İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bizi məhkəməyə verir-Cinayətkarın zərərçəkənə qarşı gülünc “ədalət” davası

3364 13.10.2023 11:21 Yazarlar A A

 

Oktyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr başlayıb.

Ermənistan sentyabrın 28-də Beynəlxalq Ədalət Məhkəməsində Qarabağdakı vəziyyətlə bağlı İrqi ayrıseçkilik haqqında Konvensiyaya əsasən Azərbaycana qarşı iddia qaldırıb. İddia edirlər ki, guya Azərbaycan Ermənistana qarşı irqi ayrıseçkilik edir.

Hər kəsə məlumdur ki, Azərbaycan istər 44 günlük müharibə zamanı, istərsə də antiterror tədbirləri prosesində heç bir mülki əhaliyə atəş açmayıb. Yalnız öz torpaqlarımızda ermənilərin qurduğu və bizə qarşı tuşladıqları hərbi obyektləri darmadağın etmişik.

Son antiterror tədbirlərindən sonra da heç bir mülki ermənini Qarabağdakı evini tərk etməyə məcbur etmədik, zorakılıq göstərmədik. Bununla bağlı bir dənə də olsun fakt yoxdur.  Bu gün ədalətdən danışanlar buyurub dünyadakı müharibə, antiterror tədbirlərinə  baxa bilərlər. Görün bu kimi tədbirlər zamanı nə qədər mülki vətəndaşlar həlak olur, terrorçuların məhvi zamanı nə qədər qadınlar, uşaqlar zərər görürlər. Azərbaycan isə Ermənistandan fərqli olaraq heç bir müharibə cinayəti törətməyib və törətmir də.

9lwju6FhLmVnscInzRGu0aJmz1mhpxxOYQFZVmvq.jpeg (1008 KB)

44 günlük vətən müharibəsi zamanı  separatçıların qondarma lideri Araik Arutyunyan Gəncənin vurulması əmrini verdi. Ermənilərin bu Gəncə terroru nəticəsində 27 mülki vətəndaşımız dünyasını dəyişdi, 125 dinc sakin isə yaralandı. Həmin əsnada Bərdə də bombalandı və ümumilikdə 27 dinc sakin dünyasını dəyişdi, 80 nəfər isə yaralandı.

İndi Azərbaycan bu cinayətləri törədənləri də hüquqi yolla cəzalandırır. Heç bir zorakılıq göstərmir, işgəncə vermir.

thumb.jpg (711 KB)

Ancaq 1990-cı illərdə ermənilərin əsir götürdükləri dinc sakinlərimizə təkcə Şuşa türməsində nələr etdikləri faktlarla sübuta yetirilib. Şuşa həbsxanasının ətrafında tapılan toplu məzarlığa nə deyirsiz?

Adını “ədalət” qoyan bu məhkəmə qeyd olunan faktlar qarşısında niyə susdu? BMT niyə 30 il ərzində bir dəfə də olsun bölgəyə gəlmədi? Ədalət məhkəməsi nə üçün bu zamana qədər Xocalı soyqırımını görmür. Axı ermənilərin uydurma iddialarından fərqli olaraq bizim əlimizdə kifayət qədər foto, video material, canlı, zərər görən, ailələrini itirən şahidlər var? 

Burada da ikili standartlar, səlib yürüşünün izləri özünü göstərir. Heç zaman haqdan yana olmayanlar indi guya haqq axtarırlar.

Yeri gəlmişkən, sentyabrın 29-da (bu il) Azərbaycanın dəvəti ilə BMT missiyasının Qarabağa ilk səfərindən əldə edilən məlumatlar da təsdiq edir ki, Qarabağın erməni əhalisinə qarşı pis rəftarla bağlı bir hal olsun qeydə alınmayıb.

Qeyd etdiyimiz kimi bu, BMT-nin son 30 ildə Qarabağdakı ilk missiyası idi. Azərbaycan və BMT 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı etnik təmizləməni sənədləşdirmək üçün işğal illərində dəfələrlə bu ərazilərə çıxış əldə etməyə cəhd göstərib, lakin Ermənistan dəfələrlə BMT-yə və ya hər hansı digər dövlətə qarşı imtina edib.

30 il sonra Azərbaycanın nəzarətində olan ərazilərə gələn BMT nümayəndələri əhali ilə görüşüb söhbət ediblər, humanitar yardım və tibbi xidmətlərlə tanış olublar.
Onlar mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini binalara heç bir ziyanın dəymədiyini qeydə alıblar. İndi nədir məsələ?

Oktyabrın 9-10-da BMT missiyasının Qarabağa ikinci səfəri olub. Yəni artıq 2 dəfə BMT missiyası ərazilərə səfər edib və Azərbaycan onların səfəri üçün bütün lazımi şəraiti yaradıb.  Buyurub gəlsinlər. Ancaq onlar 30 il ərzində yarımçıq qoyduqları işlərini  də tamamlamalıdırlar. Bu illər ərzində Azərbaycanın erməni vandalları tərəfindən tarixi abidələri, yaşayış yerləri yerlə-yeksan edilib. Erməni işğalı nəticəsində vətəndaşlarımız həm irqi, həm insani ayrı-seçkiliyə məruz qalıb, soyqırıma uğrayıb, məcburi köçkün həyatı yaşayıblar. Bunlar da hesaba alınmalı və məsələyə baxılmalıdır.

2022_09_21_169518_mina.jpg (71 KB)

Müharibə bitsə də, bölgə terrorçulardan təmizlənsə də bu gün də azərbaycanlılara qarşı erməni terroru davam edir- mina formasında.

İşğal altındakı ərazilərimizə ermənilər istər müharibədən öncə, istərsə də sonra yüz minlərlə mina basdırıblar. Həmin minaların isə doğru-düzgün xəritəsi Azərbaycana təqdim edilməyib. Nəticədə indi də mülki vətəndaşlarımız mina terroruna məruz qalırlar. Bu da ermənilərin hərbi cinayətinin davamıdır.

Elə bu gün (13 oktyabr) Füzulidə iki mülki vətəndaşımız tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

İndi bütün bunların fonunda BMT utanmadan Azərbaycanda qalıb monitorinq etmək istəyir. Bu açıq disktiminasiya və ikili yanaşma deməkdir. Eyni zamanda bu, onun göstəricisidir ki, BMT Ermənistanın manipulyasiyalarının bir alətinə çevrilməkdədir.

423557482_0_0_3067_1725_1920x0_80_0_0_7dfc0bc797e334a47710cfb685ca1b1c.jpg (330 KB)

Adicə bir fakta diqqət edək 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal ediləndə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb olunurdu. Amma bu qətnamələr kağız üzərində qaldı. Vətən müharibəsinə qədər yuxarıda qeyd etdiyimiz kimi BMT nə ərazidə monitorinq apara bildi, nə də qətnamələri icra olundu.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm də BMT-nin qətnamələrinin icrasına  səbəb oldu. Bu zaman BMT Təhlükəsizlik Şurası yenə də Azərbaycanın guya Ermənistana qarşı aqressiya törətdiyini iddia etməyə başladı. Bütün bunlar nümayiş etdirir ki, BMT müstəqil fəaliyyət göstərən bir təşkilat deyil, ayrı-ayrı, siyasi dairələrin ambisiyalarına xidmət etməkdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR