığı artıq birmənalı şəkildə təsdiqləyib.

Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarının həm region ölkələri, həm də kənar güclər tərəfindən ciddi şəkildə müzakirə olunması qətiyyən gözlənilməz deyil. Xüsusilə də, Azərbaycan liderinin sülh sazişinin imzalanması üçün münbit şərait yarandığını, ancaq regionda maraqları olan kənar güclərin buna əngəl törətdiyinə yönəlik mesajları bəzi beynəlxalq siyasi dairələrdə narahatlıq doğurub. Və rəsmi Bakının prinsipial mövqeyinin onların geopolitik hədəflərini boşa çıxara biləcəyi ilə bağlı qənaətləri gücləndirib.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Maraqlıdır ki, Rusiya dərhal Azərbaycan ilə qarşılıqlı münasibətlərin pozitiv istiqamətdə inkişaf etdiyini qabartmağa ehtiyac duyub. Xüsusilə də, Rusiyanın bir müddət öncə Ermənistana silah-sursat göndərməsindən sonra Kremlin rəsmi Bakının verə biləcəyi reaksiyadan narahat olmaq üçün səbəbləri olmamış deyildi. Və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da tez-tələsik Azərbaycanla hər hansı problemlərin olmadığını qabartmağa cəhd göstərdi.

Məsələ ondadır ki, rus nazir hətta daha da irəli gedərək, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Rusiya paytaxtı Moskvada imzalana biləcəyini də qətiyyən istisna etməyib. Sergey Lavrov vurğulayıb ki, rəsmi Bakı bu məsələdə Kremlin təkliflərinə qətiyyən neqativ reaksiya vermir. Ancaq rus nazir Kremlin analoji təkliflərinə Ermənistanın sükutla cavab verməsindən Rusiyanın narazı olduğunu da gizlətməyib. Və bu, Kremlin mövcud problemlərin Azərbaycandan deyil, məhz Ermənistanın davranışlarından qaynaqlandığına dolayısı eyham vurması anlamı daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son mesajları Ermənistan cəmiyyətində də geniş rezonans doğurub. Ermənistan siyasi dairələrində Azərbaycan liderinin xəbərdarlıq mesajları intensiv şəkildə müzakirə olunmaqda davam edir. Erməni politoloqlar real situasiyanın anlaşılması üçün Azərbaycan liderinin gündəmə gətirdiyi tezislər olduqca böyük önəm daşıyır. Və bu baxımdan, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini aldatmaqda suçlanır.

pasha-bohran-kreml.PNG (941 KB)

Maraqlıdır ki, erməni politoloq Vaqe Aqadjanyan mövcud reallıqları açıq şəkildə ictimailəşdirdiyi üçün hətta Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür də edib. Onun fikrincə, Azərbaycan liderinin həqiqətləri açıqlaması baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan cəmiyyətinin çatdırılması cəhdlərinin qarşısını alır. Və buna görə də, erməni toplumu məhz Azərbaycan Prezidentinə minnətdar olmalıdır.

Erməni politoloq hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin mesajları Paşinyan hakimiyyətinin siyasi planlarının iflasa uğradığını göstərir: "Paşinyan hakimiyyətinin hədəfləri boşa çıxıb, onun elan etdiyi "qırmızı cizgilər"in hamısı öz əhəmiyyətini itirib. Ona görə də, baş nazir Nikol Paşinyan əvvəlcə üzr istəyib, istefa verməlidir. Keçiriləcək növbədənkənar seçkilərdə isə Nikol Paşinyan iştirak etməməlidir. Ermənistan yeni savaşa hazır deyil və hələ uzun müddət də olmayacaq. Ermənistanı salamat çıxa bilməyəcəyi savaşa məhkum etmək olmaz. Ona görə də, heç olmasa, indi mövcud olan dövlətin qorunması üçün Paşinyan hakimiyyəti öz uğursuzluğunu etiraf edib, kənara çəkilməlidir".

Göründüyü kimi, Ermənistan cəmiyyətində pessimist əhval-ruhiyyə hökm sürməkdədir. Prezident İlham Əliyevin xəbərdarlıq mesajları isə bu pessimist əhval-ruhiyyəni daha da gücləndirib, Ermənistan cəmiyyətini ümidsizliyə düçar edib. Yəni, hazırda Ermənistan cəmiyyətində siyasi-ictimai gündəm məhz rəsmi Bakı tərəfindən müəyyən edilir. Və hətta Azərbaycan siyasi dairələri Ermənistanda daxili siyasi prosesləri belə, kənardan idarə etməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son mesajları Ermənistanın rəsmi dairələrinə də birbaşa təsir göstərməkdədir. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan liderinin regiondan kənar beynəlxalq siyasi dairələrin Cənubi Qafqazda sülh prosesini pozmağa çalışdıqları barədə dediklərini dolayısı ilə təsdiqləyib.

eliyev-pasha-sened.JPG (67 KB)

Erməni spiker vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün ikitərəfli təmaslar indi daha faydalı variant kimi görünür. Onun fikrincə, beynəlxalq vasitəçilərin geopolitik maraqları olduğundan onlar sülh prosesində daha çox öz regional hədəflərini ön plana çıxartmağa üstünlük verirlər. Və bu səbəbdən də sülh prosesində müsbət nəticələrin əldə olunması çətinləşir.

Maraqlıdır ki, Ermənistanın hakim partiyasının parlamentdəki təmsilçiləri xarici işlər naziri Ararat Mirzoyanı qapalı toplantıya çağırıblar. Əsas məqsəd isə xarici siyasət sahəsində yaranmış vəziyyətin, eləcə də, Azərbaycan Prezidenti İlham Əliyevin son mesajlarının müzakirə edilməsindən ibarətdir. Ermənistanın hakim partiyasının təmsilçiləri Ararat Mirzoyanın sülh sazişinin imzalanması qarşısında olan əngəllər, Bakı və İrəvan arasında təkliflərin mübadiləsi barədə məlumat verməsini istəyirlər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti sülh sazişinin imzalanmasının təhlükə qarşısında qala biləcəyindən ciddi şəkildə narahat olub. Ona görə də, Prezident İlham Əliyevin son mesajlarından hansı nəticələrin çıxarılmasının vacib olduğunu daha dəqiq şəkildə müəyyən etməyə çalışır. Və bu, o deməkdir ki, əslində, rəsmi Bakı Ermənistan cəmiyyətinin, eləcə də, hakim siyasi dairələrinin gündəmini təyin etmək imkanlarına da sahibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR