İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan sonra, Putindən sonra … - bəs, sonra?

3321 15.04.2023 09:00 Yazarlar A A

Son aylar həbs edilən iranyanlıların üzə çıxan əsas planlarının Azərbaycanda zorakı hakimiyyət dəyişikliyi olmasını da xatırlamaqda fayda var: onlar da “Prezident Əliyevdən sonra” xəyalları qurubmuş...

Son aylar tez-tez eşitdiyimiz fikirlərdir: “Ərdoğandan sonra belə olacaq”, “Putin getsə, belə olacaq…” Hərdən bir az “irəli gedənlər” də var: 2025-də İlham Əliyevdən sonra…

Əlbəttə, bütün hakimiyyətlərin onun idarəetmə metodlarından asılı olmayaraq, əvvəli də var, sonu da. Əbədi heç nə yoxdur, eləcə də hakim də, hakimiyyət də. Amma bu iddia olunan “sonra”lar o qanunauyğun “sonra”ya bənzəmir də, bunun dəqiq adı əslində, sonlandırmaqdır. Yəni “Ərdoğanın hakimiyyəti sonlandırılsa”, “Putinin hakimiyyəti devrilsə” və sairə… Bu konteksdə son aylar həbs edilən iranyanlıların üzə çıxan əsas planlarının Azərbaycanda zorakı hakimiyyət dəyişikliyi olmasını da xatırlamaqda fayda var. Onlar da “Prezident Əliyevdən sonra” xəyalları qurubmuş...

Əlbəttə, hakimiyyətdəki liderə mandat verən də xalqdır, onu seçkidə hakimiyyətdən yola salan da. Amma bizim eşitdiklərimiz yenə deyirəm ki, bunlara bənzəmir, o iddiaların arxasında hansısa bir zorakılıq var, hansısa zorbalıq gizlənir.

Məsələn, Ərdoğan hakimiyyətinə sandıqda qalib gələ bilməyən daxili və xarici güclər bir neçə il əvvəl dövlətin üzərinə F-35 qaldırırıb hər yanı bombaladılar, hərbi çevrilişə cəhd etdilər. İndi bu təhlükə yoxdur, amma konkret olaraq Ərdoğanın hakimiyyətdən uzaqlaşdırmaq üçün ehtiyat variant kimi zorbalıq planları da olmamış deyil.

Screenshot_5.png (593 KB)

Qərb Rusiya üçün “Putindən sonra” planı hazırlayıb və birdən-birə rus xalqına “aşiq olan” Bakı ermənisi Harri Kasparov və yəhudi Mixail Xodorkovskinin simasında artıq icraçılar da tapılıb. Onlar xaricdə oturub “fürsət pəncərəsi”nin açılmasını gözləyirlər.

Bir müddət əvvəl “Foreign Affairs” jurnalında “Putinin ölümündən qorxma” başlığı ilə diqqətçəkən məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, sürgündəki rus müxalifəti “Fəaliyyət Komitəsi” adlı qurum yaradıblar. Komitə hesab edir ki, “Putin rejiminin süqutuna qədər” Kiyevi lazımi silahlarla təmin etmək lazımdır. Bu siyasətçilər rejimin tam zəifləməsindən ruhlanan rusların Rusiya prezidenti Putini hakimiyyətdən saldıqdan sonra hətta Dövlət Şurası yaradacaqlarını da bəyan ediblər. Dövlət Şurasının atacağı ilkin addımlar isə təxmini belə sadalanırdı: 1991-ci ildə Ukrayna ilə ölkənin sərhədlərini tanıyan sülh müqaviləsi bağlamaq; müharibənin vurduğu zərəri ödəmək. Sonrası da var: Rusiyanın Avroatlantik məkana inteqrasiyası və regionların mərkəzsizləşdirilməsi…Bu hakimiyyətdən qəzəbli rus və ağılı o qədər də dərin olmayan Qərb analitiklərinin absurd planı kimi görünə bilər. Amma maraqlısı nədir? Bu şərtlərin bir az dəyişik formada Ərdoğanla seçki mübarizəsinə hazırlaşan( və ya Qərbdən hazırlanan) Türkiyə müxalifətinin də qarşısına qoyulmasıdır.

Screenshot_2.png (567 KB)

Türkiyə müxalifəti bəyan edir ki, hakimiyyətə gəlsələr, xüsusilə ölkənin xarici siyasətində ciddi dəyişikliklər edəcəklər. Bu, Ukrayna münaqişəsinə də aiddir. Türkiyə ABŞ və “Qoca Avropa” üçün mühüm ölkədir. Ərdoğan isə dünyanın birqütblü düzəninə qarşıdır, həm də bu indi formalaşan fikiri deyil. Ərdoğan “Dünya 5-dən böyükdür” deyəndə, hələ Ukrayna müharibəsi başlamamışdı da. İndi iddia etmirəm ki, Ərdoğandan sonra hakimiyyətə gələnlər “ABŞ hamıdan böyükdür” devizi altında birləşəcəklər. Amma bu, Ərdoğandan sonrakı ölkə olacaq və biz fərqli Türkiyə ilə qarşılaşa bilərik. Söhbət Kılıçdaroğlunun və onun masasının Azərbaycana münasibətindən getmir heç də, ümumi Türkiyənin əhvalı dəyişə bilər. Məncə, Ərdoğanın qələbəsini təmin edə biləcək qüvvə(seçici) də məhz bu dəyişiklikdən sonrakı müəmmadan çəkinənlər olacaq. Yəni Ərdoğanın getməsini istəyənlərin arqumentləri yetərli ola bilər, amma ondan sonrakı “yağ-bal” vəziyyətinə heç kim təminat verə bilməz. Dəyişiklik hər bir halda yenilənmədir, amma hər yenilənmə xeyirə vəsilə də ola bilməz.

Screenshot_1.png (768 KB)

Mayda Türkiyədə, gələn il isə martda olacağı gözlənilən Rusiyadakı prezident seçkilərinə diqqət ayrırmamız təbiidir, bu ölkələr bizim üçün çox mühümdür. İstənilən lider haqda da hər kəs də öz mənfi və ya müsbət fikirini deməkdə azaddır. Bunlara görə heç kim daşlanmamalı və ya “xain” elan edilə bilməz. Ərdoğanın da, Putinin də hakimiyyətindən narazılar var, hər iki ölkədə on minlərlə azərbaycanlı yaşayır, işləyir, hətta bir çoxu vətəndaşlıq da alıb. Yəni yaxın ölkələrdəki hakimiyyətə münasibətlə bağlı informasiyanı birinci mənbələrdən almaq imkanlarımız kifayət qədərdir. Bu ölkələrdə dəyişikliklər bizə də təsirsiz ötüşə bilməz. Ərdoğan iqtidarı da əlbəttə, bir gün gedəcək. Amma o gün bu gün deyil...

Screenshot_3.png (669 KB)

Putinə gəlincə, Rusiya oturuşmuş siyasi sistemi, abırlı seçkisi olan Türkiyə deyil. Orada siyasət də, seçki də, hakimiyyətdə qalmaq formulu da çox fərqlidir. Putinin hakimiyyətdən aşırmaq üçün indi Ukraynada 30-ya yaxın dövlət döyüşür və prezidentin taleyi seçicinin deyil, öz əlindədir. Amma o da faktdır ki, Azərbaycan bizim bildiyimiz, bilmədiyimiz mühüm məsələlərdə Putin Rusiyası ilə anlaşa, danışa, problemləri həll edə bilir. Fantastik görünsə də, fərz edək ki, Putin yerində Kasparov kimi biri oturub...Belə “sonra”nı Azərbaycanda kimsə arzulayırmı?

Yaxın aylarda bölgədə çox ciddi hadisələr olacaq, elə onlardan biri Türkiyədəki seçkilərdir. Bizim sülh müqaviləsi daxil yarımçıq qalmış işlərimizi irəliyə aparmaq üçün Ərdoğan da lazlımdır, xoşunuz gəlməsə də Putin də...

Lap “sonra”sını Allah bilər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR