İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan seçilməsə, dünyanın sonu olmayacaq, Kılıçdaroğlu seçilsə, Türkiyə dağılmayacaq…

4568 12.05.2023 17:42 Yazarlar A A

Burada dərdləri Prezident Əliyev olanlar Ərdoğanın qələbəsini istəmirlər; Kılıçdaroğlunun o sarsaq xəritəsi isə hələ heç nə demək deyil, Azərbaycan olmadan lap rəhmətlik babası dirilib gəlsə də, bir çox reallığı dəyişə bilməz…

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə Azərbaycanda aşırı diqqət başadüşələndir. Hətta deyilənə görə, sosial şəbəkələrdə Ərdoğançılar və Kılıçdaroğlu tərəfdarları qırğına da çıxır.

Ölkəmizdə Ərdoğana qarşı olanların əksəriyyəti niyə onun seçilməsini istəməməsinin əsas səbəbi bəllidir. Onlar belə zənn edirlər ki, guya Ərdoğan seçilməsə, Türkiyənin Azərbaycan hakimiyyətinə dəstəyi kəsiləcək. Bunu bəzi gerizəkalı müxalifətçilər daha çox dilə gətirir. Yoxsa, bunların Türkiyədəki seçkiyə nə marağı? Çörəkləri oradan gəlmir, suları oradan deyil, uzağı yayda gedib istirahət edərlər, ya da uşaqlarları orada təhsil ala bilər. Dərdləri Prezident Əliyevlə olanlar Ərdoğanın qələbəsini istəmirlər.

345475635_261139606279111_1783482888269190769_n (1).jpg (545 KB)

Səmimi şəkildə Türkiyənin daha yaxşı dövlət sistemi qurmasını, əhalinin daha yaxşı dolanmasını istəyənlər də ola bilər. Zəlzələdə Azərbaycan xalqın qardaş yardımı təmənnasız oldu, heç kim Ərdoğana və ya Kılıçdaroğluna görə yardıma qaçmadı, Türkiyəyə, türk xalqına görə bunu etdi. Bax, o adamlardan indi soruşsan ki, Ərdoğan seçilsin, yoxsa müxalifətin namizədi, ən doğru cavabı eşidəcəksiniz: Türk xalqı kimi seçsə...

Ərdoğan türk xalqı üçün nə edib, buna biz qərar verə bilmərik, yaxşısını da, pisini də onlar bilir.  Ərdoğanın əleyhinə zamanında mən də yazmışam, həm də o Davosdakı məşhur “Van minut” sammitində... Çünki İsrailin o zamankı prezidenti Şamon Peresə “sənin əlin cocuq qanına batıb” desə də, sonra Serj Sərksiyanla həmin sammitdə əl tutuşmuşdu...

Türkiyə-Azərbaycan münasibətləri bizim müstəqillikdən bəri ziqzaqvari olub, biz bunları yaşamışıq. Amma bu xalqın düşünən kəsmi istənilən hakimiyyətin dövründə heç vaxt Türkiyəyə qarşı olmayıb. Bizə nə bundan əvvəl, nə bundan sonra Türkiyə qədər yaxın, dost, qardaş heç bir dövlət yoxdur, olmayacaq da! Əsas olan budur, bizim Türkiyə baxış formulumuz da bu olmalı.

Ərdoğan daimi deyil, Kılıçdaroğlu da əbədi. Hakimiyyətlər dəyişəcək, biz bu münasibətləri iki siyasi fiqur üzərində cəmləməklə də heç nə qazana bilmərik. Ərdoğan seçilməsə, dünyanın axırı olmayacaq. Kılıçdaroğlu seçilsə, Türkiyə dağılmayacaq. Bizim arzumuz, niyyətimiz güclü Türkiyədir. Adamlar gəldi-gedərdi, daima yaşayacaq iki dövlətin birliyidir, qardaşlıqdır.

mux.jpg (45 KB)

Bəli, Ərdoğan son illər Azərbaycanla və türk-ərəb dünyası ilə münasibətlərdə yeni xətt açdı. 44 günlük müharibədə də Türkiyə bizim yanımızda, arxamızda durdu. Adı belə bəs idi Türkiyənin. İndi ermənilər də elə o səbəbdən Ərdoğanın getməsini arzulayırlar. Politoloqları Kılçdaroğluna rəgbətlə danışırlar. Demək, düşünürlər ki, Ərdoğan getsə, Azərbaycana əvvəlki dəstək olmayacaq. Prezident Əliyevə Şuşadakı beynəlxalq konfransıda buna bənzər sual verdilər. İlham Əliyev dedi ki, iki ölkənin münasibətlərində heç nə dəyişməyəcək. Çünki bilir ki, güclü Türkiyənin də regionda Azərbaycana ehtiyacı var. Kılıçdaroğlunun o sarsaq xəritəsi hələ heç nə demək deyil, Azərbaycan olmadan lap rəhmətlik babası dirilib gəlsə də, bir çox reallığı dəyişə bilməz.   

Ərdoğanın inanclı müsəlman olması da bəzilərini həmişə narahat edib, xüsusilə Qərbi. Bu, amil onun hakimiyyətin idarə edilməsində də dadına çatıb, bu da sirr deyil. Türkiyə müsəlman ölkəsidir, inanclı insanların vətənidir. Ərdoğanı dəstəkləyənlərin böyük əksəriyyətinin inanclı insanlar olduğu da faktdır. İndi Kılıçdaroğluna bu məsələ üzərindən xeyli hücumlar da var. Guya o gəlsə, dindarlara münasibət dəyişəcək və sairə. Bu yanaşma da doğru deyil. Türkiyənin hər tərəfi, hər məhəlləsi camedir. Türkiyədə dini dövlət siyasətinə çevrilməsi cəhdi yanlışdır, amma dövləti dini kəsimdən ayırmaq da.  

kilic.jpg (147 KB)      

Ərdoğanın hakimiyyəti bir əldə cəmləşdirməsi mübahisəli qərar idi, amma bu qərarı da referendumda xalq verdi. Əlbəttə, parlament idarəçıiliyi stabil deyildi, baş nazirin biri gəlib yerini isitməmiş koalisiyalar dağılırdı, yenə seçki, yeni baş nazir... Bu, yorucu idi, ölkə stabilləşə də bilmirdi, amma Ərdoğan bütün yükü üzərinə çəkdi, ölkəni prezident idarəçiliyinə keçirdi, bütün funksiyaları, məsələn, hətta fındığın qiymətinin müəyyənləşməsini də üzərinə götürdü, indi hamı o səbəbdən onun üzərinə gedir. Qərb də, əsnaf da, tacir də, hətta burdakılar da... Hər şeyə görə Ərdoğanı suçlayırlar. 

Türkiyənin modern idaərəçiliyini arzulayırıq. Amma dövlət təkcə arzularla idarə olunmur. Baxın, Amerika kimi bir superdövlətin başında anlaqsız olan Bayden kimi birisi  oturub. Əminəm ki, Bayden Türkiyədə seçki marafonuna tab gətirə bilməzdi, ürəyi dayanardı. Türkiyədə pis budur- seçkiyə hər şeyin sonu kimi baxırlar, müharibə kimi olur... Mühərrəm İncənin seçki marafonundan parno-şantaja görə çəkilməsi buna sübutdur. Bu cür metodlar istənilən ölkənin seçki marafonunda yaşanır, amma qardaş Türkiyədə olması üzücüdür, belə olmamalıdır. Kılıçdaroğlu tez Rusiyanı günahlandırdı bu məsələdə. Adil davranış deyildi, amma niyə belə etdiyi də bəllidir. O da nə yolla  olursa-olsun hakimiyyətə gəlmək istəyir. Qərbə oynayır...Qərbin isə Türkiyə üzərində böyük oyun oynadığını görməmək mümkün deyil. Kılıçdaroğlu şübhəsiz ki, Qərbin adamıdır, amma ona mandatı versə, Türkiyə seçicisi verəcək.         

Bizim nə siyasi sistemimiz, nə dövlət ənənələrimiz Türkiyə ilə müqayisə olunmaz, müxalifət isə əsla... Türkiyə bütün çətinliklərə rəğmən ayaqda qalan dövlətdir, onu Kılıçdaroğlu da, hətta həbsdən çıxmaq vədi verilən Dəmirtaş da yıprada bilməz. Çünki dövlətin təməli sağlamdır, hər qarışında şəhid qanı var. Xalq ölkəni parçalanmasına izn verməz...

Mayın 14-də “Ərdoğan, yoxsa Kılıçdaroğlu” mübahisəsinə böyük ölçüdə aydınlıq gələcək. İkinci tur haqda çox danışırlar, könül isə istər ki, hər şey ilk turda bitsin, ölkə normal axarına qayıtsın. Kılıçdaroğlunun başının dəstəsi hakimiyyəti necə idarə edəcək, bu mənim üçün aydın deyil. Məsələn, Ərdoğan seçkini uduzub, partiyası parlament çoxluğuna sahib olsa, necə olacaq?  Ciddi şübhəm var ki, bunlar gəlsə də, bu adamlarla hakimiyyətdə çox qala bilsinlər. Həm də pisi odur ki, çox qısasçıdırlar, bəlkə də Ərdoğan hakimiyyətinin yarısını həbsə atmağa həvəslidirlər. Ərdoğanın müxalifətçiliyi isə maraqlı olardı. Amma hakimiyyətdə qalması da pis nəticə olmaz. Həm Türkiyə üçün, həm Azərbaycan üçün…

turkiye_election_190822.jpg (33 KB)

Buradakılar özünü çox yormasın, son söz türkiyəli seçicinindir. Bizə düşən, xeyirlisi nəsə, o olsun deməkdir…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR