İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda bir qadının “qiyamı”

3595 02.09.2023 12:28 Yazarlar A A

İlk yayımlanla saatı: 01.09.2023 22:10

Ölkə prezidenti Salome Zurabişvili ətrafında baş verənlər-biz də diqqətli izləməli...

İllər öncə 1 həftəlik Gürcüstan tətilindəki müşahidəmi deyim. Bəlkə də yanlış təsbitdir, amma mənə elə gəldi ki, bu ölkədə gürcü qadının rolu ənənəvi Qafqazdan bir az fərqlidir, istənilən sahədə onlar lider olmağa can atır, sözləri keçərlidir, mötəbərdir və sairə. Bunu gürcü resepşından soruşdum da, o isə mızıldandı, yəni cavab vermədi...

Gürcüstan zatən, hələ SSRİ dövründə Qafqazda bir çox sahələrdə, xüsusilə futbolda özlərini fərqləndirə bilmişdilər. O da var ki, gürcülər yaxşı mənada fərqlənməyi sevirlər də, bu onlarda hərdən alınır, hərdən də yox.

Müstəqilliyin ilk illərində Gürcüstanda qadın siyasi liderlərin önə çıxması müşahidə olunurdu, amma bu proses məsələn, Almaniyadakı kimi heç vaxt hamar getməyib. İndi də parlament partiyalarından ayrılmış kvota ilə mandat daşıyan qadınlar, hətta partiya sədrləri (məsələn, Eka Baseliya və İnma İnaşvili) də var. 

sur.jpg (147 KB)

Zərif cinsin siyasətdə ən parlaq mümayəndəsi kimi isə mənim yaddaşımda parlamentin sabiq spikeri (2001-2008) və müəyyən illərdə prezident səlahiyyətlərini də icra edən Nino Burcanadze hələ də “ilişib”qalıb. Baxmayaraq ki, artıq 5 ildir ki, ilk dəfə olaraq bu ölkənin prezidenti qadındır-Salome Zurabişvili. Prezidentin səlahiyyətlərində müəyyən məhdudiyyətlər olsa da, Zurabişvili Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

2018-ci ildəki prezident seçkisində müstəqil namizəd, Fransa doğumlu Zurabişvili ikinci turda 60%-dən bir qədər az səs topladı və müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni demək olar ki, 20% səs çoxluğu ilə məğlub etdi.

Salome Zurabişvili prezident seçilməzdən əvvəl Saakaşvili hökumətində xarici işlər naziri olmuşdu. Onu Gürcüstana dəvət edən də indi həbsdə çürüyən Saakaşvili olub. Zurabişvili əslində Gürcüstana yaxın birisi sayıla da bilməzdi. O, Fransaya köçmüş gürcü mühacirlərinin nəslindəndir. Seçki kampaniyasının lap əvvəlindən gürcü dilini bilməməsi onun opponentləri tərəfindən istehza mövzusuna çevrilmişdi. Hakim “Gürcü Arzusu”nun birinci turda xanım Zurabişviliyə ciddi dəstəkləri yox idi. Lakin artıq ikinci turda bu dəstək daha açıq və həlledici oldu. İndi isə elə həmin hakim “Gürcü Arzusu” Zurabişvilini konstitusiyanı pozmaqda ittiham edir və impiçment proseduruna başlayır. 

1095590.jpg (269 KB)

Söhbət ondan gedir ki, Gürcüstanın əsas qanununa görə ölkənin xarici siyasətini Nazirlər Kabineti müəyyən edir, dövlət başçısı digər ölkələrlə münasibətlərdə təmaslarını yalnız hökumətin razılığı ilə həyata keçirə bilər. O da məlum olub ki, Gürcüstan hökuməti dövlət başçısının Almaniyaya səfərindən öncə Zurabişvilinin müraciətinə yazılı şəkildə rədd cavab veribmiş. Ümumilikdə Nazirlər Kabineti prezidentin ilin sonuna qədər xaricə 10 səfərindən imtina edib ki, bu siyahıda Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çexiya və İsrail də var.

Avqustun 31-də isə Zurabişvili hökumətin qadağasına baxmayaraq, Almaniyaya gedib. X sosial şəbəkəsində o, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşdüyünü elan edib. Sentyabrın 1-də impiçment prosesinin başlanması ilə bağlı xəbərlər fonunda o, İnstaqram səhifəsində qatarda çəkilmiş şəkli yerləşdirib və bir neçə saat sonra Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdən fotolar yayıb. O, səfərlərinin əlavə təfərrüatlarını açıqlamayıb və “Gürcü Arzusu”nun impiçment təşəbbüsünü şərh etməyib. 

281838835_0_0_1600_1064_1920x0_80_0_0_7bde08e1fe8f6473faeb4560e3560514.jpg (365 KB)

İmpiçmentin başa çatdırılması üçün 100 parlamentarinin dəstəyi lazımdır və buna görə də müxalifətin səsi olmadan Zurabişvilini vəzifəsindən uzaqlaşdırmaq mümkün deyil. Hazırda “Gürcü Arzusu”nun parlamentdə 84 yeri var. Partiya yaxın vaxtlarda impiçmentlə bağlı parlamentdə imza toplanmasına başlamaq və Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. Bildirilir ki, prezidentin bu hərəkətlərinə məhkəmə qiymətləndirilməsi təxminən bir ay çəkəcək, bundan sonra iki həftə ərzində impiçmentlə bağlı səsvermə keçiriləcək.

Müxalifət isə “Gürcü Arzusu”nun təşəbbüsünü kəskin tənqid edir, bunu “Gürcüstanın maraqlarına xəyanət” adlandırır. Hesab edilir ki, “prezidentin Avropa turnesinə görə impiçment edilməsi Putinə daha bir hədiyyə vermək deməkdir”.

Zurabişvilinin Rusiyaya münasibəti çoxdan bəllidir və sirr deyil. Təsadüfi deyil ki, o, seçkilərdə qalib gəldikdən dərhal sonra Moskva ilə əməkdaşlıqdan imtina etdiyini açıqladı. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra o, Kiyevi dəstəklədi. Bu ilin martında Salome Gürcüstan hökumətini Avropa İttifaqına can atmaq əvəzinə, Rusiyaya meylli xarici siyasətdə ittiham edib. Zurabişvili Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının bərpasına da mənfi reaksiya verib və bu ilin iyulunda Soçidən Batumiyə təyyarə relsinə görə başlayan etirazları dəstəkləyib. 

gurcustan_parlamenti.jpg (123 KB)

Gürcüstanın indiki hökumətində olanları kim nə deyir-desin, ağıllı adamlar hesab edirəm. Vaxtilə Ukrayna ilə bərabər Gürcüstana da “iki göy muncuq” vermişdilər-Avropa İttifaqına və NATO-ya üzvlük. Saakavşili neçə aydır türmədə kömək gözləyir. O ölkələr ki, onu oda və ortaya atmışdılar, indi heç Tiflis həbsxanasında Mişaya bir tort da aparmırlar. Elə biri bu üzsüz Fransa hakimyyəti. Gəlib sərhədimizdə dayanıb erməniyə canıyananlıq edənlər, niyə bir təyyarə yığışıb Gürcüstana gedib Mişaya baş çəkmirlər? Çünki səmimi və etibarlı adamlar deyillər.

O da ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar gedir. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər.

Qərbin adamı olan Salome Zurabişvilinin “qaşınmayan yerdən qan çıxarması” bir qadın müstəqilliyi deyil. Gürcüstan bizim təkcə yaxın qonşumuz deyil, həm də strateji, hərbi və iqtisadi partnyorumuzdur. O səbəbdən Gürcüstanda baş verənləri diqqətli izləməkdə fayda var... 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR