İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki vəkil güllələnməsini istədi - MƏHKƏMƏ İŞİ

8962 22.04.2024 14:19 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda Sümbülə Əliyeva hakimlərə etiraz edib.

Sümbülə Əliyeva etiraza səbəb kimi məhkəmə istintaqı zamanı onun verdiyi vəsatətlərin təmin edilməməsini və işin obyektiv aparılmamasını göstərib:

“Məhkəmə istintaqı zamanı əlavə şahidlərin və maliyyə sənədlərinin araşdırılması barədə vəsatətlər verdim. Hakim Mahmud Ağalarov isə bu vəsatətləri təmin etmədi, sənədləri araşdırmadan çıxışlara keçid etdi. Əgər məni cəzalandırmaq istəyirsinizsə, güllələnmə cəzası verin. 40 ildir vəkiləm, belə araşdırma aparılan məhkəmə prosesi görməmişəm”.

S.Əliyeva əvvəlki məhkəmə proseslərinə qatılmamasının səbəbini də izah edib:

“Məhkəmədə olanlar məni stressə saldı. Hətta əməliyyat olundum. Gəlmədiyim proseslər barədə hakimin köməkçisinə səhhətimlə bağlı hər dəfə sənəd göndərirdim. Təqsirləndirilən şəxs xəstə olanda onun barəsində həbs qətimkan tədbiri seçilmir. Onun verdiyi sənədlər yoxlanılır. Bəlkə mən yalandan deyirəm. Bütün bunlara görə də işimi araşdıran hakimlərə etiraz edirəm”.

Hakimlər etirazla bağlı müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. Hakim Mahmud Ağalarov sonra ittiham aktının nəticəvi hissəsinin elan edilməsini təklif edib.

Təqsirləndirilən Sümbülə Əliyeva isə dövlət ittihamçısı barədə də etirazı olduğunu deyib: “Dövlət ittihamçısı Orxan Mehdiyevə də etirazım vardı. Bu gün prosesdə digər dövlət ittihamçısı Ziya Mansurov iştirak edir. Ona görə də Ziya Mansurova da etiraz edirəm”.

Hakim məhkəmə iclasının təxirə salındığını bildirib. Məhkəmə prosesi aprelin 25-nə təyin edilib.

Xatırladaq ki, Sümbülə Əliyeva barəsində cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay həbs olunub. Buna qədər barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilmişdi.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb. Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva mərhum akademik Cəlal Əliyevin vəkili kimi məşhurlaşmışdı. Mətbuata qarşı iddiaları müdafiə etməklə də tanınırdı.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR