İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bununla bağlı Laricani X hesabında türk dilində paylaşım edib. O, Hakan Fidana xitabən “Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm” yazıb.
Yayılan rəsmi xəbərdə isə bildirilib ki, tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İranın Türkiyəyə işi düşüb? İndiki vəziyyətində Türkiyə İran üçün həyati əhəmiyyət daşıyan ölkə sayıla bilərmi?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, İranla Türkiyə tarixən rəqabətdə olub, İslam İnqilabından sonra isə bu rəqabət daha da kəskinləşib, lakin hazırda İranın üzləşdiyi vəziyyət Türkiyə ilə “qardaş” olmağı tələb edir:
“12 günlük müharibədə İsrail İranın nüvə və raket proqramlarına ağır zərbələr endirdi. Eyni zamanda Bəşər Əsədin devrilməsi ilə İran Suriyadan çıxarıldı. Həmçinin beynəlxalq sanksiyalar bərpa edildi.
Göründüyü kimi, Tehran həm daxili, həm də xarici basqılar altındadır. İqtisadiyyatı ağır duruma düşməkdədir. Ciddi sosial və siyasi gərginlik var. Teokratik rejim mövcud böhrandan çıxmağın yollarını axtarır. Üstəlik, İsrailin hücum təhlükəsi qalmaqdadır.
Türkiyəni də İranla əməkdaşlığı genişləndirməyə vadar edən bu və digər səbəblər var. Bu, ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlıdır. Tehran isə anlayır ki, Türkiyə ilə rəqabətlə deyil, əməkdaşlıq şəraitində artan problem və təhdidləri dəf etmək mümkündür.
İran hakimiyyətindəki mühafizəkar qanadın parlaq fiqurlarından olan Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İranda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşündə diplomatik jestləri, türk dilində ona ünvanladığı yazı da təsadüfi deyil”.
Siyasi ekspert hesab edir ki, İranla Türkiyə arasında koordinasiyalı fəaliyyət, əlaqələrin genişləndirilməsi regional və beynəlxalq məsələlərdə öz müsbət nəticələrini daha uğurlu verə bilər:
“Dünyadakı proseslərin dinamik və gözlənilməz inkişafı gücün hegemonluq etdiyi indiki dönəmdə təhlükəsizliyi və maraqları qorumağın ən optimal yolu birgə əməkdaşlıqdan keçir. İranın mühafizəkar dairələri də artıq bunu dərk etməkdədir”.
Etibar Seyidağa,
Musavat.com






