İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülü dərənlər başqadır, arada Karen döyülür

2403 21.10.2023 10:30 Yazarlar A A

 

Dünyanın ən ləzzətli işlərindən biri zəhlən gedən iki adamın tutaşmasına tamaşa etməkdir. “Tutaşma” deyəndə söhbət virtual söyüşmədən getmir, o iş o qədər ləzzətli deyil, amma zəhləngetmişlər əlbəyaxa olanda, bir-birini itsürütməsi, danaboyun edəndə baxımlı tamaşa alınır.

İkisindən də zəhlən getdiyinə görə irəli durub harayçılıq etmək cəfasına da qatlaşmırsan, eləcə, baxırsan. Heç birinə azarkeşlik də etmirsən, hesab edirsən ki, “Real”-“Barselona” matçıdır, hansı udur, udsun, nə vecinədir, “Qarabağ” deyil ki, uduzanda dilxor olasan.

Amma dalaşan tərəflərin ikisi də sənə müəyyən mənada yaxın olanda istər-istəməz araya girirsən və heç kimə heç nə olmur, ara yerdə özün döyülüb çıxırsan.Ona görə də ən yaxşısı düşmənlərin dalaşmasıdır.

Bax, dünən İrəvanda Qarabağ ermənilərinin sonuncu “Yusif Sərracı” rolunu oynamış Samvel Şahramanyanın qardaşı Kareni babat çırpıblar – yaş palaz kimi. Dava-dalaşın videosu yayılmışdı, humanizmdən Erablur panteonu qədər uzaq olsa da, deyim ki, ləzzətli epizodlar idi. Çatan qoyurdu. Bir ara bəlli olmadı ki, döyülən haradadır və kimdir, eləcə havada düyülü yumruqlar uçuşrdu. Türkün sözü, karamboy idi (futbolda qapı ağzında yaranan qarışıqlıq).

Oxumuş adamlar demişkən, narrativin, yəni hekayətin məğzi bundan ibarətdir ki, ortada pul davası olub. Deyilənə görə, vaxtilə Qarabağda qurama qurumda vəzifə tutan ermənilər gediblər Samvel Şahramanyanın ofisinin qabağına, öz “halal maaş”larını istəyiblər. O, “məndə pul nəəzir” deyə öz aparatının rəhbəri olan qardaşını göndərib ki, çıx, o höcət qarabağlı esherlərə cavab ver. O da çıxıb, nə deyib, nə deməyib, şillə-şapalağı qoyublar qulağının dibindən, təpiyi də dümbülündən.

Hələ bəxtindən, bordo beretlilər araya girir, yoxsa Kareni Patrik Züskindin “Əttar” romanının personajı Qrenuy kimi cırıq-cırıq edəcəkdilər – həm də təkcə mavi köynəyini, göy kostyumunu yox. Videoda görünür ki, davanın mabədində xüsusi təyinatlılar Kareni qızmış kütlənin əlindən zorla qurtarırlar. Belə olduqlarına baxmayın, ermənilər hiddətlənəndə heç kral dədələri Tiqranı da tanımırlar, o da qaldı 20 günlük rəhbərləri Samvel olsun.

Amma insaf da yaxşı şeydir, Şahramanyan nə yatdı ki, nə də yuxu görsün. Qarabağın yaxşı, dinc vaxtlarının gülünü Saakyanla, Qukasyan dərdi. İkisi də milyonçudur. Heç Araik də bu vəzifəsinin səfasını yaxşı görmədi, müharibə vaxtı eyzən bunkerlərdə daldalandı, ondan sonra da gah Balasanyanla, gah da Vardanyanla boğuşdu. Paşinyan da o tərəfdən zəhləsini tökürdü. Bu da bilmirdi sülhməramlıların yeni komandirinə yaltaqlansın, yoxsa yerli televiziya ilə növbəti dəfə “De-qe-er heç vaxt Azərbaycanın tərkibində olmayacaq” desin.

Şahramanyan isə vəzifəsinə başlar-başlamaz ortalıq qarışdı, onun da gücü ona çatdı ki, “arsax”ı buraxsın, başınım və aşağı ətrafının salamatlığını təmin edərək aradan çıxsın. (İndi gedib İrəvanda deyir ki, bu, kov deyil, “arsax”ı buraxmamışam). Adam heç bir aylıq “prezident” maaşı da almadı, əlində bank yox, büdcə yox, pul istəyənlərə haradan tapıb versin. Sələflərinin (Saakyan, Qukasyan, Arutunyan) üçü də sanılı qoz kimi Bakıdadırlar, bəs bu neynəsin? Şahramanyan bilsəydi ki, Qarabağ erməniləri ona İrəvanda hücum edəcəklər, qardaşını döyəcəklər, o vaxt DTX-nın qaramaskalılarına deyərdi, eloğlular, maşında yer varsa, məni də aparın Bakıya.

Gerçəkdən, bu saat erməni “prezident”lər üçün ən yaxşı yer Bakıdır. Düzdür, adı təcridxanadır, dustaqlıqdır, amma əvəzində təhlükəsizlikdədirlər, döyən yox, söyən yox, hədələyən yox, sui-qəsd etmək istəyən yox. 10-15 gündən sonra şəkillərini yaysalar, görəcəyik, bay, hamısı kökəlib. Düzdür, Vardanyanın saqqalı qaralan, Saakyanın da başına tük gələn deyil, amma yaxşılaşmış olduqları görünəcək.

Onların heç biri Şahramanyanın (xüsusilə də Karenin) yerində olmaq istəməzdi.

Əslində isə hiddətli ermənilər gedib Robert Koçaryanı və Serj Sarkisyanı tapıb döyməlidirlər, deməlidirlər, ay stakhoslar, bəs deyirdiniz, məsələ bitib, “arsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq, nə oldu bəs. Belə deyib də, onları salmalıdırlar şillə-təpiyin altına. Yoxsa Karenin nə günahı var? Karen yazıqdır... (Humanizm damarı öz sözünü deyir).

Xüləs, neçə vaxtdır teleqram kanallarda belə ləzzətli videolar yayırlar, adam baxır, kefi kökəlir. Qoy həmişə belə davalar olsun.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR