İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..

619 30.04.2024 15:52 Siyasət A A

“Bilirik ki, Vətən müharibəsindəki şanlı Zəfərimiz bir sıra qlobal gücləri, o cümlədən Fransanı narahat edir. Səbəb isə odur ki, onlar Qarabağın Azərbaycan tərəfindən işğaldan azad edilməsindən sonra bölgədə siyasi-iqtisadi nüfuz itkisinə məruz qalıblar. Bunu əvəzləmək üçün Fransa Ermənistan vasitəsilə bölgədə təkrar güc sahibi olmağa çalışır. Lakin Fransa siyasətini yönləndirən şəxslər tamamilə ermənipərəst və anti-Azərbaycan xarakterli addımlar ataraq ikili münasibətləri tarixin ən aşağı səviyyəsinə gətirib çıxardılar”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.

sehla son.jpg (273 KB)

Ekspert bildirib ki, Fransa Senatında və Milli Assambleyasında qondarma rejimi (artıq mövcud deyil) tanıyan, ölkəmizə qarşı sanksiya çağırışı edən qətnamələr qəbul olundu:

“Fransa bənzər qətnamələrin nüfuza malik olduğu bütün beynəlxalq platformalar daxilində də qəbul edilməsinə çalışdı və bu baxımdan Avropa Parlamentindəki “uğurlu” nəticələri xatırlana bilər. BMT-də isə bu “uğuru” demək olar ki, qazana bilmədi. Çünki Fransa və qlobal erməni şəbəkəsinin təsir gücü Avropada işlək həllərə gətirib çıxarırsa da, bütün dünyada bu “güc” yetərli və keçərli olmamaqdadır. Odur ki, Fransanın da Azərbaycana qarşı qlobal erməni şəbəkəsinin təsiri ilə həyata keçirdiyi siyasət dünya səviyyəsində fiaskoya uğrayır. Xüsusilə Fransanın kolonial siyasəti tərəfimizdən ifşa olunur. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı “Bakı Təşəbbüs Qrupu” kolonial siyasətdən əziyyət çəkən bütün tərəfləri mobilizə edərək, bir növ, antikolonializmin bayraqdarı rolunda çıxış edir. Bunun əvəzində Fransa tərəfindən ölkəmizə qarşı saxta ittihamlarla qətnamə və informasiya müstəvisində savaş, yəni hibrid savaş davam edir”.

Şəhla Cəlilzadənin fikrincə, Fransa Azərbaycanla münasibətlərin normallaşması üçün cəhdlər edəcək:

“17 apreldə öz səfirini məsləhətləşmələr üçün geri çağıran Fransa heç 2 həftə çəkmədi ki, səfirini ölkəmizə geri qaytarmaq qərarına gəldi. Bunu o cür anlamaq olar ki, Ermənistanın Avro-Atlantik inteqrasiyası üzərində fokuslanan Qərb onun Rusiya ilə əlaqələrini tamamilə kəsə bilməyəcəyini, həmçinin bu cür siyasətin Cənubi Qafqazda mühüm itki ilə nəticələnəcəyini anladığı üçün Fransa Azərbaycanla münasibətləri yoluna qoymağa çalışacaq. Bununla yanaşı, qeyd olunmalıdır ki, bu günədək Fransanın təşəbbüsü ilə Avropa qurumlarında anti-Azərbaycan qətnamələr qəbul olunmaqda davam edib, ən son 25 apreldə Avropa Parlamenti yalanlarla və əsassız ittihamlarla dolu qətnamə qəbul edib. Bütün bunların bir anda səngiyəcəyinə inanmaq mümkün deyil. Fransa münasibətləri normallaşdırmaq istəyirsə, ilkin addım olaraq Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin yenidən aktivləşdiriləcəyinə dair müvafiq dairələrdən mesajın verilməsini görmək istərdik. Əks təqdirdə səfirin geri qayıtması hər hansı ciddi müsbət irəliləyiş vəd etməyəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR