İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əqrəb mövsümü” serialı ekranda necə böyük hadisəyə çevrilə bildi?

12054 24.01.2023 18:52 Mədəniyyət A A

Artıq bir müddətdir ki, İctimai TV kanalında yayımlanmağa başlayan, dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı “Əqrəb mövsümü” böyük səs-küy yarada bilib.

maxresdefault.jpg (126 KB)

Qeyd edək ki, ekran işinin rejissoru Emil Quliyevdir. Serial yazıçı Ceyhun Hidayətlinin ”Əqrəb” romanının motivləri əsasında Azər Aydəmir tərəfindən ssenariləşdirilib. Serialda Hikmət Rəhimov, Azər Aydəmir, Elşən Rüstəmov, həmçinin Baş Prokurorluğun əməkdaşları iştirak edir. Serial ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşlarının gündəlik həyat tərzindən bəhs edir.

Serialın büdcəsinə gəldikdə isə, layihənin baş prodüseri Yalçın Verdiyev İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, serialın ümumi büdcəsi 249.643 AZN-dir.  Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması - bir sözlə bütün xərclər daxildir. Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.

Beləliklə, serialın hər bölümü yayımlandıqca daha çox izləyici auditoriyası qazanmağa başlayıb. Artıq serial barəsində bir çox tanınmışlar sosial şəbəkələrdə öz təəssüratlarını, fikirlərini bölüşüblər.

9c6eb33c8762c763cf85b3d848112819.jpg (43 KB)

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı, jurnalist Rəşad Məcid adı çəkilən serialın Azərbaycanın serial sektorunun yeni mərhələyə qədəm qoymasına və gələcək inkişafına ciddi təkan verəcəyinə,  bütövlükdə Azərbaycanın müasir kino industriyasına yeni nəfəs və yeni enerji gətirəcəyinə inandığını qeyd edib: “İctimai Televiziya ilə yayımlanan “Əqrəb mövsümü” serialı barədə zövqünə və mütaliəsinə güvəndiyim bir neçə nəfərin sosial şəbəkədə paylaşdığı müsbət fikirlər diqqətimi çəkdiyindən ilk imkanda bu seriala baxmaq fikrinə düşdüm. Əvvəl-əvvəl filmin son seriyalarından birini ötəri izlədim və dərhal diqqətimi cəlb elədi. Uzun illərdən bəri seriallarımızda tamaşaçını diksindirən süni, qurama dil burada yox idi. Personajlar təbii, normal dildə - bizim bir-birimizlə danışdığımız kimi danışırdılar. Təkcə bu nüansdan hiss olunurdu ki, iş peşəkarların əlindən keçib.

Bu xoş təəssüratın ovqatında 2-3 gün müddətində əvvəlcə “Əqrəb mövsümü”nün yutuba yüklənmiş 8 seriyasını, sonra isə yenə İctimai TV-də efirə gedən və eyni rejissorun çəkdiyi “Körpü” serialını böyük zövq və məmnunluqla izlədim.

“Əqrəb mövsümü” serialında aktyor oyununun peşəkar səviyyəsinə söz ola bilməzdi. Hikmət Rəhimovla Abbas Qəhrəmanovun oyununu əvvəllər müxtəlif tamaşalarda görmüşdüm. Hər ikisi bu serialda da olduqca peşəkar oynayırdı. Azər Aydəmir də rolunun öhdəsində məharətlə gəlmişdi. Filmdəki o biri aktyorların oyununda da hansısa sünilik, çatışmazlıq hiss olunmurdu. “Körpü” serialında isə Nofəl Şahlaroğlu, Elnur Hüseynov, eləcə də digər aktyorların oyunları zövq verirdi. Bundan əlavə, “Körpü”nün detektiv süjeti arasında çatdırılan müxtəlif səpkili sətiraltı fikirlər və sosial mesajlar da diqqəti çəkirdi. Hər iki serialın operator işi isə yüksək səviyyədə idi.

Filmlərə baxandan sonra aktyorlar Azər Aydəmir və Hikmət Rəhimovun “Əqrəb mövsümü” serialı başlayan gün İTV kanalındakı söhbətlərinin yutubdakı videoyazısını və hər iki filmin quruluşçu rejissoru olan Emil Quliyevin “3D” verilişindəki müsahibəsini izlədim. Emil Quliyevin ehtiraslı və enerjili aurası, təvazökar davranışı, Azərbaycan kinosu barədə sevgi, təəssüb və can yanğısı ilə səsləndirdiyi fikirlər tamaşaçını əvvəldən axıracan öz təsirində saxlayır, fərqli yanaşma və düşüncəyə sahib, standartlardan uzaq bu gənc kino adamının kinomuzun tərəqqisini səmimi qəlbdən istədiyi zərrə qədər də şübhə oyatmırdı. Hiss olunurdu ki, kinonu intuitiv səviyyədə, iliyinəcən duyan rejissor aktyorlarla da bu inersiya ilə işləyir və ona görə də maksimum nəticə əldə etməyi bacarır.

Bu ilk tanışlıqdan sonra Emil Quliyevlə bağlı kiçik bir araşdırma apardım, bu seriallara qədər onun “Pərdə” adlı film-trilogiya çəkdiyini və mental problemə toxunulan bu filmin kino ictimaiyyətinin böyük marağına səbəb olduğunu öyrəndim.

Sosial şəbəkələrdə bu seriallarla bağlı müxtəlif fikirlərə rast gəldim. Kiməsə irad tutmağa, mız qoymağa hazır olanlar həmişə olub və indi də var, amma bununla belə, əksəriyyətin mövqeyi kifayət qədər müsbət idi. Bu rəylərin böyük qismində hər iki serialın rejissoru, aktyorları və bütövlükdə yaradıcı heyəti haqqında yüksək fikirlər səsləndirilirdi. Mən də hesab edirəm ki, bu serialların yaradıcı heyətini, onlara bu şəraiti yaradan İctimai TV rəhbərliyini, rejissor Emil Quliyevi, operatoru, bütün peşəkar aktyorları yalnız təbrik və təqdir etmək lazımdır. İnanıram ki, onların ortaya qoyduqları bu nümunələr Azərbaycanın serial sektorunun yeni mərhələyə qədəm qoymasına və gələcək inkişafına ciddi təkan verəcək, bütövlükdə Azərbaycanın müasir kino industriyasına yeni nəfəs və yeni enerji gətirəcək”.

_1667019723.jpg (68 KB)

Hazırda Berlində yaşayan Azərbaycanın tanınmış bəstəkarı və kulturoloqu Elmir Mirzəyev isə serialın musiqisi haqda öz fikirlərini bölüşüb: “İctimai TV-də gedən seriallardan hamı yazdı, hərçənd ki, seriala baxan deyiləm, amma "Körpü" və "Əqrəb mövsümü"nü həvəslə seyr etdim, çünki milli kinomuz hamı kimi məni də maraqlandırır. Hər iki serialın rejissoru Emil Quliyev və bütün yaradıcı heyətə, ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə seyrçi minnətdarlığımı bildirirəm.

"Əqrəb Mövsümü" serialındakı 8-ci bölümdə rejissor tərəfindən qeyd edilmiş, həqiqətən möhtəşəm ifa edilmiş rəqs hissəsi məni də təsirləndirdi. Musiqidə "majorda minor" anlayışı var, yəni hər hansı bir zahiri şənlik içində dərin bir ümidsizlik/faciə. (Bəzən əksinə də olur, yəni "minorda major", "işıqlı kədər" anlayışını verir).

Bu parça bizim kino üçün həm də bir növ ənənənin davamıdır, çünki ümidsizliyi/faciəni rəmzləşdirən bu rəqs musiqisi Rasim Ocaqovun 1981-ci ildə lentə aldığı "Bağlı qapı" lirik-psixoloji dramının finalında, avtobusdakı səhnədə istifadə edilmişdi”.

Bəs, kinematoqrafçıların yeni serial haqda fikirləri necədir? Həqiqətən “Əqrəb mövsümü” serialı uzun illərdir ki, Azərbaycan tamaşaçısının gözlədiyi etimadı doğrulda biləcəkmi?

 284407248_5246063745456404_3261553022904404083_n.jpg (156 KB)

Mövzu ilə bağlı kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov  Musavat.com-a danışıb: “Hər zaman bu fikirdəyəm, kino elə bir sənət növüdür ki, tamaşaçı həzz almalıdır. Yəni, geniş tamaşaçı auditoriyasına hesablanmalıdır. Bir sözlə, bizim hesabatımız tamaşaçısı qarşısında olur. Yəni biz  kinoçular festival filmi də çəkə, ölkəmizi daha yaxşı təmsil edə bilərik. Lakin nə edirsək edək, əsas tamaşaçıdır. Bu gün bizim düşünməli  olduğumuz əsas Azərbaycan tamaşaçısıdır. Əgər bu film Azərbaycan tamaşaçısı qarşısında bir hadisəyə çevrilibsə, biz bunu mütləq alqışlamalıyıq.  Serialda bir kollektiv iş müşahidə olunur. Bu mənada “Əqrəb mövsümü” serialını bir başlanğıc hesab edirəm və düşünürəm ki, etimadları doğruldacaq ən gözəl addımlardan biridir.  Sevindirici məqamlardan biri də budur ki, bu serialı televiziya maliyyələşdirir. Demirəm ki, serialda hər şey mükəmməl formadadır, amma “Əqrəb mövsümü” və “Körpü” artıq yeni bir nəfəsdir. Hətta deyərdim ki, kinematoqrafik keyfiyyət baxımından “Körpü” serialını daha təkrarolunmazdır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR