İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Süleymanov: “Dövlətimizə yönəlmiş böhtan kampaniyasına qarşı 6 il vuruşduq və qələbə qazandıq”

1399 10.03.2023 09:39 Müsahibə A A

“Azərbaycana qarşı ədalətsiz hücumlara obyektiv fikirlərini bildirən, ölkəmizin xeyrinə səs verən avropalı deputatları da dərhal şantaj və təhdid edirdilər”

Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsindən, Qarabağın azad edilməsindən və hazırda sülh müqaviləsindən, sərhədlərin delimitasiyasından, paralel olaraq sülhməramlıların nəzarətindəki ərazilərdə mövcud olan separatçı rejimin ləğvinin şərt kimi qoyulduğu bir vaxtda Avropa coğrafiyasından növbəti dəfə Azərbaycana qarşı yenə hücumlar, qarayaxma, böhtan kampaniyalarının artması müşahidə olunmaqdadır. Fransanın timsalında bir sıra Avropa dövlətləri, o cümlədən AŞ PA-da yenə də erməni təəssübkeşliyi, Azərbaycana qarı siyasi məhbus iddiaları baş qaldırmaqdadır. Bu arada bəzi qərəzli şəxslər yenidən 96 nəfərlik bir “siyasi məhbus siyahısı” hazırlayaraq, dövriyyəyə buraxıblar. AŞ PA da güman ki, bunu  həvəslə araşdıracaq.

Bütün bunların Qarabağla bağlı, Azərbaycanla, Ermənistanla sülh müqaviləsinin müzakirələrinin getdiyi, rəsmi Bakının şərtləri diqtə etdiyi vaxtda baş verməsi təsadüfi deyil. Bunlar bunlar yenə də ermənipərəstliyin fəsadlarıdır, erməni havadarlarının növbəti çirkin oyunlarıdır.

Bu oyunların daxili “anatomiya”sını Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov bir neçə il bundan qabaq Azərbaycan, ingilis və rus dillərində işıq üzü görmüş “Avropanın çirkli "demokratiya" oyunu"  kitabında ətraflı təhlil edib. Onunla bu mövzuda geniş polemikamız zamanı olduqca ilginc faktlar ortaya çıxdı...

IV -  sonuncu yazı

(əvvəli 3, 47 mart tarixli saylarımızda)

- Necə hesab edirsiz, kitabınız öz missiyasını yerinə yetirə bildimi?

- Bu sualı cavablandırmaq mənim üçün çətindir. Kitab əlbəttə oxunub, o cümlədən ingilis və rus dillərində. Və oxucunu, Azərbaycanın taleyinə qarşı biganə olmayan insanları məlumatlandırıb. Üstəlik, biz qərəzlə yanaşan dairələrə də baş verənləri anladığımız barədə zəruri mesajları ötürüb.

Bir müəllif kimi, mənim üçün  əsas odur ki, təhlillərdə Avropa strukturlarında baş verən hadisələrə obyektiv şərh verməyə və onların əsl mahiyyətini açmağa və təhlillər zamanı hissiyyatlara qapılmaqdan, qeyri-obyektivlikdən kənar olmağa çalışmışam.

Əsas məqsədim Azərbaycanın davamlı şəkildə müxtəlif məsələlərlə bağlı Avropa strukturlarında əsassız tənqidlər və təzyiqlərlə üzləşməsinin səbəblərini araşdırmaqdan və bu basqılar və təzyiqlərin obyektivlik dərəcəsini müəyyənləşdirməkdən ibarət idi.

Hadisələrin təhlili göstərir ki, Azərbaycan bir qayda olaraq Avropa strukturlarında əsasən siyasi məhbus məsələsi, ölkədə keçirilən prezident və parlament seçkiləri və referendumların nəticələri ilə bağlı davamlı tənqidlərə məruz qalıb. Məqsəd Qarabağ məsələsində bizə təzyiq etmək olub.

Azərbaycana qarşı tənqidlər və təzyiqlər təsadüfi və xaotik xarakter daşımayıb. Bu, ermənipərəst və anti-Azərbaycan qüvvələri özündə birləşdirən bir mərkəz tərəfindən əvvəlcədən planlaşdırılıb və sistemli olub.

- Siz uzunmüddətli anti-Azərbaycan strategiyasının mövcudluğunu ifşa edə bildinizmi?

- Bəli. Söhbət məhz uzunmüddətli, təkrar edirəm, uzunmüddətli anti-Azərbaycan strategiyasından gedir. Təsəvvür edin, bu qüvvələr öz anti-Azərbaycan strategiyasını reallaşdırmaq üçün vahid mərkəzdən, əsasən "Soros" Fondundan maliyyələşən QHT-lərlə işbirliyi qurmuş, mütəmadi olaraq heç bir faktlara əsaslanmayan qərəzli və nifrətlə dolu materiallar yayaraq beynəlxalq aləmdə Azərbaycanın imicinə xələl gətirməyə çalışıblar.

Xüsusilə Azərbaycanın xarici siyasəti gücləndikcə, habelə AŞ PA-da 2085 saylı qətnamə qəbul olunduqdan sonra ölkəmizi açıq-aşkar şərləməyə başladılar. Mənə və mənim həmkarım Müslüm Məmmədova qarşı ittihamlar qarşı da ağlasığmaz ittihamlar irəli sürüldü. Bu ittihamların inamlı görünməsi üçün Ştrasserin siyasi məhbuslarla bağlı qərəzli məruzəsinin qəbul edilməməsinin mənim keçmiş AŞ PA üzvü Luka Volonteyə guya pul verməyim müqabilində mümkün olması iddiası ortaya atıldı.

Qərəzli iddiaların sonunda 14 nəfər deputat Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilirdi.

Komitə tərəfindən “cəzalandırılan” şəxslərin siyahısına nəzər saldıqda, görünür ki, bu şəxslər Azərbaycanın haqq səsini müdafiə edən, zaman-zaman Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı obyektiv fikirlər səsləndirən siyasətçilərdir. Bu məqam Avropa institutunun obyektivliyini birdəfəlik şübhə altına ala biləcək qədər ciddidir və qərar verənlərin iç üzünü açmış oldu...

Qərəz o həddə idi ki, İtaliyanın Milan Məhkəməsi 27 yanvar 2017-ci ildə qaldırılan iddianın əsassız olması səbəbindən, Luka Volontenin öz səlahiyyətlərinin icrası zamanı rüşvət alması ittihamı üzrə cinayət təqibinə xitam verilməsinə qərar verməsinə baxmayaraq, AŞ PA Bürosu elə həmin gün Müstəqil Kənar İstintaq Orqanı təsis etməyə qərar vermişdi.

- Elxan müəllim, AŞ PA-da Azərbaycana, şəxsən sizə qarşı saxta korrupsiya iddiaları haqda çox danışılıb. Buna dair daha ətraflı bir izahat verməyinizə ehtiyac duyulur...

- Beynəlxalq güc mərkəzlərinin sifarişi ilə AŞ PA-nın o zamankı baş katibi Savitskinin rəhbərliyi altında məqsəd təkcə 2 AŞ PA üzvünün, Azərbaycan deputatları - mənim və Müslüm Məmmədovun qondarma korrupsiya iddiaları, şər-böhtan kampaniyası ilə həbs edilməsi deyildi. Mənə və həmkarıma qarşı irəli sürülən bu böhtan düşünülmüş siyasi xarakterli kampaniyanın tərkib hissəsi idi və bu məqsədyönlü iddiaların əsas hədəfi Azərbaycan dövləti idi. Davamlı olaraq AŞ PA-da Azərbaycana qarşı aparılan təzyiqlərə baxmayaraq, ölkəmiz bu qurum çərçivəsində bir çox ciddi uğurlar əldə etmişdi və bu, Azərbaycanın düşmənlərini ciddi narahat edirdi. Bu sıradan qeyd edilməlidir ki, AŞ PA-da siyasi məhbuslara dair qəbul edilmiş heç bir meyar olmadığı halda Avropa Şurasının 47 üzvündən yalnız Azərbaycan üzrə siyasi məhbuslar məsələsinə dair məruzəçilər təyin edilirdi, daim bu qondarma məsələ Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunurdu. Mən AŞ PA-da İnsan Hüquqları Komitəsinin üzvü kimi siyasi məhbus meyarlarının AŞ PA-da olmama məsələsini qaldırdım. Güclü təzyiqlərə baxmayaraq, axıra qədər kəskin mübarizə apardım, nəticədə siyasi məhbusların müəyyənləşdirilməsi üçün hüquqi meyarların mövcud olmaması AŞ PA tərəfindən etiraf edildi və Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair məruzəsi 2013-cü ilin yanvar sessiyasında qəbul olunmadı. Bu, Azərbaycanın düşmənlərini ciddi məyus etdi. AŞ PA-da və bütün beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ciddi təzyiqlər, siyasi poliqon başlandı. Azərbaycan nümayəndə heyətinin üzvü kimi mənim tərəfimdən təqdim edilmiş “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə layihələri irəli sürüldü. Britaniyalı deputat Volterin hazırladığı “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artması”na dair məruzə ATƏT-in sessiya iclasından 2 saat əvvəl AŞPA deputatlarına hədə-qorxu gələn bəyanatı nəticəsində cəmi 4 səs fərqi ilə qəbul edilməsə də, onun hazırlanaraq plenar iclasda müzakirəyə çıxarılması düşmənlərə böyük zərbə oldu. Az qala bütün Avropa Azərbaycana qarşı ayağa qalxdı. ATƏT-in bəyanatında AŞ PA deputatlarına xəbərdarlıq edilirdi ki, “Qarabağ münaqişəsi ilə yalnız ATƏT məşğul olur, AŞ PA bunu müzakirə edə bilməz”.

AŞ PA-da 2085(2016) saylı qətnamənin qəbul edilməsi, bu qətnamədə Ermənistanın işğalçı kimi tanınması, işğal edilmiş ərazilərdən ermənilərin dərhal çıxarılması tələbi, sudan mülki əhaliyə qarşı silah kimi istifadə etməyin yolverilməzliyi, bölgədə ekoloji terrora görə Ermənistanın məsuliyyət daşıması kimi müddəaların olması Azərbaycanın böyük uğuru, düşmən tərəfin iflası oldu. Digər tərəfdən, Azərbaycanda keçirilən prezident və parlament seçkilərinin, referendumların müxtəlif müşahidə missiyaları tərəfindən şəffaf və demokratik şəraitdə keçirilməsi barədə verilən bəyanatlar anti-Azərbaycan qüvvələrin bütün səylərini alt-üst etdi və onları ölkəmizə qarşı daha da radikallaşdırdı.

Azərbaycanın AŞ PA-da əldə etdiyi uğurlardan ciddi şəkildə hiddətlənən anti-Azərbaycan qüvvələr öz məqsədlərinə nail olmaq üçün ölkəmizə qarşı məkrli planların həyata keçirilməsinə dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olaraq yeni strategiya seçdilər. Bu məkrli strategiyanın əsas məqsədi Azərbaycana qarşı əsassız korrupsiya iddiaları irəli sürmək, AŞ PA-da qəbul edilmiş qərarların obyektivliyini şübhə altına almaq və yenidən gündəliyə gətirilməsinə nail olmaqdan ibarət idi. Bu eybəcər planın reallaşdırılması üçün AŞ PA-da siyasi məhbus meyarlarının olmaması faktının ifşasının, Ştrasserin məruzəsinin qəbul edilməməsinin, Azərbaycandakı seçkilər və referendumların şəffaf, demokratik kimi qiymətləndirilməsinin - bizim uğurlarımızın səbəbi qismində Azərbaycan hakimiyyətini korrupsiya yolu ilə Avropa deputatlarını ələ almaqda günahlandırmaq lazım idi. Və bu qondarma korrupsiya “əməllərini” həyata keçirən deputatları müəyyən etmək qalırdı. Odur ki, əsas hədəflərdən biri Azərbaycana qarşı ədalətsiz hücumlara obyektiv fikirlərini bildirən, çıxış edən, ölkəmizin xeyrinə səs verən avropalı deputatları qorxutmaq, təhdid və şantaj etməkdən ibarət idi.

Qeyd edilən strategiyanı həyata keçirmək üçün keçmiş Avropa İnsan Hüquqları Məhkəməsinin fransız(!) sədrinin rəhbərliyi ilə yaradılmış İstintaq komitəsi heç bir dəlil-sübut olmadan Azərbaycanın müdafiəsində olan çoxsaylı deputatları şərləməklə AŞ PA-dan istefa verməyə məcbur etdi. Həyasızlıq pik həddə çatmışdı: Avropa demokratiyası üçün fədakarlıq edən, uzun illər AŞ PA üzvü olmuş keçmiş avropalı deputatların böyük bir hissəsini guya “Azərbaycana kömək etdiklərinə görə” AŞ PA binasına daxil olmalarını qadağan etdilər. Onlar çoxsaylı AŞ PA üzvünü, AŞ PA prezidenti Pedro Aqramuntu, İnsan Hüquqları Komitəsinin sədrini, Liberallar partiyasının sədrini, hətta AŞ PA üzvlərinin 60%-ni təşkil edən Avropa Xalq Partiyası fraksiyasının sədri cənab Predanı seçkilərdən 1 gün sonra  istefa verməyə məcbur etdilər. Aqramuntun, AŞ PA-da Avropanın Xalq Partiyasının 1 günlük sədri seçilmiş rumıniyalı deputat Predanın qurban verilməsinin yeganə səbəbi  onların obyektiv həmməruzəçi olması idi. Məntiqli sual olunur: bütün dünya ölkələrində keçirilən seçkilərə nəzarət etmək üçün müşahidə missiyası və nümayəndə heyətini göndərən Avropa demokratiyası budurmu?

- Bu iddiaların yekunu necə oldu və mübarizənizin nəticələrini necə dəyərləndirirsiniz? Hətta sizə qiyabi həbs də elan etmişdilər...

- 6 il mənəvi, fiziki və maddi iztirablardan sonra İtaliyanın Milan Məhkəməsinin mənə və həmkarım Müslüm Məmmədova bəraət qərarı qəbul etməsi ilə heç bir dəlil-sübut olmadan istefa verməyə məcbur edilən günahsız avropalı deputatların qurban verilməsi Avropanın çirkli demokratiya oyununun tam çılpaqlığı ilə sübutudur. Milan Məhkəməsi 2018-ci ildə mənə və Müslüm Məmmədova, o cümlədən AŞ PA-nın ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat Luka Volonteyə qarşı korrupsiya iddiaları ilə cinayət işi başlatdı. Prokuror 21 epizod üzrə ittiham irəli sürmüşdü.

İki ildən çox davam etmiş məhkəmə prosesinin nəticəsi olaraq 2021-ci ilin yanvar ayında prokurorun irəli sürdüyü 21 epizod üzrə ittihamdan yalnız 3 epizod üzrə hökm çıxardı, digər 18 epizodla bağlı bəraət verdi. Bununla belə, Milan Məhkəməsi günahlandırılan üç şəxsin hər biri barəsində 4 il azadlıqdan məhrumetmə qərarı verdi. Lakin mən mübarizəmi davam etdirdim. Nəhayət, Milan Apelyasiya Məhkəməsinin İkinci Cinayət Palatası birinci instansiya məhkəməsinin qərarı ilə bağlı araşdırmalara başladı və 16 may 2022-ci ildə qeyd edilən işlə bağlı qərar qəbul etdi. Apelyasiya Məhkəməsi italiyalı deputat Luka Volonte, azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov barəsində Milan birinci instansiya məhkəməsi tərəfindən 2021-ci ilin yanvar ayında verilmiş 4 il həbs cəzası qərarını ləğv etdi. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Milan Apelyasiya Məhkəməsində Dövlət Prokurorluğu Milan Məhkəməsi tərəfindən mən və Müslüm Məmmədov barəsində verilmiş qərarın ləğvini istədi, bildirdi ki, Prokurorluq Ofisi istintaqın əldə etdiyi bütün nəticələri protokola daxil etməmiş və beləliklə, birinci instansiyada daha şüurlu, tam və olduqca mükəmməl müdafiənin qarşısını almışdı.

Beləliklə, Milan Apelyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci il tarixli qərarı ilə sübut etdi ki, istefaya məcbur edilmiş çoxsaylı AŞ PA üzvünün, AŞ PA prezidentinin, insan hüquqları komitəsinin sədri, Liberallar və Avropa Xalq Partiyası sədrlərinin, mənim, həmkarım Müslüm Məmmədovun hər hansı korrupsiya cinayətlərində iştirakı olmayıb. Odur ki, Avropada həmkarlarıma və mənə, doğma Azərbaycanıma qarşı yönəlmiş çirkli demokratiya oyununun 6 il davam edən şər-böhtan kampaniyasına qarşı apardığım mübarizə qələbə ilə nəticələndi və mən bu qələbəyə görə fəxr və qürur hissi duyuram. Belə ki, nə qədər acı və çətin də olsa, ölkəmə qarşı irəli sürülmüş şər-böhtan iddialarını və ədalətsizliyi dəf etmək və ona qalib gəlmək mənim vətəndaşlıq borcum idi.  Bu borcu mən ödədim!

Qeyd: Elxan Süleymanovun son dərəcə maraqlı “Avropanın çirkli "demokratiya" oyunu" kitabını aşağıdakı linkdən oxuya bilərsiniz:

https://1905.az/book_page_1/

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR