ABŞ müharibə naziri Pit Heqsetin idarəetmə üsulu Pentaqonda ciddi narazılıq yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqonda əməkdaşların mənəvi durumu son illərin ən aşağı səviyyəsinə enib. Mənbələr bunun əsas səbəbi kimi Heqsetin tabeliyində çalışanların fikirlərini nəzərə almamasını və qərarlarını müzakirə etmədən qəbul etməsini göstərirlər.
Qəzetə danışan anonim rəsmilərdən biri bildirib ki, nazir tənqid və ya etirazla üzləşəndə adətən "Çünki mən belə istədim" cavabını verir.
Mənbələrin sözlərinə görə, Heqset siyasi baxışlarını və şəxsi ambisiyalarını qərarlarına təsir etdirməklə Pentaqonda sağlam iş mühitini zəiflədib.
"Pit üçün hər şey "çünki mən belə istədim" prinsipi ilə idarə olunur. Heç bir müzakirə yoxdur, yalnız onun dediyi olur", - deyə anonim məmur nəşrə bildirib.
Son aylarda yüksək vəzifəli hərbçilərin səbəbi açıqlanmayan istefaları da nazirlikdə xaos yaradıb və yüz minlərlə hərbçinin işinə mənfi təsir göstərib.
Məqalədə qeyd olunur ki, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının komandanı, general Kristofer Donahyunun vəzifədən uzaqlaşdırılması Pentaqonda "çənəyə vurulan zərbə" kimi qiymətləndirilib.
Musavat.com






