Hökmə əsasən digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrum ediliblər.
Məhkəmədə bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüblər. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Məhkəmə onlara öldüklərinə görə cəza təyin etməyib.
***
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.
Bu gün keçirilən məhkəmə iclasında təqsirləndirilən Yunis Səfərov və digər zərərçəkmişlər də son söz deyiblər.
Yalnız Yunis Səfərov özünü qismən təqsirli bilir. Yunis Səfərov bu addımı sabiq icra başçısı Elmar Vəliyevin qanunsuz hərəkətlərinə, yerli insanları incitməsinə cavab olaraq atdığını deyib.
Bildirək ki, vəkillər həm istintaqdan, həm də məhkəmə prosesinin gedişindən narazılıq ediblər.
Müdafiəçilər bildiriblər ki, bu işlə bağlı obyektiv, hərtərəfli araşdırma aparılmadı, həqiqətin ortaya çıxarılması üçün lazım olan addımlar atılmadı. Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslər sabiq icra başçısına qarşı sui-qəsd olayına aidiyyətlərinin olmadığını bildirirlər. Onlar bu cinayətdə ittiham edilsələr də, ortaya heç bir sübut-dəlil qoyulmur. Vəkillərin sözlərinə görə, cinayət işinin materialları sübutlardan yox, sadəcə boş söz yığınından ibarətdir.
Müdafiəçilər onu da əlavə ediblər ki, Elmar Vəliyevə qarşı sui-qəsd terror aktı kimi qiymətləndirilib. Hadisəni törədən şəxs – Yunis Səfərov isə açıq şəkildə deyir ki, icra başçısı əhaliyə zülm elədiyinə və yuxarı dövlət orqanları onunla bağlı şikayətlərə baxmadığına görə, ondan qisas almaq niyyətində olub.
Vəkillər təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasından da danışıb. Onların işgəncəyə məruz qaldıqlarını, həbsdə olduqları müddətdə aylarla telefonla danışa, görüşə bilmədiklərini bildirib.
Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özlərini təqsirli bilmirlər.
Xatırladaq ki, prokuror Yunis Səfərovun ömürlük, digər təqsirləndirilən şəxslərin isə 18-20 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmə prosesi davam edir.
İlkin Muradov
Musavat.com






