İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı cinayətdə suçlandı: 194 min manatın 135 minini... - QOHUMUNDAN ŞOK İFADƏ

2480 02.05.2024 13:38 Kriminal A A

Toyu ilə gündəmə gələn Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun adı 194 min manatlıq mənimsəmə işində hallanır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumu Rəşad Babayevə hökm oxunub.

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb.

İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt “ASAN İmza” ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb. Beləcə qurumun 194 min manatını mənimsəyib.

Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194 min manat məbləğində pul mənimsəyib. 

Rəşad Babayev deyib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ayağına elektron qolbaq bağlanıb. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR