İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın sayrışan işıqları, Çaldıran düzündəki niskil və şükranlıq, Van qalasındakı vandallığın izləri FOTO VİDEO

3030 23.10.2023 10:12 Reportaj A A

Səhərin alatoranı…İğdır camilərindən ucalan azan səsi sübhün rənginə rəng qatır. Azca çiskin var, hava şehləyir. Böyük Ağrı dağının ətəyinə doğru qalxırıq. Van yolçuluğundayıq.

YOLA.jpeg (353 KB)

Və...Şəxsən mənimçün bir ilk: solda Türk yurdu, əsrin əsiri İrəvanın işıqları sayrışır. Təsirli mənzərədir. Bir anda mikroavtobusdakı yol yoldaşlarımızın nəzərləri eyni səmtə dikilir. Telefonlar işə salınır, hər kəs İrəvan xanının ruhunun dolaşdığı ünvandan əl uzatsaq yetəcək qədər, amma əlimiz hələ ki, yetməyən ünvandan kadrlar götürməyə tələsir. İğdır Azərbaycan Evinin rəhbəri, Qərbi Azərbaycan kökənli Ziya Zakir Acar bəyin sükutu hər şeyi deyir, neçə illərdir Arazın bu tayından o tayına, babalarının nigaran məzarları qalmış ünvana sarı baxa-baxa qalıb. Düzdür, vaxtilə Türkiyə heyətinin tərkibində İrəvan daxil, bir sıra məkanlarda olub, doya-doya tamaşa eləmək istəyib, amma sonu ayrılıq olub və uzun illərdir həsrətdir o yerlərə...

Azərbaycandan getmiş Beynəlxalq Qarabağ Təşkilatının təmsilçiləri də duyğulanıblar, axı, İrəvan Azərbaycandır, Türk yurdudur, başqa necə ola bilər?..Heyətimizin üzvü Şamil bəy o məqamda sükutu pozan və yerinə düşən söz deyir: “Şuşadan da Xankəndi belə görünür…” Əla bənzətmədir. Bu, həm də o inamı aşılayır ki, günün birində İrəvana da Xankəndiyə endiyimiz, getdiyimiz, qalxdığımız kimi gedəcəyik, inşallah! Yolu dolanana qədər İrəvan xanlığının mərkəzinə sarı boylanırıq, bir gün qayıtmaq ümidi-diləyi ilə…

Bu dəfə Ağrıdan üzüaşağı enirik. Bizi Doğu Bəyazidin sayrışan işıqları qarşılayır… Bəyazidin o tərəfində də İran sərhədi…Əslində, cənub elləri, Maku tərəflər… Sərhəd bölgəsi olduğuna görə, jandarma postları qurulub, yoxlama var, məram-məqsədimizi bildikdən sonra bizə sadəcə yaxşı yol arzulayır türk qardaşlarımı.

Sol hissədə, uzaqda təpələrin üzərində tək-tək işıqlar canavar gözünə bənzəyir. İranla sərhəd boyunca yanır bu işıqlar. Təpələr boyunca düzülüblər...Yağmur getdikcə şiddətlənir. Gecədən başlayan sısqa yağış üzü Çaldırana qalxdıqca güclənir. Duman da sıxlaşır. Maşın sürmək də çətinləşir. Amma sürücü qardaşımız pozitivliyini qəti şəkildə pozmur...

Qarşılaşdığımız lövhə ürəyimizə tikan kimi sancılır: “Çaldıran- 47 km”. Van şəhərinə 150 km qalıb. Çobanduran aşırımından keçirik. Buraların qışı çox sərt keçir... Aşırımı qalxırıq. Vulkanik qayalıqların içərisi ilə möhtəşəm yol uzanır. Türkiyənin böyüklüyü ürəyimizi riqqətə gətirir, həm də ən ucqarlara qədər ən müasir standartlara cavab verən abad yollarına görə...

Ətrafda qara daşlar, torpaq sanki rənglənib. Buralar vulkanlar məskənidir, lava qalıqları qara daşa çevrilib, ətraf ərazilərə əzəmətli görüntü bəxş edib. Lavaların arasındakı boşluqda əkin sahələri də gözə dəyir. Zəhmətkeş insanlar qoruduqları, uğrunda canlarını əsirgəmədikləri Vətən torpağını əkib-becərirlər...

İkinci jandarm postunu keçirik. Qorxunc lava qatının döşündəki evlər, yaşayış məntəqələri açığı, çox heyrətləndirir. Burada insanlar vulkanla lap “qaynayıb-qarışıblar”.

CALDİRAN.jpeg (177 KB)

Bu da Çaldıran! Heç şübhəsiz, hansısa üçüncü qüvvənin, məkrli düşmənin araya nifaq salması nəticəsində böyük Türkün birliyinə zamanında vurulan zərbənin ünvanı...1514-cü ilin 23 avqustunda Çaldıran düzündə Səfəvilər və Osmanlı imperiyaları arasında qardaş qanı töküldü... Yağışın şiddətlənməsi belə bizim qərarımızı dəyişmir, bu məkanda dayanırıq, maşından enirik. Çaldıran torpağında ehtiyatla addımlayırıq, qardaş qanı ilə suvarılmış məkanda...Şəhidlərimizin ruhuna dua oxuyuruq. Yağmurun altında sanki qulaqlarımıza qılıncların toqquşmasının səsi-sədası gəlir. Bu ünvan nələrə şahidlik edib, ilahi! Çaldıran döyüşündə Osmanlı qalib gəlsə də, əslində hər iki tərəf uduzmuşdu, bunu sonradan hər iki qardaş etiraf etdi...Sultan Səlim və Şah İsmayıl Xətaini üz-üzə qoymağı bacaran məkrli düşməni lənətləyirik...Babalarımızın ya vəlvələdən, ya zəlzələdən etdiyi səhvlərin keçmişdə qalması diləyilə, Türkiyə və Azərbaycan heyəti olaraq birlik, bərabərlik rəmzi olana fotolar çəkdiririk. Həm də bu günümüzə, birliyimizə, bərabərliyimizə, “Bir millət, iki dövlət” olmağımıza, üstəlik, Turan dünyasının qurulması uğrunda möhtəşəm nəticələrə görə Yaradana şükürlər edirik.

Bu da Van gölü. Möhtəşəm mənzərə açılır yolumuzun sağ sahilində.

Duzlu gölün füsunkar mənzərəsini seyr edə-edə Van şəhərinə yetişirik. Göl də bizə yoldaşlıq edir. Gözəl məkandır. Yuxarıda Van qalası, minarəli məscidlər, aşağı tərəfdə Van gölü, yaraşıqlı evlər, təmiz küçələr, digər tərəfdə Van zəlzələsindən zərər çəkənlər üçün tikilmiş yaşayış binaları...Qız qalasına qalxırıq. Ecazkar mənzərə açılır buradan, şəhər də, göl də ayaq altında qalır. Başımızın üstündə Qəzza müsibətinə görə yarıyadək endirilmiş Türkiyə bayrağı... Hər zaman ucalarda olsun!

Yaşının 600 min ilə çatdığı bildirilən Van gölü Bitlis eli dərhədləri içərisində olan Nemrut vulkan dağının partlaması nəticəsində yaranmış vulkanik göldür. Türkiyənin şərqində yerləşir. Gölün sahəsi 3713 km2, həcmi 576 m3-dur. Dəniz səviyyəsindən 1646 metr yükdəklikdə yerləşir. Van gölü, həm şirin su həm də dəniz ekosistemlərindən fərqlı bir ekosistemə malikdir. Suları duzlu və sodalıdır. Gölün ortalama dərinliyi 171 m, ən dərin yeri 451 metrdir. Sahil xəttinin uzunluğu isə 430 km-dir.

Gölün şərq hissəsində 4 ada var. Bunlar Akdamar, Çarpanaq, Adır ve Quş adalarıdır. Akdamar gölünü ermənilər “özününküləşdirmək” üçün hətta əfsanə da uydurublar, guya türk oğlan Tamara adlı ermənini sevib, atası bu izdivaca qarşı çıxıb. Oğlan da “ah Tamara” deyərək adada olan Tamaraya doğru üzürmüş, daha nələr…

İllər öncə İrəvandan Vana açılan birbaşa təyyarə reysindən düşən ermənilərin torpağı öpərək “Ermənistan torpağına” gəldikləri barədə sərsəmləmələrini də unutmamışıq. Elə burdaca xatırlayırıq. Akdamardakı qədim dini abidənin erməniləşdirilməsi məqsədilə erməni xaçını divara pərçim etdikləri də olub…Səfərimiz zamanı bir Ermənistan ermənisi rastımıza çıxır, danışırıq, müsahibə edirik. (Bu barədə başqa yazıda-E.P.)

BAYRAQ TURKİYE.jpeg (261 KB)

Van qalasının qoşa qapısından içəri keçirik. Əski Vanın yerləşdiyi ünvandır bura. Van Kürəsinlilər Dərnəyinin başqan yardımçısı, əslən azərbaycanlı Alper Aydemir qardaşımız danışır ki, vaxtilə dağın o üzündə ermənilər, bu üzündə türklər yaşayıblar, qonşu olaraq. Amma ötən əsrin əvvəllərində ermənilər hər zamankı kimi xəyanət ediblər. Onlar qəfil basqın edərək Van qalasındakı minlərlə türkü qılıncdan keçiriblər, camiləri yandırıblar, qalanı darmadağın ediblər. Yandırılmış camilərdən biri son illərdə bərpa edilib. Bu məkan turistlərin ən çox axışdığı ünvandır, baxdıqca doymaq olmur.

Van özünün qeyri-adi pişikləri ilə də məşhurdur.

PİSİK.jpeg (225 KB)

Gözlərinin rənglərinin fərqinə görə seçilir bu pişiklər, heyrətamizdir, gözün biri digərindən fərqlidir bu dümağ qeyri-adilərin. Pişiklərə baxmaq üçün gələnlər bilet alıb içəri keçir, onlarla oynamaq şansı qazanırlar. Vanın rəmzlərindən birinə çevrilib bu kedi-pişiklər…

PİSİK SON.jpeg (118 KB)

Iğdır Azərbaycan Evinin və Beynəlxalq Qarabağ Təşkilatının birgə təşkilatçılığı ilə Vanın mərkəzindəki gözəl məkanda, professor Çengiz Andiç Mədəniyyət Mərkəzində Zəngəzurun dünəni, bu günü mövzusunda yüksək səviyyədə konfrans keçirildikdən sonra Van mətbəxinin ləziz yeməklərinə qonaq oluruq. Yağış yenidən şiddətlənir, axşam düşür, qayıtmaq vaxtıdır. Qonaqpərvər qardaşlarımız təkid etsələr də... Van Kürəsinlilər Dərnəyinin başqanı Bilal Yücebaş və onun rəhbərlik etdiyi heyət az qalır ki, ürəyini çıxarıb versin qonaqlarına. Bu istiqanlılıq, bu yüksək ehtiram ən gözəl sözlərə layiqdir. Amma daha artıq qala bilmirik, qarşıda bizi çətin relyef şəraitində 3 saatlıq – 250 km-lik yolçuluq gözləyir...

YOLCULUQ.jpeg (415 KB)

Van dağlarının başından duman çəkiləndə artıq zirvələrin qara büründüyünü görürük. Yolda baş vermiş avtomobil qəzası səbəbindən TIR maşınlarının karvanının arxasında yarım saatadək gözləməli oluruq. Yükdaşımalarla əlaqədar intensiv hərəkətin mövcud olduğu yolda belə qəzalar çox olur. Şükür, salamatlıq idi...İğdıra yetişəndə Vanın yüksəkliklərdəki yaşayış məntəqələrinin də qar altında qalacağı barədə telekanallardakı reportajları izləhyəcəyik...Şiddətli yağış Ağrının ətəyinə endikcə səngiyir. Bu dəfə də İrəvan şəhərinin işıqlarına doyunca tamaşa edirik, maşından enib, şəkillər çəkirik. İnşallah günün birində qovuşmaq ümidi ilə...

Elşad Paşasoy,
Türkiyə, İğdır-Van

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR