İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan xofda: Türkiyə ilə sərhədlər də dəqiqləşəcək!

1022 07.05.2022 10:50 Siyasət A A

“Ermənistan Türkiyə ilə sərhədin yenidən demarkasiyası məsələsini qəti şəkildə rədd edib”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Eduard Ağacanyan deyib. Onun sözlərinə görə, İrəvan Türkiyənin xüsusilə qısamüddətli perspektivdə qarşılıqlı addımlara hazır olduğunu müşahidə etmir: “Türkiyə konkret addımlarla bağlı müsbət siqnallar göndərməyib”.

Ankaranın məqsədinin nə ola biləcəyi ilə bağlı suala siyasətçi “belə bir dialoqun içində olmaq Türkiyə üçün faydalıdır” cavabını verib. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sərhədin yenidən demarkasiyası ilə bağlı son açıqlamasına da münasibət bildirib. Erməni deputat bildirib ki, belə bir eyham Türkiyə və Ermənistan nümayəndələri arasında danışıqlar zamanı edilib, lakin erməni tərəfi bunu qəti şəkildə rədd edib. “Burada ediləcək bir şey yox. Türkiyə ilə sərhədlər hələ sovet dövründə müəyyənləşib. Odur ki, yeni xəritəyə lüzum yox. O zaman Türkiyə niyə bu məsələni gündəmə gətirir? Bunu yalnız təxmin etmək olar”, - deyə Komissiya rəhbəri söyləyib.

Xatırladaq ki, az öncə Türkiyə XİN başçısı M.Çavuşoğlu Türkiyə-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə başlanacağını bildirmişdi. Lakin Ermənistan XİN sözçüsü bunu dərhal təkzib etdi. Bəs Türkiyə-Ermənistan sərhədlərinin dəqiqləşməsi deyəndə rəsmi Ankara nəyi nəzərdə tutur? İrəvan nədən belə həyəcanlanıb və buna ehtiyac görmür?

qabil huseynli | Banker.az

Qabil Hüseynli: “Türkiyə üçün torpaq itkisi qeydə alınıb, ona görə sərhədlər təzədən müəyyənləşməlidir”

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə Türkiyə bir neçə gündür elan edib ki, sərhədlərin yenidən dəqiqləşdirilməsinə ehtiyac yaranıb: “Bunun arxasında dayanan bütün nüansları sadalamağa çətinlik çəkirəm. Amma Türkiyə mediasında belə fikirlər səslənir ki, iki ölkəni ayıran Arpaçay məcrasını dəyişib və aşıb-daşması nəticəsində bir xeyli torpaq erməni tərəfə keçib. Bu, təbiət hadisəsi olsa da, Türkiyə üçün torpaq itkisi qeydə alınıb, ona görə sərhədlər müəyyənləşməlidir.  Bundan əlavə, Sevr müqaviləsində Şərqi Anadoluda bəzi ərazilər Ermənistan torpağı kimi göstərilib, amma verilməyib. İndi Qars müqaviləsi müddəalarının bir daha təsdiqlənməsi lazımdır”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova: “Ermənistan öz iddialarından hələ də geri çəkilmir, ona görə...”

İstanbulda fəaliyyət göstərən siyasi şərhçi Ramiyə Məmmədova isə qəzetimizə qeyd etdi ki, Türkiyə və Ermənistan ilkin şərtlər olmadan münasibətlərin normallaşdırılmasını müzakirə edirlər: “Mayın 3-də Vyanada keçirilən görüşdə xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar. Lakin Ermənistan öz iddialarından geri çəkilmir, ərazi məsələsi hələ də konstitusiyasında var. Bu halda Çavuşoğlu tələb edə bilər ki, komissiya qurulsun, sərhədlər müəyyən edilsin. Yəni türk diplomatın mövqeyini kontur cavab kimi qiymətləndirmək lazımdır. Ankara İrəvanın nəzərinə indidən çatdırır ki, danışıqlar münasibətlərin normallaşması, sərhədlərin açılması ilə yekunlaşacaqsa, o zaman Ermənistan sarsaq iddialarından əl çəkməlidir. Yox, sərhədlər açılır, amma ermənilərin ərazi iddiaları, qondarma soyqırımla bağlı mövqeyi dəyişmirsə, bunu birtərəfli nəticə adlandırmaq lazım olacaq”.

Taleh Şahsuvarlı 6 yaşlı sayta baş redaktor aparıldı - FOTO

Taleh Şahsuvarlı: “Əliyevin açıqlaması ilə Çavuşoğlunun son bəyanatını tutuşdurduqda diqqət “Qars müqaviləsi"nə yönəlir”

Jurnalist Taleh Şahsuvarlının sözlərinə görə, Türkiyə SSRİ-nin dağılmasından sonra sərhəd keçid məntəqələrini qapayaraq Ermənistanı Avropaya çıxışdan məhrum edib, bunun kimsəyə gizli olmayan üç səbəbi var: “Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları çıxış edir, ”erməni genosidi" ilə bağlı tarixi yalan kampaniyası apararaq Türkiyə üçün beynəlxalq miqyasda süni gərginlik yaradır, Qarabağ torpaqlarını işğal altında saxlayaraq Azərbaycanla müharibə vəziyyətində idi. Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsində sovet atlasları ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinin də əsas götürüləcəyini açıqladı. Əliyevin bu açıqlaması ilə Çavuşoğlunun son bəyanatını tutuşdurduqda, diqqət istər-istəməz “Qars müqaviləsi”nə yönəlir. Əgər Türkiyə və Ermənistan arasında sərhəd dəqiqləşdirilməsi masaya çıxırsa, Ermənistan ilk növbədə Türkiyəyə qarşı Sevrə dönüş xülyasından imtina etməli, bunun üçün konstitusiyasında və İstiqlal Bəyannaməsində, gerbində dəyişiklik etmək üçün referenduma getməlidir. Erməni cəmiyyətinin anti-türk isterikasını nəzərə alanda, bu, o qədər də real görünmür".

T.Şahsuvarlı hesab edir ki, əgər Sevrə qayıtmaq mümkün deyilsə, Ermənistan Moskva və Qars müqavilələrini tanımırsa, o zaman nəzəri baxımdan Türkiyə ilə sərhədlərin rəsmən tanınması üçün İrəvan yenidən “Gümrü anlaşmasının ruhu”nu canlandırmalı, yəni Ankara ilə birbaşa, ABŞ-sız, Avropasız, Rusiyasız danışmağa və qərar qəbul etməyə hazır olmalıdır: “Bunun üçün Ermənistan ilk növbədə müstəqil iradəyə malik olmalı, daha açıq desək, Gümrüdən və qalan ərazilərindən Rusiya qoşunlarını çıxarmalıdır. Terrorun ənənə olduğu bir ölkədə Nikol Paşinyan, yaxud hər hansı digər erməni lideri buna cəsarət edə bilərmi? Bu ritorik sualın cavabı, əlbəttə, birmənalı olaraq mənfidir. Bütün hallarda, Ermənistanla sərhədlərin dəqiqləşməsi üçün Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan komissiyaları ilə yanaşı Üçtərəfli Komissiya (Azərbaycan, Türkiyə, Ermənistan) da yaradılmalıdır. Bu komissiya Azərbaycan-Türkiyə sərhəd xəttinin genişlənməsi üçün mümkün variantları dinc qaydada müzakirə etməyə də açıq olmalıdır”.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün xüsusi nümayəndələr təyin ediblər - Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç. Xüsusi nümayəndələr arasında indiyədək 3 görüş keçirilib, biri Moskvada, ikisi isə Vyanada.  

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR