İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan daha bir xəyanət- erməni terroristlərini müalicə edən molla rejiminin əsl məqsədi

1022 27.02.2023 19:05 Yazarlar A A

İran yenə də Ermənistana yardım etməyə davam edir. Ancaq bu dəfə daha heç nəyi gizlətmir. Əvvəllər gizlin formada etdiklərini indi açıq-aşkar, elanını verərək edir.

İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bildirib ki,  İran ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır.

İranlı nazir etiraf edib ki, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. Seyid Sultan Mortazavi qonşu dövlətlərlə, xüsusən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu gizlətməyib.

“Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət veririk. Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”, - deyə Mortazavi bildirib.

Ermənistana yardım edən, buna müxtəlif diplomatik don geyindirən İran eyni mövzuda Azərbaycana qarşı nə üçün addım atmır? Bundan onu hansı qərəzi çəkindirir?

Onu da qeyd edək ki, Azərbaycanda 2972 şəhid ailəsi, 12 721 qazi var. İkinci Qarabağ müharibəsi ərəfəsində və müharibədən sonra nədənsə qonşumuz, dinimizin bir, əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğu İrandan bu istiqamətdə yardım görmədik. Minlərlə yaralımız üçün İran heç bir köməklik etmədi. Nədənsə o zaman nazirin indi dediyi kimi “ən yaxşı təcrübələri bölüşmək” istəyi ağıla gəlmədi.

Əksinə, müharibə dövründə İran Ermənistana gizli yolla gücü çatdığı qədər yardım göstərdi, silah verdi. Ona görə də şəhidlərimizin qanına dolayısı ilə İranın da əli batıb. Çünki iddialar var ki, molla rejimi Ermənistana pulsuz silah da verib.  

Bunu həmin ərəfələrdə təkzib etsələr də, sonradan ortaya çıxan faktlardan məlum oldu ki, İran hətta sərhədimizə ordu da yeritməyə hazırlaşıb.

Durum təəssüfedicidir. Ən azından ona görə ki, bir müsəlman ölkəsi müsəlman qardaşının yanında deyil, Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən erməninin yanındadır.

Ötən aylarda Ermənistan mətbuatında yazılan bir yazı diqqət çəkdi. Ermənistan mətbuatı yazırdı ki, 44 günlük müharibənin başlaması rəsmi Tehran üçün tamamilə gözlənilməz olub.  İran hakimiyyəti Azərbaycan Ordusunun qalibiyyətli hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışıb.

Tanınmış erməni politoloq Stepan Danielyan bununla bağlı demişdi ki, Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı İranın Ermənistan hökumətinə təkliflərini öyrənsə, şoka düşəcək. 

İranı bu cür kin-küdurəti Azərbaycanın müstəqillik əldə etməsindən sonra başlayıb.

İndi də İranda hər gün iğtişaşlar, molla rejiminə qarşı etiraz aksiyaları keçirilir. Ən qəribəsi odur ki, molla rejimi bunun da səbəbini Azərbaycanda, 40 milyondan çox soydaşlarımızda görür. Halbuki öz yarıtmaz, insan haqlarını tapdalayan siyasətinə nəzər salmır. Özünü düzəltmək yerinə günahı başqasında axtarır, hər zaman maşa olan Ermənistana da yardım əlini çəkmir. Guya bununla Azərbaycana nə isə edəcəyini düşünür. Əslində isə bununla İran sadəcə özü-özünü pis vəziyyətə salır.

1990-cı illərdə də belə olub. Məsələn, Naxçıvan blokadasını 53 ölkə pislədiyi halda İran pisləməyib, halbuki Naxçıvan əhalisi həmin dövrlərdə həqiqətən çıxılmaz vəziyyətdə idi. Üstəlik, ərazi baxımdan da İranın yanında yerləşir, əhalisi də İslam dinini daşıyırdı...

Çox uzaq tarixə getməyək. Elə ötən ay Azərbaycan səfirliyinə qarşı SEPAH agentinin etdiyi xain hücum hər birimizin xatirindədir. Həmin zaman səfirliyi qorumalı olan İran polisinin terrorçunu görməzdən gəlməsi, içəridə silah səsinə reaksiya verməməsi, qapını sındıran, avtomatla içəri hücum edən adamı dayandırmağa cəhd belə etməməsi İranın necə kirli siyasət apardığının, qərəz dolu yanaşmasının göstəricisidir. Bu hücumdan sonra əksər ölkələr İranı qınayan bəyanat yaydılar. İranın bu kimi siyasətinin nəticəsidir ki, molla rejimi dünyanın supergücləri tərəfindən sanksiyalara məruz qalır. Nəticədə isə əziyyəti İrandakı xalq çəkir, haqlı etirazını edirlər.

Görünən budur ki, elə bu etirazlar da İranın molla rejiminin sonunu gətirəcək.
İran Ermənistanla müttəfiq dövlətdir. Bu müttəfiqlik isə molla rejiminə daha çox Azərbaycana, azərbaycanlılara olan nifrətini nümayiş etdirmək üçün lazımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR