Düşmən başımızı Kəlbəcərdə törətdiyi xain terror aktı ilə qatdı, bu günlərdə o “qan çanağı”nın – Eçmiədzindəki erməni kilsəsinin baş keşişi II Qaregin rahatca Laçın dəhlizindən keçib Qarabağa gəldi. Əslində iki günlük səfər xəbəri əvvəlcədən yayılmışdı, ancaq nədənsə nə bizim dini idarəmiz, nə də rəsmi qurumlarımızdan Qareginə xəbərdarlıq edilmədi.
Bütün ermənilərin katalikosunun bütün fəaliyyəti Qarabağda gərginlik ocağını çatmaqdan ibarət olub. Hətta Şeyxülislamın ona ünvanladığı sülh təşəbbüslərinə də müsbət reaksiya vermədi ötən illərdə. İndi beləsinin Xankəndidə, Xocavənddə nə ölümü var idi? Laçın dəhlizinə nəzarəti həyata keçirən Rusiya sülhməramlıları Qaregini hansı əsasla Azərbaycan torpağına buraxıblar, bəlkə rəsmi Bakıdan icazə almışdı?!
Əgər baş keşiş 44 günlük müharibədən sonra rus hərbçilərin kölgəsinə sığınaraq Qarabağa qayıdan 25-30 min erməninin başına ağıl qoymaq, “adam kimi yaşayın” demək üçün gəlsəydi, yendə də güzəşt etmək olardı. Amma erməni mediasına baxın, Qaregin Qarabağda hərbçilərlə görüşüb, onların başına ağıl qoymaq əvəzinə faktiki olaraq terroru davam etdirmək üçün “hərbçi” qiyafəsində olan terrorçu tör-töküntülərinə dua edib. Daha sonra baş keşiş Qarabağdakı baş terrorçu Araik Arutyunyanla birgə görüşlər keçirdi, əllərini sallayaraq Azərbaycan ərazisində sərbəst dolaşdı. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti nədən belə özbaşınalıqlara şərait yaratdı? Özü də Qaregin Qarabağa məhz Kəlbəcərin Susuzluq kəndində 2 jurnalist həmkarımıza və rəsmi şəxsə qarşı terror aktı törədilən anlarda ölkəmizə qanunsuz olaraq daxil oldu. Təsadüfdürmü?..
![]()
Hələ bu, azmış kimi, Ermənistan milli təhlükəsizıik xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da Laçın dəhlizindən keçərək, Azərbaycan ərazisinə gəlib. “Şərəf duyuram” blokundan baş nazirliyə namizəd olan Vanetsyanın Xankəndidə II Qareginlə bir araya gəldiyi barədə də xəbər var. Bu, nə deməkdir? Nə ixtiyarla Xankəndidə, Xocalıda, Xocavənddə sülənirlər bunlar? Qaregin Xocavənddəki alban məbədinə də gedib. Onların ayağını birdəfəlik kəsməsək, barmaq əvəzinə, biləyimizdən yapışacaqlar. Budur, erməni mətbuatı xəbər yayıb ki, ermənilər Xocalı ərazisində evlər tikirlər. Xocalıda! Heysiyyatımızla oynayırlar!!!
![]()
Azərbaycan dövlətinin başçısı Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyana Qarabağa qanunsuz gəldiyinə görə xəbərdarlıq etmişdi. Ondan sonra Ayvazyan nəinki Qarabağa gələ bildi, hətta postundan da getdi. Demək, növbəti kəskin xəbərdarlığın-iynənin zamanı çatıb...
Yeri gəlmişkən, həm Kəlbəcərdəki terror, həm də Ermənistandan Qarabağa qanunsuz səfərlər Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Bakıya gəlişindən bir gün sonra baş verdi. Rusiya diplomatının qəfil səfərinin təfərrüatı məlum olmadı. Məntiqlə, ermənilər bu səfər zamanı özlərini daha sakit aparmalı idilər. Əksi oldu. Niyə?
Daha bir şübhəli məqam. Nə Rusiya sülhməramlıları Qaregin və Vanetsyanın Xankəndiyə qanunsuz səfərinə reaksiya verib, nə də Kəlbəcərdəki terror aktına. Hətta Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da açıqlamasında bildirib ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış etməlidir. Sitat: “Həmin bəyanatda başsağlığı ifadə olunmalı və rəsmi İrəvandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi, eləcə də erməni diversantların Azərbaycan ərazilərinə göndərilməsinə son qoyulması tələb olunmalıdır”. Rusiya hakimiyyəti öz vətəndaşının səsini eşidəcəkmi?..
![]()
Azərbaycan vətəndaşları terrorun qurbanı olub, amma Moskva susur. Erməninin burnu qanasa, zəng-zəng dalınca gələrdi...Ötən ay Azərbaycan əsgərləri Zəngəzurda sərhəd nöqtələrini dəqiqləşdirəndən dərhal sonra Ermənistandakı rus hərbçilər sərhəddə düzüldülər, hətta İrəvandakı rus səfir Sergey Kopırkin Zəngəzura gəldi, Gorusdakı rus hərbçilərlə görüşdü. Yəni “uşaqlar, möhkəm dayanın!” Yoxsa, səfirin orda nə işi vardı?
Budur, ermənilər təşəkkür edir ruslara, “sakitliyi təmin etdikləri üçün...” Ən qəribəsi budur ki, Qarabağ erməniləri ilə rus sülhməramlıları arasında insident baş verib, erməni mediası xəbəri yayır, Rusiya tərəfi isə məsələni qabartmaqda maraqlı görünmür. Deməli, Rusiyanın Azərbaycana məxsus kənd təsərrüfatı məhsullarına qoyduğu qadağa da təsadüfü deyil, azərbaycanlı gənci heç bir əsas olmadan qətlə yetirən rus polisinin dərhal azad olunması barədə qərarın verilməsi də. Bir neçə il öncə Şəmkir sakini olan azərbaycanlı gənc də Rusiyada terrorçusayağı saxlanılmışdı, ona dəhşətli işgəncələr verilmişdi, nümayişkəranə şəkildə. Azərbaycanın ictimaiyyət nümayəndələri, hətta Rus İcması məsələ ilə bağlı Rusiya rəhbərliyinə müraciət edib, amma nəticə olacaqmı? Bundan əvvəl “İsgəndər-M” raket komplekslərinin Ermənistana verilməsilə bağlı da müraciətə reaksiya verilmədi...Yenə də gözləyək. Əgər Rusiya terrora məruz qalan ölkənin yox, terrorçunun yanında olacaqsa, Qarabağdakı sülhməramlı kontingent öz missiyasının hüdurlarını aşacaqsa, o halda Azərbaycanın da deməyə sözü olacaq.
![]()
Əks təqdirdə gərginliyin yenidən alovlanacağı şübhəsizdir. Çünki Qaregin Qarabağa elə-belə gəlməmişdi. Erməni hərbçinin başını sığallaması çox şeyi deyir. Onun burada basdırdığı minalar daha təhlükəlidir. Nə vaxtsa partlayacaq...






