İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu Çakır ola bilmədi

4063 19.05.2023 03:48 Yazarlar A A

Ərdoğan 28 mayda AKP-ni sonuncu dəfə qələbəyə (və hakimiyyətə) götürəcək, amma bundan sonrası o partiya üçün düşündürücü, bəlkə də müəmmadır...

Əkrəm İmamoğlunun 2019-cu ilin martında İstanbul böyük şəhər bələdiyyəsinə başqan seçilməsinin əsas səbəbi o idi ki, AKP gənc, enerjili və ambisiyalı bir namizədi qarşısına yorğun və yaşlı Binəli Yıldırımı çıxarmışdı. Binəli Yıldırım köhnə kişilərdəndir, Azərbaycan sevdalısıdır, dinc adamdır və onun İmamoğlu kimi üstün keyfiyyətli biri ilə yarışdan qalib çıxması mümkünsüz iş idi. Yadımdadır ki, Binəli Yıldırım özünün qalib gəldiyini elan edəndə də o qədər sıxılmışdı ki, bu “qələbəyə” özünün inandığına belə hamıda şübhə yaranmışdı…

İmamoğlu bələdiyyə işində təsadüfi adam deyildi, bundan əvvəl İstanbulun Bəylükdüzündə təcrübə qazanmışdı. Xarici media da onu Türkiyənin yeni siyasi lideri, ulduzu hesab edirdi. Səslərin yenidən sayılması belə İmamoğlunun “İstanbul səfiri” olmasına əngəl ola bilmədi. İmamoğlu gec də olsa, seçici səsi ilə qazandığı mazbatasını(vəsiqəsini) aldı, görəvinə başladı. İstanbul bələdiyyə başqanı məsələn, məşhur “Qurdlar Vadisi” dizisinin qəhrəmanı Çakır kimi özü istədiyi kimi hökm verə bilməzdi. Çünki bələdiyyə məclisi də var ki, orada da üstünlük AKP-də qalmışdı. Eyni vəziyyət Ankarada da bələdiyyə kürsüsünə sahibənmiş CHP-li Mənsur Yavaşla da bağlı yaranmışdı. İndi dinclikdir, əvvəlki aylarda həm İmamoğlu, həm Yavaş bələdiyyədə hansısa qərarı keçirməkdə çətinlik çəkirdilər, məclisdə bir-birlərinin üstünə yeriyirdilər…

Şəxsi qənaətimə görə, İmamoğlu İstanbul bələdiyyəsində siyasi lider kimi cəlbediciliyini itirdi, çılızlaşdı bir az, məmur qılafına uyğunlaşdı. Yəqin ki, rüvşət almır, yoxsa damlayardılar çoxdan. Amma məncə, əvvəlki keyfiyyətdə, xarizmada qalmayıb. İqtidarla əlbəttə ki, qaynayıb-qarışmadı, Əroğan da bu illərdə onunla məsafəli davrandı, bir dəfə tərifləmədi, həmişə tənqid etdi. İmamoğlunun bələdiyyə sədri kimi İstanbulda fövqəladə işlər görmədiyi deyilir, çünki necə deyərlər, bu nəhəng şəhərdə “dəvədən böyük fil də” var- AKP-nin adamı vali Əli Yerlikaya. O, İmamoğludan bir neçə ay əvvəl, 2018-ci ildə valiliyə gətirilib.

ekrem-imamoglu-SaCK_cover.jpg (128 KB)

İmamoğlunun son seçkilərdəki hərəkəti ona yaraşmadı. (2003 seçkilərində tərəfdarları Müsavatın qarşısında İsa Qəmbərin qalibiyyəti də belə elan edilmişdi). Sən necə demokratsan ki, seçki qutuları açılandan dəqiqələr sonra öz liderini 13-cü cümhurbaşqanı elan edirsən? Bu bəlkə də düşünülmüş taktika idi, Kılçdaroğlunu zərbə altına qoymaq üçün bunu etdi. Kılçdaroğlu ikinci turda uduzsa, onun başqanlıqda qalması çətin olacaq. Kılıçdaroğlu (yenə həmin dizi, yenə başqa bir qəhrəman) Kılıç kimi daima əsas kreslonun birində ölənədək otura bilməz. Deyilənə görə, İmamoğlu indidən partiya başqanlığına əsas namizəddir, hər halda, özünü bu görəvdə görməsində təəccüblü heç nə yoxdur. Ola bilsin, onun başqanlığı dönəmində CHP-də ciddi dəyişiklik olsun, partiyanın iqtidara yolu açılsın. 

tia_3d0b66f19d9b66fd513d37194a20110d_3seo69nawym1j5rx7bph.jpg (42 KB)

Onun bu seçkidə müxalifətin vahid namizədi olması çox dartışıldı, Meral Akşenər bunu daha çox istəyirdi. Amma İmamoğlu həm də ağıllı olduğunu göstərdi, özünü aradan çıxardı. Çünki o namizəd olsa belə, seçkini birinci turda qazanması çətin olacaqdı. İmamoğlunun Binəli Yıldırma qalib gəlməsi başqa, Ərdoğana uduzması başqa vaqeə olardı. Ona görə İmamoğlu namizəd olmayacağı əvvəldən görsənirdi.
Ərdoğana İmamoğlu şəxsində bir rəqib yetişdiyi haqda ilk dəfə elə İstanbul seçkilərində danışılmağa başlamışdı. AKP gərək idi ki, o zamandan başlayaraq partiya vitrininə əl gəzdirəydi. Ərdoğan güclü lider və natiqdir. Sinədəftərdir, yeri gələndə üsyankar şair, filosof, adil hökm verəndir, yeri gələndə isə sərt və acıdildir. Amma Ərdoğan daha İstanbula rəhbərlik etdiyi yaşda deyil. Baxırsan, Ərdoğandan başqa ortada heç kim yoxdur. Bu qədər təşkilatlanmış, oturuşmuş bir partiyada Ərdoğanın layiqli bir davamçısı varmı? Olması lazım idi, amma yoxdur! “Bəlkə Ərdoğan özü imkan vermir” deyə, düşünmək də olar. İnandırıcı deyil. Türkiyədə partiyada liderlik ənənəsi bizə bənzəməz. Heç kim partiyasını götürüb istirahətə çəkilmir, çəkilə bilməz. Bu partiya Ərdoğan fəal siyasətdən çəkildikdən sonra yaşamalıdırsa, ona mütləq ki, perspektivli lider lazımdır. Həm də elə indi ortada olması gərəkirdi. Xalq Ərdoğana həm də gələcək varisi-liderinə görə səs verməli idi. 

1678958669_kapak_125037.jpg (32 KB)

Bu seçki göstərdi ki, AKP yeni lider, varis işində çox ləngiyib. Düzdür, Ərdoğandan sonra partiyaya liderlik edə biləcək keyfiyyətdə kadrlar olduğu deyilir. Məndən soruşsanız, Azərbaycanın böyük dostları Çavuşoğlu və Akarın adını çəkirdim. Süleyman Soylunun da adı çəkilir ara-sıra. Onun PKK-nın kökünü kəsməkdə xidmətləri danılmazdır, odlu-alovlu çıxışları da sevir, siyasi lider isə fərqli keyfiyyətlər də istəyir…

1607411018908-akp.jpg (302 KB)

Ərdoğan bu işi 28 mayda da bacaracaq, Türkiyəni (və AKP-ni) yəqin ki, yaşı səbəbindən sonuncu dəfə qələbəyə (və hakimiyyətə) götürəcək, amma AKP üçün bundan sonrası düşündürücü, bəlkə də müəmmadır...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR