İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimdən çağırış: “Uşaqları məktəblərə çağırırlar, viruslar yayılır, çıxış yolunu kim göstərsin?!”

758 10.01.2024 16:36 Sosial A A

Hazırda epidemioloji vəziyyət heç də ürəkaçan deyil. Ölkədə koronavirus, qrip, qızılca və mənşəyi bilinməyən başqa viruslar da yayılmaqdadır. Xüsusilə qeyd etmək lazımdır ki, qızılca ilə bağlı kritik vəziyyət yaranıb, ölüm sayları günü-gündən artır. Elə bir gün əvvəl Bakıda daha bir məktəblinin qızılcadan vəfat etməsi hər kəsi sarsıtdı. Belə ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib. Ömər Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin 1D sinif şagirdi olub.

Son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

“Son vaxtlar uşaqlar arasında mövsümi infeksiyalarla yanaşı, su çiçəyi, skarlatina, göyöskürək, qızılca kimi yoluxucu xəstəliklər də yayılıb. Bəli, bu infeksiyalar hər zaman olub. Amma bu infeksiyaları da, onların yoluxuculuğunu nəzərə almaq, situasiyanı idarə etmək lazımdır”.

Bu fikirləri Musavat.com-a tanınmış pediatr Vaqif Qarayev bildirib.

tia_8be83db764252ba07396fc180d0e.jpg (28 KB)

O deyib ki, hazırda bununla bağlı məsələyə məhəl qoyulmur:

“Bu infeksiyaların yoluxuculuq dövrü var. Həmin dövrdə kontakt olmaz! Amma sonrakı reabilitasiya dövrü də var. Sadə dildə desək, uşaq özünə gəlməli, tam sağalmalıdır. Amma poliklinikadan arayış alan kimi uşağı məktəbə göndərir valideynlər. Səbəbi kimi də kiçik summativ qiymətləndirmələrin olduğunu deyirlər. Yəni bu yoxlamalarla bağlı məktəblərdən tələblər var. Uşaq məktəbə gedir, iki gün sonra başqa bir infeksiyaya yoluxub evə qayıdır. Çıxış yolunu kim göstərsin?”

11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir. Bu isə TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır. Vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb. Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaq, böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR