İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın adamını Bakıya gətirən səbəb - pul, yoxsa...

1656 11.05.2023 14:23 Texnologiya A A

Amerikalı milyarderin “SpaceX” şirkətinin prezidenti ilə müqavilə imzalanıb

Mayın 9-da Bakıda Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, “Azərkosmos” Kosmik Agentliyinin və amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov və Amerika Kosmik Tədqiqat Texnologiyaları Korporasiyasının (“SpaceX”) prezidenti və baş əməliyyat direktoru Qvin Şotvel arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədə əsasən, “Azərkosmos” və “SpaceX” arasında “Starlink” peyk genişzolaqlı internet xidmətlərinin Azərbaycanda təkrar satışına dair razılıq əldə olunub. Xanım Qvini baş nazir Əli Əsədov da qəbul edib.

Artıq Azərbaycanda “Azərkosmos” tərəfindən uğurla sınaqdan keçirilmiş “Starlink” peyk internet xidmətlərindən dəniz, quru, dəmir yolu və digər nəqliyyat xətlərində, ölkənin ucqar rayonlarında yerləşən iş və informasiya mərkəzlərində  istifadə oluna bilər.  “Biz "SpaceX" kimi qlobal texnologiya nəhəngi ilə əməkdaşlıq etməkdən məmnunuq. “Starlink” in internet xidmətləri üzrə tərəfdaşı olaraq biz ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri dəf edərək qabaqcıl peyk texnologiyamızı dənizə və quruya genişləndirəcəyik", - deyə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov görüş zamanı bildirib.

Qvin Şotvel qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sənayenin gələcək inkişafı istiqamətində mühüm addımdır. O, Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresini qlobal səviyyədə mühüm təşəbbüs kimi qiymətləndirib və “SpaceX”in Bakıda keçiriləcək konqresdə iştirak edəcəyini bildirib.

Man who worked with Elon Musk at SpaceX reveals what you need to succeed

Məlumat üçün bildirək ki, Şotvel 2022-ci ildə “Forbes” jurnalı tərəfindən dünyanın 31-ci ən güclü qadını seçilib.

Qeyd edək ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsindən istifadə edərək Yer kürəsinin hər nöqtəsini peyk interneti ilə təmin etməkdir. Şirkət 2018-ci ildə peykləri orbitə çıxarmağa başlayıb və indiyədək 4000-dən çox peyk buraxıb. ABŞ istehsalı olan bu kiçik peyklərin çəkisi 230-260 kq, xidmət müddəti 7 ildir. “Starlink” peyk şəbəkəsindəki peyklər Yer səthindən 540-570 km yüksəkliyə qalxır ki, bu da aşağı orbit hesab olunur.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu gün “Azərkosmos”la “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb: “İlon Maskın oktyabrda Bakıya gəlişi reallaşmaq üzrədir. Müqaviləyə əsasən, "Azərkosmos" və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” peyk internet xidmətinin Azərbaycanda satışı üzrə razılıq əldə olunub. Xeyli müddət olardı ki, Azərbaycan ərazisi də “Starlink” peyklərinin əhatə dairəsinə daxil olmuşdu. “Starlink” internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq. Xatırladım ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi".

Osman Gündüz: “Ümid edirəm ki, qərar qəbul edənlərimiz düşmən ölkənin  statistikasını izləyir” » Reyting.az

Osman Gündüz

Ekspert əlavə edib ki, istənilən halda, alternativ bir internet xidməti olaraq “Starlink”in ölkəmizə gəlişi yetərincə faydalıdır: “Düşünmək olar ki, "Azərkosmos" bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də “SpaceX” vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub. Daha öncə də “Azərkosmos” rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Beləliklə də Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və “SpaceX” şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar. Fikrimcə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından “SpaceX” şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir. Beləliklə, bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu. Hazırda 150-dən çox provayder Azərbaycan internet məkanında xidmət göstərir. Eyni zamanda qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar. Peykimizin orbitə qaldırılması ilə bağlı “SpaceX” ilə anlaşmaların elə konqres çərçivəsində imzalanması da gözləniləndir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR