İnsanlara hürriyət, millətlərə istiqlal!

Hozu gədələri necə cilovlamalı?

2042 05.10.2022 11:25 Yazarlar A A

 

Dünən 112 saylı məktəbdə baş verən hadisə ölkəmizin gündəminə oturanda rəqəm çox tanış gəldi, axır ki, bu rəqəmin yaddaşına haradan həkk olduğunu tapdım.

Yadıma düşdü ki, qardaş Türkiyədə 112 rəqəmi müqəddəs rəqəmdir, təcili yardım çağıranda bu rəqəmləri yığırlar.

Necə də simvolikdir. Məhz bu rəqəmlərlə nömrələnən məktəbdə baş verən ekstremal hadisə təhsil sisteminə təcili yardım edilməsini zəruri edir. Elnur adlı gədə yerdə uzanmış yaşıdına bir-iki təpik də vursa, məktəbə əsl təcili yardım (eləcə də polis) briqadası gələcəkdi.

Həmişə olduğu kimi, bu xüsusda da duyarlı insanlar sosial şəbəkədə qruplaşıblar: gənc xuliqanlara, gələcəyin canilərinə sərt cəza edənlərlə yanaşı, “olan şeydir, biz də orta məktəbdə oxuyanda tez-tez dalaşardıq” deyənlər də var.

Yeniyetmə vaxtının dava-dalaşları haqda əhvalatlar yazanlar o qədər çoxdur ki, oxuyub qurtarmaq olmur. Heç demə, şagird olanda xeyli adam dalaşqan olub, həmişə də ona ilişənləri döyüb, amma sonradan ağıllanıblar, ta heç kəsi döymürlər. “Döymüşəm də, döyülmüşəm də” deyə səmimiyyət sərgiləyənlər də var. Amma “məni həmişə döyürdülər” deyən yoxdur.

Dünən “olan şeydir” yazanlardan birinə yazmışdılar ki, a bəy, güman ki, sizin davalarınız bu cür olmayıb, ən azı yerə yıxıb çırpmayıblar, başınıza təpik vurmayıblar. Əl-əlbət, elə olar.

Döyüləni günahkar tutanlar da oldu və onlar müəyyən mənada haqlıydılar. Çünki adətən, əsirlər döyülərkən müqavimət göstərmirlər, qorxurlar ki, əlində silah olanların başı çönər.
Əsir, girov deyilsənsə, qorxaqlıq, cürətsizlik də bir yerə qədər. Üstəlik, videoya baxanda aydınca görünürdü ki, döyülən döyəndən güclüdür, hələ çəkisi də 5-6 kilo da artıqdır. Aqressiv gədə arada onu ortasından qucaqlayıb güləş fəndi ilə yerə çırpaq istəyəndə gücü çatmadı, sonra gördü ki, fağırdır, cavab vermir, yumruğa, təpiyə keçdi.

Bu hadisənin malalanması isə gerçəkdən biabırçılıqdır. Hər şey göz önündəykən necə sapıtmaq, danmaq olar. Əldə tutulan şey yaşıl xiyardır, bəziləri az qala and içir ki, yox, sarı banandır. Elə şey yoxdur. O məktəbdə ən azı iki gənc xuliqan oxuyur və bu gedişlə onlar kimisə bədbəxt edib içəri gedəcək, türmədə Pirşağinski olmaq istəyəcəklər.

Malalamağa gəlincə, illər öncə Tərtərdə belə bir hadisə olub. Orta məktəbdə oxuyan yuxarı sinif şagirdləri dalaşıb, biri o birini döyüb. Ta 112 saylı məktbədəki kimi yox, elə-bel, 3 şapalaq-yumruq biri vurub, 4 yumruq + 1 təpik də o biri. Söhbət valideynlərə çıxıb. Döyülənin atası şikayət etmək fikrinə düşüncə döyənin atası gedib ki. söhbəti malalasın, ortalığı və qəzəbli atanı yumşaltsın. Adam bir az gənclik enerjisindən, cavanlara xas dəliqanlılıqdan danışıb, “bizim də vaxtımızda belə şeylər olurdu, olan şeydir” deyib, sonra bildirib ki, sənin oğlun da, maşallah, güclüdür, döyüşkəndir, mənimki ilə bir-birinə təndirlər, intəhası (bu yerdə qısa pauza)... bizim yaramaz bir az cəld tərpənib.

İndi bəziləri elə şərh verir, sanki o kişinin dediyi kimi, tərəflər qabaq-qabağa döyüşüblər, heç döyən-zad da olmayıb, eləcə süpürləşiblər.

Halbuki video göz önündədir və insanları hiddətləndirən də tərəflərdən birinin o birini vəhşicəsinə, özü də sırf mırta çiləməsidir.

“Mənim uşağımı elə döysələr gedib onu elə edərdim, belə edərdim” deyənləri qınayanlar da var. Nahaq yerə. Yiyəsiz övlad yoxdur. Əgər o cür başıpozuq xuliqanların, hozu gədələrin bir kəsdən qorxuları olmasa, qabaqlarında durmaq olmaz.

Gənc, yetkin, yaşlı olmasına baxmayaraq, insan ki, özünü cəzasızlıq mühitində hiss etdi, bir-iki nəfəri çırpdı və cəza almadısa, canavara dönür. Ondan sonra onu gərək tutub qəfəsə, ağzıbirə salsınlar, zərərsizləşdirsinlər.

Başqa variant yoxdur. Bizim vaxtımızda da hozu gədələr vardı, qollarına qolay gələni döymək, incitmək istəyirdilər. Amma biri adamın böyük qardaşından qorxurdu, biri atadan, o biri əmidən, bu biri dayıdan. Düzdür, bəzən bu amillərə məhəl qoymayanlar da olurdu, amma məktəbin çıxışında daha güclü himayədar tərəfindən ir sürütməsi edilincə ağılları başlarına gəlirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR