İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəl Səmərqənd – Dövlətlər paytaxt olmuş şəhər mədəniyyət paytaxtına çevrilir

1755 05.11.2023 08:30 Reportaj A A

Biz Səmərqənd torpağına ayaq basanda səhər saat 5 idi. Qaranlıqdı. Amma səhərin bu erkən çağında şəhərin yollarında, küçələrində bu qədər çox avtomobillərin olması, insanların ora-bura hərəkət etməsi ondan xəbər verirdi ki, Səmərqənd hər hansı ucqar əyalət şəhəri deyil, əməlli-başlı böyük şəhərdir və burada 7\24 həyat qaynayır.

Zarafat deyil, şəhərətrafı qəsəbələri ilə birlikdə Səmərqənddə 1 milyon insan yaşayır, şəhərin özünün isə 600 minə yaxın sakini var. Ancaq Səmərqənd əhalisinin sayına görə paytaxt Daşkənddən sonra Özbəkistanın ikinci şəhəri deyil, üçüncüdür. İkinci yerdə adı ölkədən kənarda çox da bəlli olmayan Namanqan şəhəridir.

Üçüncü olmasına baxmayaraq, Səmərqəndi Özbəkistanın ən qədim (bizim eradan əvvəl 8-ci əsrdə inşa olunduğu ehtimal edilir) və ən məşhur şəhəri saymaq olar. Bu şəhər əsrlər boyunca bir çox dövlətlərin, o cümlədən 14-cü əsrdə Teymurilər imperiyasının paytaxtı olub. Sonuncu dəfə Səmərqənd 1925-30-cu illərdə sovet Özbəkistanın paytaxtı statusunu daşıyıb. Onun adı əksər tarixi məxəzlərdə çəkilir.

Ad demişkən, Səmərqəndinin adının haradan götürülməsi ilə bağlı azı 5 versiya var. Ümumi fikir ondan ibarətdir ki, şəhərin adının sonundakı heca “qənd” (kənd, kand) bizim anladığımız “kənd-şəhər” mənasındadır, “Səmər” hissəsi isə varlılığa, zənginliyə işarə edən “Semiz” sözündən əmələ gəlib. Bir versiya da odur ki, Səmərqənd şəhəri vaxtilə Səmər adlı xan tərəfindən salınıb, ona görə “Səmər kəndi” adlandırılıb.

Əlbəttə, bir şəhərin, ölkənin, eləcə də xalqın tarixinin nədən ibarət olması maraqlıdır, onu öyrənmək vacibdir, amma daha önəmli olan bu günü və gələcəyidir. Müasir səmərqəndlilər heç də şəhərin şanlı tarixində ilişib qalmayıblar, onun mədəniyyət abidələrini, ümumi atmosferini qoruyub saxlasalar da, ona ehtiramla yanaşsalar da, Səmərqəndin bu günü və gələcəyi ilə bağlı önəmli işlər görürlər. 2022-ci ildə şəhərin ərazisinin genişləndirilməsi və şəhərətrafı ərazilər hesabına əhalisinin artırılması planlaşdırılıb. Həmin ilin sonunda Özbəkistan prezidenti Səmərqənd şəhərinin Səmərqənd vilayətindən ayrılacağını, respublika tabeliyində olan şəhər statusu alacağını elan edib. Əvvəllər belə status yalnız Özbəkistanın paytaxtı Daşkənddə məxsus olub.

66655.JPG (37 KB)

Dəniz səviyyəsindən 720 metr yüksəklikdə yerləşən şəhərin genişlənməsi üçün təbii imkanlar var. Şəhər nə dağa söykənir, nə də dəniz sahilindədir, ona görə də o dörd bir tərəfə genişlənə bilər. Şəhər kənarındakı boz, əkin-biçinə yaramayan təpələri hamarlayıb, yaşayış massivlərinə çevirmək, yaşıllaşdırmaq müasir insanların əlində çətin iş deyil. Səmərqənddə yaşıllaşdırmaya çox fikir verirlər, bir çox yerlərdə yeni parklar salınıb, ağaclar əkilib, süni çəmənliklər düzəldilib və onlara gün ərzində su çilənir.

Şəhərin mərkəzi Registan meydanı və onun ansamblı qorunub saxlanılır, bir çox başqa şəhərlərdəki kimi metr-metr nəsə tikmək istəyənlərə satılmır, ancaq şəhərin kənarlarında beş ulduzlu otellər və başqa tikililər inşa edilir.

2001-ci ildə şəhər və onun tarixi memarlıq və arxeoloji abidələri “Səmərqənd - mədəniyyətlərin qovşağı” adı ilə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bizim qatıldığımız beynəlxalq konqres ümumilikdə Özbəkistanın mədəniyyət irsinə həsr olunsa da, tədbirin Səmərqənddə keçirilməsi ondan xəbər verir ki, bu şəhər özbək tarixinin və mədəniyyətinin şanlı salnaməsidir.

Тимуриды.png (31 KB)

2 minillikdən çox müddət ərzində bu şəhər Çin və Avropa arasında Böyük İpək Yolunun əsas nöqtəsi olub, orta əsrlər Şərqinin əsas elm mərkəzlərindən birinə çevrilib. Özbəklərin haqlı olaraq fəxr etdiyi Teymurilər dövrü Səmərqəndlə bağlıdır. Əmir Teymur bu şəhərdən çıxaraq müasir Türkiyə, İraq, İran, Azərbaycan, Ermənistan, Əfqanıstan, Qazaxstan, Türkmənistan, Gürcüstan, eləcə də Rusiya və Pakistan kimi dövlətlərin ərazisinin bir hissəsini tutub, böyük imperiya yaradıb və onu özü və varisləri 137 il boyunca idarə ediblər.

Bununla belə, Səmərqənd özü də əldən-ələ keçib, dəfələrlə yadelli işğalçıların basqınına, işğalına məruz qalb. Məsələn, 712-ci ildə Səmərqənd Quteybə ibn Müslümün başçılıq etdiyi ərəb işğaçılar tərəfindən tutulub. 875-ci ildə şəhər farsdilli Samanilər sülaləsinin idarəsi altına keçib, onun paytaxtı olub.

Sonra şəhər Qaraxanlılar dövlətinə sərəncamına keçib, onun paytaxtına çevrilib.

Daha sonra Səmərqənd Xorəzmşahlar dövlətinin tərkibində olub. 1221-ci ildə şəhəri Çingiz xanın başçılıq etdiyi monqollar tutub.

Bir sözlə, dünyanın əksər qədim şəhərləri kimi Səmərqəndin üzü də üzlər, yadellilər, çoxlu hökmdarlar görüb, neçə dəfə dağıdılıb, tarix boyunca istila edilib, axır, gəlib bu günlərə çıxıb.

saamruk.JPG (50 KB)

Belə götürəndə 32 il öncəyə qədər Səmərqənd sovet-rus imperiyasının şəhəri idi. Hazırda isə müstəqil Özbəkistanın şəhəridir.

İndi özbəklər o əzmdədirlər ki, öz dövlətlərinin müstəqilliyini əbədi qorusunlar, Səmərqəndi də dünyanın ən gözəl, qədimliyi və müasirliyi bir arada tutan turizm mərkəzinə, meqapolisə çevirsinlər.

Xalid Kazımlı, Musavat.com

Səmərqənd, Özbəkistan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR