İranda kütləvi iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin daha iki əməkdaşı həlak olub. Musavat.com xəbər verir ki, İran dövlət teleradio şirkətinin yaydığı məlumata görə, hadisə Tehranın cənubunda yerləşən Qum şəhərində baş verib.
Rəsmi məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi iğtişaşlar zamanı “silahlı terrorçular” tərəfindən öldürülüb. Dövlət mediası iğtişaşlarda iştirak edən şəxsləri “silahlı qruplaşmalar” kimi təqdim edir.
Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 29-da Tehranda başlayıb. Buna səbəb İran rialının kəskin dəyər itirməsi olub. İlk mərhələdə etirazlara əsasən ticarətçilər qatılıb, dekabrın 30-da isə tələbələr də aksiyalara qoşulub. Qısa müddət ərzində iğtişaşlar ölkənin əksər böyük şəhərlərinə yayılıb.
Tehran meri Əlirza Zakani bildirib ki, paytaxtda baş verən qarşıdurmalar zamanı 25 məscid yandırılıb, 26 bank, 3 tibb mərkəzi, 10 dövlət qurumu zərər görüb. Eyni zamanda 48 yanğınsöndürən maşını, 42 avtobus və təcili tibbi yardım avtomobili, eləcə də 24 mənzilə ciddi ziyan dəyib.
İran hakimiyyəti baş verən iğtişaşlara görə məsuliyyəti “terrorçu qrupların” üzərinə qoyub və hadisələrin təşkilində İsrail və ABŞ-ın rolunun olduğunu iddia edib.
Elşən Məmmədəliyev,
Musavat.com






