İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi Prokurorluqda Heydər Əliyevlə bağlı tədbir keçirildi FOTO

754 07.05.2024 19:40 Ölkə A A

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə Musavat.com-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbirdə Baş prokurorun müavini – respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Xanlar Vəliyev Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətinin Azərbaycanın taleyində müstəsna rolu olan, Vətəninin və xalqının maraqlarını hər şeydən uca tutan Prezident İlham Əliyev kimi bütün ali bəşəri keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik rəhbər hazırlaması olduğunu xüsusi vurğulayıb. Ümummilli Liderin millətimizin və dövlətimizin parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində görülmüş nəhəng işlərdən, düşmən tapdağında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilməsindən, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmasından, lokal xarakterli antiterror tədbirlərindən, eləcə də ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, iqtisadiyyatımızın güclənməsindən bəhs edən hərbi prokuror bütün bunların Prezidentin iti zəkası, yüksək erudisiyası, mükəmməl rəhbərliyi, qətiyyəti, yorulmaz fəaliyyəti, xalqın müdrikliyi və əzmkarlığı sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində mümkün olduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Cavid Osmanov, Kamilə Əliyeva, Fatma Yıldırım və digərləri çıxış edərək dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

Sonda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında müstəsna xidmətlər göstərməklə xalqımızın Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və hafizələrdə əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR