İnsanlara hürriyət, millətlərə istiqlal!

İcbari tibbi sığortadan yararlana bilirikmi?

1462 20.06.2023 17:33 Reportaj A A

6 il əvvəl bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta artıq 2021-ci ildən bütün ölkə ərazisində tətbiq edilir. Bu gün ölkənin bütün ərazisində tibbi xidmətlər hər kəs üçün əlçatandır. Əlbəttə, insanlar dövlətin vətəndaşlar üçün yaratdığı bu imkanlardan razı olduqlarını bildirirlər. Amma vətəndaşlar xəstəxanalarda, poliklinikalarda saatlarla növbələrdə gözlədiklərini, eləcə də süründürməçiliklə rastlaşdığını deyirlər.

Vəziyyət həqiqətən də belədirmi? Əhali icbari tibbi sığorta ilə bağlı göstərilən xidmətlərdən yararlana bilirlərmi?

Musavat.com-un əməkdaşı olaraq tibb müəssisələrində olub, vəziyyəti öyrənməyə çalışdıq.

26 pol (1).jpeg (105 KB)

İlk olaraq 26 saylı şəhər poliklinikasına yollandıq. İçəri daxil olduğumuzda xeyli insanın növbədə dayandığını görürük. Bir əsəbi, yaşlı qadın ucadan, “gedin baxın, o qapıdan soruşun, oradan növbə götürün. Hamımız gözləyirik, siz də gözləyin” deyə səsləndi. Açığı, qadının üstümə bu tonda səslənməsindən sonra bir anlıq niyə gəldiyimi də unuduram. “Yox, mən bu həkim üçün gəlməmişəm deyib, gözləyəcəyəm”, dedim. “Siz bura sığorta ilə gəlmisiniz?” deyə həkim gözləyənlərdən soruşuram. Qolu gipsdə olan bir yaşlı kişi uzaqdan dillənir: “Bura hamı sığorta ilə gəlir, şükür razıyıq, yaxşı ki, bu sistem var, bu poliklinikadan da, həkimdən də razıyam”.

“Hamının adından danışmayın” deyə, bir orta yaşlı qadın yaxınlaşaraq cavab verdi. “Mən özümə söz vermişəm ki, bir də tibbi sığorta ilə heç bir həkimin qəbuluna getməyəcəm. Keçən dəfə 5 nömrəli xəstəxanaya elə bir vəziyyətdə getdim ki, ayaq üstə dayana bilmirdim. Saat 9-dan saat 3-ə kimi növbədə dayandım. Sonra da dedilər limit bitdi, 3-ə kimi idi.

Təsəvvür edirsiniz, neçə dəfə ağrıkəsici qəbul etdim, ağrılara dözdüm, axırda da bu cavabı verdilər”, - deyə o əlavə etdi.

Növbə gözləyən başqa bir qadın da söhbətə qoşuldu. O da dedi ki, sığorta ilə hara müraciət edibsə, imtina alıb: “Siz təsəvvür edin, buradan kolonoskopiyaya görə “5 nömrəli” xəstəxanaya göndərildim. Növbədə dayandım, mənə növbə çatanda dedilər ki, indicə kolonoskopya xarab oldu. Oradan sonra göndərişlə “Neftçilər” xəstəxanasına göndərdilər. Dedilər 15 gün sonraya var, gələrsiniz. 15 gün sonra da zəng vurub dedilər ki, səhər gəlin. Elə hazırlaşırdım ki, gedəm, zəng gəldi. Burada da dedilər ki, kolonoskopiya aparatı xarab oldu. Sonradan maraqlandım, mənim hər iki xəstəxanada tanışım çalışır, dedilər ki, kolonoskopiya aparatı xarab olmayıb. Deməli, sığorta ilə gəldiyimi bildiklərinə görə imtina ediblər. Sonra başqa adla da zəng vurub soruşdum ki, ”xanım sizdə kolonoskopia işləyir?”, dedilər, bəli, işləyir, qiyməti də 185 manat. Ona görə də mən sığorta ilə heç yerə getmirəm, inanmıram ki, bizdə doğru işləsinlər”.

ehali.jpeg (63 KB)

Həkim növbəsini gözləyən digər xəstələr də icbari tibbi sığorta ilə bağlı üzləşdikləri problemləri sadaladılar. “Mən də o gün kardioloq yanına getmişdim, 16-cı idim növbədə, həkim müayinə etdi, həkim də məni müayinələrə göndərdi. Orada da 120-ci düşdüm. Təsəvvür eləyin, onsuz da əsəblərim tarıma çəkilib, bu istidə nə qədər gözləmək olar. Bilmirsən həkimin, yoxsa müayinələrin növbəsini gözləyəsən. İş adamıyam, hər dəfə icazə almaq olmur. Şənbə də saat 2-yə qədər işləyirlər. Növbəmiz çatmamış iş saatları bitir. Bax belə zülm verirlər adamlara” deyə bir yaşlı kişi dilləndi.

“Demək olar ki, bütün xəstəxanalarda vəziyyət belədir. Mən özüm Cəlilabaddan gəlmişəm, səhər “Respublika” klinikasında bir həkim var, onun yanına getmək üçün növbə götürmüşdüm. O qədər adam var idi ki, çata bilmədim. Saat 3 oldu, bağlandı. Bilmədim nə edim, hara gedim, axır uzaq qohumuma zəngə vurdum, onun evində qaldım. Bu gün artıq ora getmədim, bura gəldim. Amma burada da növbə gözləyirik. Yenə dünənki qədər deyil, inşallah çatarıq. Çünki bu gün artıq rayona qayıtmalıyam”.

Buradan ayrılıb yaxınlıqda 26 saylı şəhər poliklinikasının qadın məsləhətxanasına da daxil oluruq. İçəri daxil olar-olmaz həkimlərdən biri yaxınlaşıb kimin yanına gəldiyimi soruşdu. Jurnalist olduğumu, icbari tibbi sığorta ilə bağlı maraqlandığımı bildirdim. “Əvvəllər sığorta ilə müraciət edənlər az idi, indi isə çoxdur. İndi bu gün burada xəstə azdır, görürsünüz. Amma səhər saatlarında burada adam əlindən tərpənmək olmur”, deyə həkim bildirdi. Həkimdən ayrılıb, oturacaqlarda həkim növbəsi gözləyən bir neçə pasiyentə yaxınlaşırıq. Həqiqətən də məsləhətxanada olduqca az sayda xəstə görmək mümkün idi. Fürsətdən istifadə edib onlardan icbari tibbi sığorta göndərişi ilə gəlib-gəlmədiklərini soruşuruq. Cavabında isə həkimi əvvəldən tanıdıqlarını və sığorta ilə gəlmədiklərini bildirirlər.

sığortaa.jpeg (166 KB)

Qeyd edək ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə suallarımızı ünvanladıq. Cavab olduğu təqdirdə yayımlayacağıq.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR