Göyərtəsində 359 nəfər olan sərnişin bərəsi Filippin sahillərində batıb, nəticədə 15 nəfər həlak olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “M/V Trisha Kerstin” sərnişin gəmisi gecə yarısından bir qədər sonra Basilan əyaləti yaxınlığında batıb. Bərə Zamboanga limanından Jolo adasına gedirmiş.
Xilasetmə xidmətləri 316 nəfəri təxliyə edib. Gəmidə 332 sərnişin və 27 heyət üzvü olub.
Sahil mühafizəsi dəstəsinin komandiri qəza zamanı hava şəraitinin əlverişli olduğunu bildirib. Gəmi yola düşməzdən əvvəl yoxlanılıb və heç bir həddindən artıq yük aşkar edilməyib.
Fövqəladə hal barədə ilk məlumat verən bərədəki təhlükəsizlik işçisi olub. Fəlakətin səbəbləri araşdırılır.
Musavat.com






