İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəslə uyğun olmayan temperatur - ziyanlı, yoxsa...

1723 02.05.2024 12:50 Yaşam A A

Anomal istilərin insanlara və təbiətə yan təsirlərini azaltmaq mümkündürmü; Amin Məmmədov: “Bu istiqamətdə effektiv nəticə əldə etmək üçün məhz böyük ölkələr ciddi addımlar atmalıdır, çünki...”

Bu il qış bir qədər sərt keçsə də, mart ayında temperatur normadan az olsa da, aprel ayında anomal temperatur müşahidə olundu. Belə ki, bu il apreldə havanın temperaturu iqlim normasından 12 dərəcə yuxarı olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, may ayında da bəzi yerlərdə havanın temperaturunun iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Bu isə yay fəslinin bu il əvvəlki illərlə müqayisədə daha isti keçəcəyinə dair ehtimalların yaranmasına səbəb olub.

Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov məsələ ilə bağlı APA-ya açıqlamasında bildirib ki, keçən il Ümumdünya Meteorologiya Təşkilatı və bir sıra beynəlxalq proqnoz mərkəzləri “El Nino” effektinin aktivləşməsi ilə əlaqədar 2024-cü ildə havanın qlobal temperaturunun daha 0.1-0.2 dərəcə artacağını bildirmişdilər:

“Hazırda havanın qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrə nisbətən 1.1-1.2 dərəcə çoxdur. Yəni 2024-cü ildə "El-Nino" effektinin təsiri altında bu göstərici təxminən 1.4-1.5 dərəcəyə çata bilər. BMT-nin İqlim Dəyişmələri üzrə hökumətlərarası qrupunun qənaətinə görə, əgər bu baş verərsə, qlobal istiləşmənin neqativ ekoloji, sosial və iqtisadi nəticələri daha da kəskin xarakter ala bilər".

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid  Səfərov - 0014679 | Photostock.az

Səid Səfərov

Səid Səfərov deyib ki, qlobal istiləşməyə yalnız atmosferdə “parnik” qazlarının miqdarının artması deyil, həm də dünya okeanında baş verən termohidrodinamiki proseslər də təsir edir: "Ekvatorial Sakit okeanda periodik olaraq baş verən “El-Nino” və “La Nino” hadisələri buna misal ola bilər. Belə ki, “El Nino” hadisəsi baş verərkən Günəş radiasiyası nəticəsində qızmış isti səth suları Sakit okeanın mərkəzi hissələrindən Cənubi Amerika sahillərinə tərəf hərəkət edir. Bununla əlaqədar olaraq, gətirilən istilik materiklərə yayılaraq qlobal hava dövranında nəzərəçarpacaq dəyişikliklərə səbəb olur. Bundan başqa, “El Nino” hadisəsi zamanı ekvatorial zonada şiddətli yağıntılara (bəzi yerlərdə illik yağıntıların miqdarı 12000 mm-ə çatır) səbəb olan passat küləkləri rejimi də kəskin dəyişikliyə məruz qalır. Bunun nəticəsində həmin ərazilərdə yağıntılar kəskin azalmaqla, dünyanın digər ərazilərində, o cümlədən Azərbaycanda və Xəzər dənizi hövzəsində şiddətli leysan və daşqınlara, digər yerlərdə isə quraqlıqlara səbəb olur".

Qlobal istiləşmə fonunda ölkəmizdə havanın temperaturunun necə olacağı barədə danışan Səid Səfərov bildirib ki, indidən yay üçün dəqiq proqnoz vermək bir qədər çətindir: “Çünki uzunmüddətli proqnozların özünü doğrultması hələlik çox da yüksək deyil. Lakin hesab edirəm ki, "El-Nino"nun aktivləşməsi ilə əlaqədar, istənilən halda regionda temperaturun artma tendensiyası davam edəcək".

Səid Səfərov qeyd edib ki, atmosferdə “parnik” qazlarının, o cümlədən karbon qazının miqdarının artması havanın temperaturunun ümumən artmasına səbəb olsa da, bu prosesə qismən də olsa, dünya okeanında baş verən və digər təbiət hadisələri də müəyyən qədər təsir edir: “Yəni bu təsirlər havanın temperaturunu müəyyən qədər azalda və ya artıra bilər. Məsələn, vulkan püskürmələrinin artması qlobal istiləşməni müəyyən qədər səngidə bilər. Çünki bu halda atmosferə atılan toz hissələri, aerozollar Günəşdən gələn istilik şüalanmasının bir hissəsini geri qaytarır. 1991-1993-cü illərdə bunun nəticəsində havanın temperaturu təxminən 2-3 dərəcə aşağı düşmüşdü. Yuxarıda qeyd etdiyimiz kimi, dünya okeanında baş verən "El Nino", “La Nino” prosesləri də qlobal iqlim dəyişmələrinə müəyyən qədər və müəyyən dövr üçün təsir edən hadisələrdir".

Qeyd edək ki, anormal istilər artıq bir sıra ölkələrdə can alır. Belə ki, son bir həftə ərzində anormal istilər nəticəsində azı 10 nəfərin öldüyü bildirilir. Məlumata görə, hazırda bu ölkənin 17 regionunda temperatur rekord həddə çatıb. Paytaxt Dəkkə şəhərində 41 dərəcə isti müşahidə edilir. Beləliklə, qlobal istiləşmə artıq özünü daha kəskin şəkildə göstərməyə başlayır. 

Onu da xatırladaq ki, ötən il yay aylarında iqlim dəyişikliyinin göstəriciləri rekord həddə çatmışdı. Ümumdünya Meteorologiya Təşkilatının hesabatı təsdiq edib ki, 2023-cü il tarixdə ən isti il olub. Dünyaya “qırmızı xəbərdarlıq” göndərilən hesabatda qeyd edilib ki, iqlim dəyişikliyi təkcə temperaturun artması ilə deyil, 2023-cü ildə okeanlarda görünməmiş istiləşmə, buzlaqların əriməsi ilə də müşahidə edilib. Okean səthinin 90 faizindən çoxu 2023-cü il ərzində isti dalğalarının təsiri altında olub. 

Bəs bu yay da “cəhənnəm istiləri” gözlənilirmi? Anormal temperaturun insanlara və təbiətə mənfi təsirlərini azaltmaq üçün nə edilməlidir? 

Amin Məmmədov: Ermənistan ərazisində aparılan mədən fəaliyyəti barəsində  Azərbaycanın razılığı alınmalıdır - AZƏRTAC

Amin Məmmədov

Mövzu ilə bağlı ekoloq Amin Məmmədov “Yeni Müsavat”a danışıb. Ekoloq qeyd edib ki, dünyada qlobal istiləşmə artıq uzun müddətdir ki, başlayıb: “Dünyada gedən qlobal istiləşmə son 20-30 ildə müşahidə olunur. Ola bilər ki, hansısa illər üzrə nisbi  göstəricilər olub, amma ümumilikdə bu istiləşməni müşahidə edirik.

1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul olunub, həmin konvensiyadan sonra hər bir ölkə öz üzərinə atmosferə buraxılan karbon qazının azaldılması bağlı öhdəlik götürüb.

Məlum olduğu kimi, Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanda sənaye üzrə tənəzzül olub, bir çox müəssisələr bağlanıb, ona görə də atmosferə karbon qazının buraxılması çox yüksək həddə müşahidə olunmayıb. Lakin digər böyük sənaye ölkələrində müəssisələr fəaliyyət göstərir və həmin müəssisələrdən çıxan qazlar qlobal iqlim dəyişikliyinə təsir edir. 

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29  bu il Bakıda keçiriləcək. Bu cür tədbirlər keçirərək,  atmosferə buraxılan karbon qazının azaldılması qiymətləndirilir, bununla bağlı beynəlxalq  təşkilatlar tərəfindən kvotalar  müəyyən olunur və yaxud tələblər sərtləşdirilir. 

Azərbaycan bu məsələdə öz öhdəsinə düşəni yerinə yetirmək üçün hazırda 2030-cu ilə qədər ümumi enerji təchizatının 40 faizə yaxınını alternativ enerjiyə keçirməyi planlaşdırır. Artıq bunun üçün müvafiq işlər görülür. Həmçinin iqlim dəyişikliyinin təsirlərini azaltmaq istiqamətində yaşıllıq ərazilər artırılır.  

Lakin dünyada gedən iqlim dəyişikliyi, qlobal istiləşmə ilə mübarizə aparmaq, bu istiqamətdə effektiv nəticə əldə etmək üçün məhz böyük ölkələr ciddi  addımlar atmalıdır. Əlbəttə ki, bu istiqamətdə beynəlxalq təşkilatlar işləyir. Lakin təəssüf ki, son 20 ildə gedən proseslər artıq öz təsirini göstərir və biz temperaturun artdığını müşahidə edirik".

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR