İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinə yaraşan vida

3073 03.03.2023 01:21 Yazarlar A A

 

Hacı Şahin həm də çox həssas bir vaxtda dünyamızdan ayrıldı, Azərbaycanın bu  zamanlarda ona bəlkə də əvvəlkindən daha çox ehtiyacı vardı...

Hacı Şahinin qəfil vəfatı böyük mənada dövlət üçün itkidir. Bunu anlamaq üçün onun dəfnindəki izdihama baxmaq kifayət etdi. Hacı Şahin həm də çox həssas bir vaxtda dünyamızdan ayrıldı, Azərbaycanın  bu  zamanlarda ona bəlkə də əvvəlkindən daha çox ehtiyacı vardı...

Dini cameə bizim bildiyimiz və bilmədiyimiz xarici basqılar altında olur daima. Azərbaycan indi elə bir həssas dönəmdən keçirdi ki, onun kimi ilahiyyatçı liderə çox ehtiyac vardı. Dini sahədə  bu cür liderləri diplomla, dini komitədə vəzifə verməklə yetişdirmək, onu cəmiyyətin qarşısına çıxarmaq, “bunu qəbul edin” demək mümkün deyil. Çünki iman inam məsələsidir, könül məsələsidir, bağlılıqdır… 

 

Belə nüfuzlu din adamı hələm-hələm yetişmir. Hacı Şahin təkcə dindar deyildi, o həm də cəmiyyətin çox həssas bir hissəsini arxasınca doğru yola apara bilən ilahiyyatçı, filosof, ziyalı  idi. Onun dini baxışlarının formalaşmasında kənar və məlum məktəbin təsiri olsaydı, yəqin ki, onun ətrafı bu cür sıx, həm də ən müxtəlif yaş qrupundan olan inanclılar olmazdı...Onda ətrafındakı dindarlara görə təkəbbür, yekəxanalıq yox idi, müsahibələrində səmimi görünürdü, açıqfikirli, iddiasız danışırdı, onun ara-sıra internetdə izlədiyim xütbələrində də bağırtı-çığırtı ilə heç rastlaşmadım. Dəvət vardı, məcburiyyət yox...

Onun xaricdən zərərli din cərəyanların, zərərli vərdişlərin gəncləri “ovlamağa çıxdığı” 90-cı illərdə Yasamal kimi məhəllədə gəncləri başına toplayıb onları düzgün yola dəvət etməsini çoxları bilir. Həmin illər orada yaşadığım üçün deyirəm ki, xüsusilə Yasamalda bunu etmək qəhrəmanlıq sayılırdı. Hacı Şahinin həmin illər çoxlarını zərərli vərdişlərdən uzaqlaşdırıb, imana, dinə maraq oyatmasını  çoxları indi də xatırlayır. Hacı Şahin elə  gənc yaşlarından içindəki işığı ətrafındakıları ilə bölüşürmüş, əvvəl mirzəlik, sonra dindar, ziyalı, imam-camaat mərtəbəsinə yüksəlmişdi.

Bir adamın ziyalı və cəmiyyət üçün xeyirli insan, vətəndaş olduğunu bilmək üçün dizinin yanında oturmaq şərt deyil. Hacı Şahin şübhəsiz ki, ziyalı idi, onun xütbələri, danışdıqları qara rəngdə deyildi, işıq vardı. Qaranlığa gedənlərin gözü kor, işığa doğru gedənlərin könülləri açıq olur…

Səfirliyimizə xaricdəki əvvəlki hücumlardan sonra “bayraq aksiyası” keçirmək də onun ideyası idi, bu Azərbaycana bağlılığın təsdiqi, bir göstəriş deyildi, bu,  sadəcə, vətəndaş mövqeyi idi.    

Onun dəfnində “qara bayraqların” olmaması, heç bir insidentin yaşanmaması Hacı Şahinin təkcə şəxsinə olan hörmət deyildi, onun həyat yoluna  verilən haqq etdiyi qiymət idi.

Əvəzedilməz adam yoxdur deyirlər. Bu fikir  yalan dünyanın eybini örtmək üçün rəvayətdir. Yeri çox görünəcək Hacı Şahinin, hətta boşluq yaranacaq...    

Ramiz Rövşənin onun vəfatına şeir yazmasında da  İlahi hikmət var mütləq. İkisi də Allaha çox yaxın adamlardır, biri şeirlərində, biri xütbələrində və həyat yolunda...Martın 2-də Hacı Şahinin son statusunda birləşdilər, Ramiz Rövşənin şeiri ilə ayrıldılar, vidalaşdılar, halallaşdılar...

Azan kimi şeirdir, axıcı və kədərli, Hacı Şahinə yaraşan vida idi...

 

              

                      

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR