İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevə jest edən, Əliyevdən jest görən həkim – Yaşar Əliyevin ömür yolu

3277 09.12.2023 12:55 Yazarlar A A

 

Dünən axşam 75 yaşındaykən vəfat edən dövlət xadimi Yaşar Əliyevə dair elə detallar var ki, onları hazırda az adam bilir və bu barədə çox az yazılıb. Bunu yalnız 35 il öncədən siyasətlə maraqlanan, o dövrün olaylarını ən incə detallarına qədər yadında saxlayan adamlar xatırlayır.

Geniş ictimaiyyət mərhum Yaşar Əliyevi 1990-cı ildə tanıdı. O zaman o, Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi. Həmin vaxt onun ad-soyad və ata adında müəyyən bir fərqlilik vardı. Bütün deputatların ata adı “oğlu və ya qızı” kimi göstərildiyi halda Yaşar Əliyevin ata adı sadəcə “Tofiqi” kimi qeyd olunurdu və bu, onun valideynlərinin Cənubi Azərbaycandan olması anlamına gəlirdi.

O zamanlar konyuktura beləydi, rayonların 1-ci katibləri (kompartiyanın rayon komitələrinin rəhbərləri), prokurorları, milis rəisləri, iri müəssisələrin rəhbərləri, bir də rayonların baş həkimləri mütləq deputat seçilirdilər. Ali Sovetin deputatların sayı 350-400 civarında olurdu, hamıya yer çatırdı.

Həmin vaxt 42 yaşlı Yaşar Əliyev ölkənin ən məşhur xəstəxanalarından birinin – Semaşko adına xəstəxananın (indiki Musa Nağıyev adına klinika) baş həkimi olduğuna görə onun deputat seçilməsi nomenklatura tələbi idi. Yəni o vəzifədə kim olsa Ali Sovetin mandatını alacaqdı. Bu səbəbdən Y.Əliyevi o zaman prezident vəzifəsini tutan Ayaz Mütəllibovla əlaqələndirmək düzgün olmazdı. O, kompartiyanın kadrı idi və hələ 36 yaşından baş həkim vəzifəsini tuturdu.

Daha sonra, 1991-ci ilin bu vaxtları, dövlət müstəqilliyi bərpa olunduqda dövrün əsas müxalifət qüvvəsi AXC-nin və onun parlamentdə təmsil olunan fraksiyasının tələbi ilə 360 nəfərlik parlamentin yerində 50 nəfərlik (25 üzv “Demblok”dan, 25 üzv “Komblok”dan) Milli Şura yaradıldı və Yaşar Əliyev də “yeni parlament”in üzvü oldu. Bu məsələdə Mütəllibovun ona rəğbəti rol oynamış ola bilərdi. Çünki Yaşar Əliyev parlamentin sessiyalarında səbatlı mövqe nümayiş etdirir, təmkinli çıxışları, sanbalı ilə fərqlənirdi.

Ancaq sonra dövrün təlatümləri bu Milli Şuranın rəhbərliyini bir neçə dəfə dəyişdi. Əvvəlcə Milli Şura Xocalı faciəsindən sonra istefaya getməyə məcbur olan Mütəllibovun kadrı Elmira Qafarovanın yerinə Yaqub Məmmədovu parlament sədri, prezident səlahiyyətlərinin icraçısı seçdi. Daha sonra o da istefa verdi və onun yerinə AXC-nin liderlərindən olan, “Demblok” fraksiyasının rəhbəri İsa Qəmbər seçildi.

1993-cü ilin iyununda baş verən qiyam və dövlət çevrilişi həm Ali Sovetin rəhbərliyini, eləcə də həkim Yaşar Əliyevin taleyini birdəfəlik dəyişdi.

O zaman prezident Elçibəyin iradəsi ilə vəzifəsindən istefa verən baş nazir Pənah Hüseynin ardınca parlamentin sədri İsa Qəmbər də istefa verməyə məcbur oldu. Hakimiyyətin ali dairəsinin məsləhəti ilə dövlət rəhbərliyinə dəvət olunan Heydər Əliyev parlament sədri olmaq istədiyini deyəndə və bu barədə razılıq əldə olunanda Milli Məclisin iclasında ortaya bir dolaşıqlıq çıxdı. Məlum oldu ki, H.Əliyev Alo Sovetin deputat olsa da, Milli Şuranın üzvü deyil və parlament sədri postuna yalnız Milli Şura üzvlərindən biri seçilə bilər. Bu halda MŞ-in 50 üzvündən biri istefa verməliydi, ya da nəsə başqa bir uzun həll prosesi tapılmalıydı. Belə olanda Yaşar Əliyev söz aldı və Heydər Əliyevin onun yerinə Milli Şura üzvü seçilməsi üçün vəzifəsindən istefa verdiyini bəyan etdi.

Bu, artıq ən optimal çıxış yoluydu. Məsələ həll olundu, istefa qəbul edildi. Daha sonra MŞ-də keçirilən səsvermə ilə Heydər Əliyev Yaşar Əliyevin yerinə parlamentin üzvü, daha sonra sədri seçildi.

O zamanlar siyasi kuluarlarda Yaşar Əliyevin bu addımı birmənalı qarşılanmadı. Onu təqdir edənlərlə yanaşı, tənqid edənlər də oldu. Hər halda, 43 yaşlı həkim öz siyasi karyerasına balta vurmuş kimi görünürdü.

Y.Əliyevin həmin jestinin cavabı 1 il sonra, 1994-ci ildə verildi. Həmin il Y.Əliyev MŞ-də boşalan yerə qəbul edildi və Ali Sovetin sədr müavini postuna seçildi. Əgər o, 1993-cü ildə MM-dən sıravi bir deputat kimi istefa vermişdisə, 1 il sonra, 44 yaşında artıq parlament sədrinin müavini postuna gəldi. 1995-ci il seçkilərindən sonra Y.Əliyev adı dəyişdirilərək Milli Məclis adlandırılan parlamentin sədr müavini oldu.

Mərhum Yaşar həkimin xasiyyəti eləydi ki, həmişə təmkinini qoruyurdu. O, mötədil siyasətçi idi və o dövrün kəskin siyasi polemikalarında iştirakçı olmur, bəzi “qırğı”lar kimi siyasi rəqibləri “asıb-kəsmir”, özünü gözə soxmaq istəmirdi.

Y.Əliyevin parlament sədarətindəki fəaliyyəti 2002-ci ildə başa çatdı, ancaq onun köhnə və parlaq xidməti unudulmadı. Keçmiş baş həkimi diplomatik işə keçirdilər və Asiya regionunda eyni zamanda 5 ölkədə (Çin, Monqolustan, C.Koreya, Ş.Koreya və Vyetnam) səfir oldu.

Həm səfir postunda, həm də ondan sonra təqaüddə olduğu dövrdə Yaşar Əliyev heç zaman medianın gündəmində olmaq istəmədi, yerli-yersiz açıqlamalar verməkdən çəkindi. Hərçənd onun həm həkim, həm siyasətçi, həm də diplomat kimi danışmağa sözü, bilgisi çox idi. O, çox maraqlı söhbətlər edə bilərdi – necə olmasa da, 90-cı illərin qaynar qazanında qaynayıb bişmişdi. Amma istəmədi.

Allah rəhmət eləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR