Məlum olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ankara Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib.
Eləcə də Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Türkiyənin istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu deyib. Lakin Ərdoğanın təklifinə real cavab hələ də gəlməyib.
Bəs Rusiya və Ukrayna tərəfindən Ərdoğana konkret reaksiyanın verilməməsi hansı səbəblərdən qaynaqlanır? Ərdoğanın təklifinə müsbət reaksiya gələrsə, savaş hansı istiqamətdə sonlana bilər?
Vüqar Zifəroğlu
Mövzu ilə bağlı siyasi şərhçi Vüqar Zifəroğlu Musavat.com-a danışıb:
"Əslində, Türkiyənin bu istiqamətdə təşəbbüsləri yeni deyil və müharibənin ilk mərhələlərindən etibarən Ankara dialoq platforması kimi çıxış edib. Lakin hazırkı mərhələdə həm Rusiya, həm də Ukrayna tərəfinin bu təkliflərə açıq və konkret cavab verməməsi bir sıra obyektiv səbəblərlə bağlıdır.
Rusiya mövcud hərbi-siyasi reallıqları öz xeyrinə formalaşdırmadan danışıqlara getməyə maraqlı görünmür. Ukrayna isə ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri ilə bağlı mövqeyindən geri çəkilmək niyyətində deyil və qərarlarını əsasən Qərb müttəfiqləri ilə koordinasiya edir. Bu amillər Türkiyənin vasitəçilik təşəbbüsünün hələlik praktik mərhələyə keçməsini çətinləşdirir".
Siyasi şərhçinin fikrincə, əgər tərəflər Türkiyənin vasitəçiliyinə müsbət yanaşarsa, müharibənin qısa müddətdə tam başa çatması deyil, ilk növbədə mərhələli atəşkəs və gərginliyin azaldılması istiqamətində addımlar atıla bilər:
"Bu humanitar atəșkəslə baǧlı razılıq, kritik infrastruktura zərbələrin dayandırılması və daha sonra siyasi danışıqların başlanması ilə müşayiət oluna bilər. Real ssenari müharibənin “dondurulması” və uzunmüddətli danışıqlar prosesinin başlanmasıdır".
Vüqar Zifəroğlu Zelenskinin 31 dekabrda istefa verəcəyi barədə yayılan iddialarla bağlı da danışıb:
"Bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənmir və daha çox informasiya manipulyasiyası xarakteri daşıyır. Müharibə şəraitində belə bir addımın atılması nə siyasi, nə də hüquqi baxımdan hazırkı mərhələdə real görünür. Bu iddialar daha çox psixoloji və informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Hazırkı geosiyasi şəraitdə Rusiya–Ukrayna müharibəsinin yaxın perspektivdə tam sülh müqaviləsi ilə başa çatması real görünmür. Ən mümkün ssenari münaqişənin mərhələli şəkildə zəifləməsi, lokal atəşkəslər və uzunmüddətli danışıqlar prosesidir. Tam siyasi həll yalnız tərəflərin ciddi kompromislərə hazır olduğu mərhələdə, orta və uzunmüddətli perspektivdə mümkün ola bilər.
Türkiyənin vasitəçilik təşəbbüsü isə regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır, lakin müharibənin taleyi hələ də əsasən tərəflərin hərbi-siyasi hesablamalarından və qlobal güclərin mövqeyindən asılı olaraq formalaşır".
Xalidə Gəray
Musavat.com






