İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Kremlə qarşı hiyləgər plan qurub: Qafqaz sülh prosesi Rusiya hərbi bazalarına qarşı yönəldilir

2141 19.02.2024 18:01 Analitika A A

Paşinyan hakimiyyəti Rusiya ilə mövcud ziddiyyətləri daha da dərinləşdirmək niyyətini artıq qətiyyən gizlətmir, qarşıdurma açıq müstəviyə keçirilir... Rus təhlilçilər Ermənistanın hansı məsələlərdə Rusiya ilə hərbi müttəfiq olduğunu araşdırmağa məcbur qalıblar və rəsmi İrəvanın bunu yaınız Azərbaycana qarşı ortaq düşmənçilik variantı üçün keçərli saydığı qənaətinə gəliblər...

Rusiyanın Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləməkdə davam edir. Üstəlik, bu reallığı Kremldə də qəbul etməyə başlayıblar. Hər halda, Kreml Rusiyanın Cənubi Qafqazdakı əsas probleminin üzərinə getməyə çalışır. Son vaxtlar Rusiya siyasi dairələrinin Ermənistana yönəlik ittihamları və qınaqları bunu deməyə tamamilə əsas verir. Və bu baxımdan, Rusiya-Ermənistan ziddiyyətləri artıq açıq müstəviyə keçirilmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Ermənistana yönəlik ittihamlarını ifadə edən rəsmi şəxslərin sırasına daha yüksək rütbəli dövlət məmurlarının da qatılmaqda olduğu müşahidə edilir. Belə ki, son vaxtlara qədər rəsmi İrəvanı daha çox Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova qınayırdı, Paşinyan hakimiyyətinin Kremlə yönəlik iddialarını təkzib edirdi. Buna misal olaraq, Mariya Zaxarovanın Azərbaycanın Qarabağ iqtisadi regionunda ermənilərə qarşı etnik təmizləmə olması barədə iddialara münasibətdə faktları təqdiməyə çağırmasını göstərmək olar. Çünki o, dərhal da ermənilərin Qarabağı heç bir zorakılıqla üzləşmədən könüllü şəkildə tərk etdiyini vurğulamışdı.

modern.az_Rusiya_Ermenistan_606.jpg (29 KB)

Son vaxtlarsa, Paşinyan hakimiyyətinə qarşı ittihamlara artıq yalnız Mariya Zaxarova deyil, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavinləri ilə yanaşı, Dövlət Dumasının rəhbərliyinə daxil olan siyasətçilər də müəlliflik edir. Hətta son günlər bu prosesə Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev də qatılıb. O, bildirib ki,  ABŞ və Qərb məqsədyönlü şəkildə Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə çalışır. Və Rusiya ilə qarşıdurmada üstünlük qazanmaq məqsədilə, Azərbaycan-Ermənistan sülh prosesini pozur, Cənubi Qafqazda yeni müharibənin törədilməsinə cəhd göstərir.

Təbii ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev bu açıqlamasına birmənalı şəkildə məhz Ermənistanı hədəfə alıb. Hər halda, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaza məhz Ermənistan üzərindən yerləşməyə çalışdığı və rəsmi İrəvanın da bu məsələdə Rusiyanın düşmənlərinə dəstək olduğu heç kimə sirr deyil. Üstəlik, Paşinyan hakimiyyətinin son bir neçə il ərazində yürütdüyü xarici siyasət birmənalı şəkildə Rusiyanın maraqlarını hədəfə alıb. Və Kreml bütün cəhdlərinə baxmayaraq, rəsmi İrəvanı Rusiya əleyhinə davranışlarının qarşısını almaqda çətinlik çəkir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Rusiya ilə mövcud ziddiyyətləri daha da dərinləşdirmək niyyətini də qətiyyən gizlətmir. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında verdiyi bəzi açıqlamalar Kremli qıcıqlandıra biləcək məzmun daşıyır. Xüsusilə də, erməni baş nazirin “Ermənistan Ukrayna savaşına münasibətdə Rusiya ilə müttəfiq deyil” deməsi Rusiya siyasi dairələrində çaşqınlıq yaradıb. Və indi Kremlə yaxın rus siyasi təhlilçilər Ermənistanın hansı məsələlərdə Rusiya ilə müttəfiq olduğunu araşdırmaq məcburiyyətində qalıblar.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Rus təhlilçilərin gəldiyi əsas qənaət ondan ibarətdir ki, Paşinyan hakimiyyəti üçün Rusiya-Ermənistan müttəfiqliyi yalnız Azərbaycana qarşı ortaq hərbi əməliyyatlar baxımından, keçərli sayılır. Kreml isə hazırda Azərbaycanla qarşıdurma deyil, əksinə regional tərəfdaşlıq münasibətlərinə üstünlük verir. Yəni, Rusiya Ermənistan ucbatından Azərbaycanla münasibətlərini korlamaq niyyətindən uzaqdır. Və bu, o deməkdir ki, əslində, Rusiya-Ermənistan müttəfqiliyi mövcud deyil.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışır. Rəsmi İrəvanın bu hədəfə nail olması ilk növbədə ABŞ və Qərbin tələbləri ilə birbaşa bağlıdır. Paşinyan hakimiyyətinin Qərbdən dəstək almasında bu tələblərin hansı səviyyədə icra edilməsi həlledici şərt hesab olunur. Və bu səbəbdən də rəsmi İrəvan Rusiya ilə əlaqələrin kəsilməsi üçün əlindən gələn hər şeyi etməyə çalışır.

Ermənistanın prezident Vladimir Putin barəsində həbs qərarı çıxartmış Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasından son Ermənistanın “qapısı” Kreml sahibinin üzünə bağlanmış kimi görünür. Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistanın Rusiyanın patronajlığı altında olan MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-dan çıxmasını əsas siyasi hədəfləri sırasına daxil edib. Rusiya ilə hərbi müttəfiqlik sazişini pozmaq niyyətində olan rəsmi İrəvan bu hədəflərini artıq qətiyyən gizlətmir. Və bunu mümkün qədər qabarıq şəkildə gündəmə gətirməklə, Qərbin diqqətini çəkməyə can atır.

12323.jpg (861 KB)

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan hətta Cənubi Qafqazdakı sülh prosesindən belə, Rusiyaya qarşı istifadə etməyə çalışır. Belə ki, rəsmi Bakı yekun sülh sazişinin imzalanmasından əvvəl Ermənistanın konstitusiyanın dəyişdirilməsində və Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müddəaların ləğv olunmasında israrlı mövqe tutur. Və bəzi məlumatlara görə, rəsmi İrəvan Ermənistan konstitusiyasının dəyişdirilməsinin qaçılmazlığı ilə artıq barışıb.

Eyni zamanda, iddia olunur ki, Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasında xarici ölkələrin hərbi bazaları ilə bağlı da müəyyən dəyişikliklər barədə düşünməyə başlayıb. Belə ki, yeni konstitusiyada Ermənistan ərazisində xarici ölkələrin qalıcı bazalarının yerləşdirilməsinin qadağan olunması nəzərdə tutulub. Və bu qadağanın əsas hədəfinin məhz Rusiya olduğu isə qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, rəsmi İrəvan hər halda, Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxartmaq niyyətində israrlı davranmağa hazırlaşır. Halbuki, iki ölkə arasında mövcud olan sazişə görə, Rusiya hərbi bazaları 2049-cu ilə qədər Ermənistan ərazisində qalmalıdır. Rəsmi İrəvanın bu barədə təktərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. ABŞ və Qərbin bu barədə tələbləri sərtləşdiyindən rəsmi İrəvan Rusiya hərbi bazaları ilə bağlı məsələnin fərqli hüquqi həll yollarını axtarır. Və Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasında uyğun dəyişikliyin edilməsini bu baxımdan, variantlardan biri kimi görür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR